Bəlkə bundan sonra valideynlər məsuliyyətlərini anlayar və erkən evliliklərin, boşanmaların qarşısı alınar
Məişət zorakılığı halları zamanı ailənin yaxın qohumunun da məsuliyyətli şəxs kimi qanunla cavabdehlik daşıması müsbət dəyişiklikdir
Azərbaycanda məişət zorakılığı ilə mübarizə gücləndirilir. Bununla bağlı məsələ Milli Məclisin dünənki iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, müvafiq maddələrdən “yaxın” sözü çıxarılıb, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə müvafiq maddələrə “ər və arvadın yaxın qohumları” ifadəsi də əlavə olunub. Nəticədə, bundan sonra məişət zorakılığı baş verdikdə, ər və arvadın yaxın qohumları da cavabdehlik daşıyacaq və onların iştirakı və ya iştiraksızlığı, müdaxilə etməli olduqları halda səssiz qalmaları halında məsuliyyətə cəlb ediləcəklər. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə də yeni cəzalar müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə cərimələrin miqdarı artırılaraq beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. Bundan əlavə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi müddəti də artırılaraq 60 günə çatdırılması təklif olunur.
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri müsbət hesab edən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu dəyişiklikləri çoxdan gözləyirdilər:
- Biz uzun illərdir qanunların sərtləşdirilməsinin vacibliyini bildirirdik. Zorakılıq birmənalı şəkildə dəstəklənməyən cinayətdir. Şəxsiyyətə qarşı cinayətlər kateqoriyasına aiddir. Lakin zorakılıqla mübarizədə bir sıra məqamlar var ki, onları fərqləndirməklə, zərərçəkmişə kömək daha effektiv olur. Məsələn, zorakılığı törədənin, zorakılıqla bağlı düşüncəsi. Məsələn, məişət zəminində bir sıra zorakılıqlar var ki, bunlar ənənəvi davranışının təlqinidir. Yəni şəxs görüb-götürüb ki, evdə qadını döyərlər. Qadına hər cür formada qadağalar tətbiq etmək lazımdır. Onlar üçün bu, zorakılıq deyil, mexaniki davranışın təkrarlanmasıdır. Digər bir kateqoriyada insanlar var ki, onlar, qarşısındakının - qadının güclü olduğunu gördüyü halda, məqsədyönlü halda onu zorakı yolla ram etmək, tabe etmək, əzmək, alçaltmaq, məhv etməyi planlı şəkildə həyata keçirir. Belə adamlarda cinsi zorakılığın tətbiqi xüsusilə diqqəti cəlb edir. Əsasən qarşısındakı qadının özündən güclü olmasını müəyyən etdikdə bunu ona bağışlaya bilmir. Və bütün imkanlarını səfərbər edərək hərəkətlərini planlı şəkildə həyata keçirir. Birinci kateqoriyaya aid olanlarla iş görmək rahatdır. Onlar mədəni mühitə adaptasiya edildikdə yeni təlqin dalğasını məmnuniyyətlə qəbul edirlər. İkinci kateqoriyadan olanlarla isə psixiatr dəstəyinə ehtiyac yaranır.
M.Zeynalova qeyd etdi ki, bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-"Azerbaijani Bar Association" bir qrup QHT rəhbərləri ilə geniş tərkibdə görüş keçirib:
- Gələcək əməkdaşlıq müzakirə edildi. Görüşün əsas istiqaməti məişət zorakılığına məruz qalmış və qurbana çevrilmə riski olan qadın və uşaqlarla işləyən sığınacaqlar, sosial reabilitasiya mərkəzləri və Qaynar xətt xidmətlərinə müraciət edən vətəndaşların hüquqlarının qorunması, vəkillə təmin etmə və vəkillik xidmətindən istifadədə mövcud rüsumlar və ödənişlərə dair yaranan çətinliklərin həlli müzakirə edildi. Qeyd edim ki, məişət zorakılığı qurbanlarına son illərdə ödənişsiz hüquqi yardım göstərilməsi istiqamətində işlər həyata keçirilir. Pulsuz hüquqi yardım aksiyaları çərçivəsində 35 mindən çox şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu missiya bu gün də davam edir və hesab edirəm ki, bu çox vacib dəstəkdir. Çünki zorakılığa məruz qalmış qadınlar bir çox hallarda məhz maddi çətinlik səbəbindən hüquqlarının müdafiəsi ilə məşğul ola bilmir.
M.Zeynalova bildirib ki, məişət zorakılığı halları zamanı ailənin yaxın qohumunun da məsuliyyətli şəxs kimi qanunla cavabdehlik daşıması müsbət dəyişiklikdir:
- Hesab edirəm ki, qanuna belə bir dəyişiklik edilməsi çox yaxşıdır. Çünki yaxın qohumların, valideynlərin ər-arvad arasında gərginlik yaranmasında bəzən böyük rolu olur. Yersiz müdaxilələr ailəni sarsıdır. Valideynlər, yaxın qohumlar tərəfləri sakitləşdirmək, barışdırmaq əvəzinə aqressiv mövqe tuturlar. Bu isə ailələrin dağılmasına təkan olur. Həmçinin indiyədək dəfələrlə şahid olmuşuq ki, məsələn, erkən evliliklər zamanı valideynlər, yaxud yaxın qohumlar susqunluq nümayiş etdirir, nəticədə nikah yaşına çatmamış şəxsin evliliyi baş tutur. Belə məsələlərdə qanunun sərtləşməsi çox vacibdir. Bununla bəlkə valideynlər məsuliyyətlərini anlayar və erkən evliliklərin də, boşanmaların da qarşısı alınar.