Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir:
“2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”.
Köhnə istehsal ili olan dollarlarların banklar tərəfindən alınmaması bağlı "Sherg.az" ın sualını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, təkcə 2006-cı il yox ABŞ-nin XX əsrdə buraxdığı bütün dollarlar qüvvədədir:
"Yəni, Amerika höküməti bütün bu illər ərzində dövriyyəyə buraxdığı dollarların arxasında durur. Sadəcə olaraq bankların mübadilə məntəqələri dolları satmaq üçün alır. Onlar ucuz alıb baha sataraq müəyyən qazanc əldə etməyə çalışırlar. Alınan vəsaiti başqasına sata bilməyən zaman çətinliklə üzləşirlər. Hazırda hansısa bankın bunu almamasının səbəbi başqasına sata bilməməsidir. Vətəndaşlar tələsib, panikaya düşərək dollarlarını ucuza satmasınlar. Məsələ ilə bağlı narahatçılığa səbəb yoxdur, qeyd etdiyimiz kimi Amerika öz dollarlarının arxasında durur.