Bayram süfrəsi: Bunlara diqqət edin!

"Azərbaycan mətbəxində sağlam olmayan bir yemək yoxdur. Çünki kulinariyamız tam olaraq formalaşıb".                                                                                                
Bu sözləri "Sherg.az"a açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib.
 Onun sözlərinə görə, yeməkləri qarışdırdıqda zəhərlənmə baş verir :

"Ət məhsullarını düzgün şərtlər altında saxlamadıqda qida zəhərlənməsi qaçılmaz olur. Aldığımız qida məhsullarının mənşəyi məlum olmalıdır. Məsələn, bayramda balıq bişirəcəyiksə, küçədə hava damcı yolu ilə bakteriyalara açıq olan və soyuducu şəraitində satılmayan balığı almamalıyıq. Ona görə də bir dəfə dondurulmuş buzlu və yaxud təzə balıq almalıyıq. Bəzən əti, toyuğu ,bol mayonezli salatları alıb saatlarla otaq temperaturunda saxlayırlar. Bu səbəblə də ət məhsulları alarkən ya anında bişirməliyik, ya da soyuducuda saxlamalıyıq. Yəni soyuq qida zəncirində qırılma olmamalıdır. Ət məhsullarını istilik, nəmişlik şəraitində uzun müddət saxlamaq bakteriyaların çoxalmasında böyük rol oynayır. Süfrəyə təqdim olunan qidalar qonaqların gəlməsinə yarım saat qalmış hazırlanıb təqdim olunarsa, daha yaxşı olar. Yeməkləri 2 saat ərzində süfrədə saxlaya, 48 saat müddətində isə istehlak edə bilərik. Məncə, bayramda hər bir kəs öz ağız dadına görə, müxtəlif çeşidli yeməklər hazırlaya bilər. Təbii ki, qida rasionunu düşünərək çox da israfçılığa yol verməyə ehtiyac yoxdur".