Ekologiya və ətraf mühitin mühafizəsi
Beynəlxalq konfransda ekoloji fəlakətlərdən bəhs edilib
Azərbaycan dövləti bu yaraları sarımaqla məşğuldur. Təbiəti məhv ediblər, çayları, su anbarlarını zəhərləyiblər, flora və faunaya ağır yaralar vurublar
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistan Silahlı Qüvvələri və erməni separatçılarının işğalından azad edən ordumuz ayaq basdığı yerlərdə dəhşətli dağıntılar, erməni vandallığının törətdiyi humanitar fəlakətlərə şahid oldular. Cənab Prezident İlham Əliyev də Qarabağ və ətraf bölgələrə səfərləri zamanı erməni vandalizminin sübutları olan dağıntılar barədə danışıb. Erməni vandalizmi bölgədə humanitar fəlakət törədib. Bu fəlakətlər özündə həm insan ölümlərini, milli soyqırımı, tarixi-mədəni abidələrin, bütün infrastrukturun dağıdılmasıyla yanaşı, həm də ekoloji bəlaları ehtiva edir. Azərbaycan dövləti işğalın sona çatmasıyla nəhəng quruculuq, bərpa işlərinə başlayıb. Hazırda da bu fəaliyyət geniş şəkildə davam etdirilir. Dünən paytaxtda keçirilən “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfransın gedişatında 30 illik işğal dövründə Qarabağ və ətraf bölgələrdə yaşanan ekoloji fəlakətlər bir daha vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev konfransda çıxışı zamanı bu məsələlərə toxunub və həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. “İşğal illərində Qarabağda olan infrastruktur düşmən vandallığı ilə dağıdılıb, ən çox da ekologiyaya ziyan vurulub”, söyləyən B.Hacıyev çıxışı zamanı qeyd edib ki, Qarabağ zəngin yeraltı su ehtiyatlarına malik bölgəmizdir: “Su anbarlarının, demək olar, hamısı qəzalı vəziyyətdə idi. Düşmən su anbarlarına, bulaqlara ziyan vurub, nəticədə bölgədə ekoloji fəlakətə səbəb olub. B.Hacıyev həmçinin bildirib ki, Azərbaycan Qarabağın gələcəyini təmin etmək üçün misilsiz işlər görür. “Erməni vandalizminə məruz qalan şəhər, kənd, qəsəbələrimiz müasir üslubda bərpa edilir. Ağdamda hazırda 3 kəndin inşası gedir. Cari ilin sonuna qədər işlərin birinci mərhələsi yekunlaşacaq. 2025-ci ildə oraya əhalinin köçürülməsi nəzərdə tutulub”, - deyə o qeyd edib.
İşğaldan azad edilən ərazilərdə su ehtiyatlarının bərpası ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Bu barədə danışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə olan obyektlərin müdriyyətinin direktor müavini Fuad Abışev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfransda çıxışı zamanı deyib. “Ümumilikdə, azad edilən ərazilərdə 218 km su xətti çəkilib. 2024-cü ildə Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərində layihələrin icrasına başlanılacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının layihə smeta sənədləri hazırlanacaq. Növbəti mərhələdə bu layihələrin icrasına başlanılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Almaniya Azərbaycanı su resurslarının və su diplomatiyasının idarə olunması üzrə sessiyalarda iştirak etməyə dəvət edib. Bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib. "Bu il Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş su resurslarının və su diplomatiyasının idarə olunması üzrə sessiyalarda və kurslarda iştirak üçün müxtəlif ölkələrdən, o cümlədən, Azərbaycandan ekspertlər dəvət etməkdən məmnunuq", - deyə o qeyd edib. H.Şvarts bildirib ki, Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır. "Su diplomatiyası mövzusu hər il daha böyük əhəmiyyət kəsb edir. Çünki su çatışmazlığı təkcə ayrı-ayrı şəxslər deyil, millətlər və ölkələr tərəfindən də hiss olunur. Bilirəm ki, Azərbaycan aşağı axın ölkəsi kimi bu problemlərlə üzləşir. Almaniya da su və su resurslarının idarə olunmasını mühüm mövzu hesab edir. Ötən il Cənubi Qafqazın su resursları üzrə üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstandan doqquz ekspert bizim bu problemin həllinə necə yanaşdığımızı öyrənmək üçün Almaniyaya səfər ediblər. Bu səbəbdən hesab edirik ki, yalnız birlikdə çalışsaq, bu problemi həll etmək və aradan qaldırmaq olar. Bu problemlərin həllində çox fəal olan Azərbaycanın rolunu qeyd etmək lazımdır", - deyə o qeyd edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev isə konfransda qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub: “30 il ərzində 10 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Sərsəng su anbarından kortəbii və siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Su anbarlarından Tərtərçaya çox az su buraxılıb. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastrukturunun bərpası istiqamətində işlər görülür”.
“Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu səpkili beynəlxalq tədbirlərin keçirilməsi ekoloji tarazlığın bərpa edilməsində ölkələrin birgə fəaliyyət göstərməli olduqları həqiqətini ortaya qoyur:
- Ekosistem qiymətləndirmələri çox vacibdir. Ətraf mühitin mühafizəsi, atmosferə atılan zəhərli qazlar, flora və faunanın qiymətləndirilməsi, su ehtiyatlarının qorunması və onlardan düzgün istifadə müasir dövrün başlıca problemləridir. Ona gorə də biz təbiətimizin mühafizəsinə səy göstərməliyik. Beynəlxalq tədbirlər Azərbaycan təbiətinə 30 il müddətində Ermənistan tərəfindən vurulmuş ziyanların dünyaya çatdırılması baxımından çox önəmlidir. Biz mütləq dünyaya çatdırmalıyıq ki, erməni separatçıları 30 il müddətində təbiətə necə yaralar vurublar. Azərbaycan dövləti bu yaraları sarımaqla məşğuldur. Təbiəti məhv ediblər, çayları, su anbarlarını zəhərləyiblər, flora və faunaya ağır yaralar vurublar. Mina terroru da bir tərəfdən. Torpağa basdırılan minalar ekologiya üçün fəlakətdir. Biz də dünyanın bir parçasıyıq və dünyanın hər hansı bir yerində ekoloji fəlakət baş verirsə, bundan bütün dünya ziyan çəkəcək. Ölkəmiz, dövlətimiz bu istiqamətdə mühüm addımlar atır, işğaldan azad edilmiş Qarabağda “yaşıl enerji” layihələrinə üstünlük verilir, ekologiyanın bərpası həyata keçirilir, nə qədər çətin olsa da. Əlbəttə, əsas problemlərdən biri su ehtiyatlarından düzgün istifadədir. Bu məsələdə də qabaqcıl təcrübələr öyrənilməli, mütəxəssislərə müraciət edilməlidir.