Amma hələ görməmişik ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin
Milli Məclisin dünənki iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi” müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Qeyd edilib ki, 2023-cü ildə bələdiyyələrlə bağlı araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib, onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Keçən il 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Ümumilikdə 14 607 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
"Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var"
Deputat Vahid Əhmədov deyib ki, bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanıb, əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək: “Bu, çox vacibdir. Əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir. Digər tərəfdən, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir. İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. Kifayət qədər icarə müqavilələrində debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. Amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”.
"Bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub"
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub: “Bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb. Layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır. Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.
"Bələdiyyələr qəbiristanlıqları götürmək istəmir"
Deputat Fazil Mustafa deyib ki, bələdiyyələrin başqa ölkələrdə çox sayda sosial müəssisələri var: "Yerli məsələlərdə insanlara çevik yardım edirlər, turizm, tikinti sahəsində aktiv iştirak edirlər. Amma bu, bizdə yoxdur". Parlament üzvü bildirib ki, Azərbaycanda bələdiyyə sosial həyatda iştirak etmir: “Bələdiyyə teatrları olmalıdır, rayonlarda teatrın inkişafı, mədəniyyətin inkişafı həm də bundan asılıdır. Bələdiyyə seçkiləri ərəfəsində bu məsələyə ciddi yanaşmalıyıq. Bələdiyyələrə qəbiristanlıqları verirlər, heç onu götürmək istəmirlər. Çünki onların vəsaiti yoxdur”.