Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağcabədi rayonunda yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərin fəsadlarına həsr edilmiş görüş keçirilib.
Xidmətindən Sherg.az-a verilən xəbərə görə, görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və digər rəsmi nümayəndələr iştirak edib. Tədbirdən əvvəl qonaqlara orta məktəb şagirdləri tərəfindən hazırlanan zərərli vərdişlərin insan orqanizminə və həyatına vurduğu ziyanın əks olunduğu rəsmlər nümayiş olunub.
Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb.
Sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. F.İsmayılov Xidmətin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə koordinasiya olunmuş birgə fəaliyyətinin Silahlı Qüvvələrin sağlam, fiziki və psixoloji cəhətdən hazırlıqlı çağırışçılarla komplektləşdirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.