Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
COP29-un təşkilat komitəsində QHT-yə diqqətin artırılması da bu başlanğıcla bağlıdır
Hər il fevralın 27-də Ümumdünya Qeyri-Hökumət Təşkilatları Günü qeyd olunur. Günün məqsədi cəmiyyətdə insanları, (həmçının dövlət və özəl sektorda çalışanları) QHT-də fəal iştirak etməyə həvəsləndirməkdir. O, həmçinin dünyada insanları QHT və onların cəmiyyətə təsiri haqqında maarifləndirmək məqsədi daşıyır. Ümumdünya QHT Günü 2010-cu il aprelin 17-də Litvanın paytaxtı Vilnüs şəhərində Baltik Dənizi QHT Forumunun 12 ölkəsi tərəfindən rəsmi olaraq təklif edilib və görüşdə qəbul edilmiş bəyannamə ilə elan olunub. Baltik Dənizi QHT Forumuna üzv ölkələr Belarus, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Polşa, Rusiya, Norveç və İsveç olub. Almaniya, Avropa İttifaqı, Hindistan, Böyük Britaniya Nümayəndələr Palatası və Lordlar Palatası bu ideyanı dəstəkləyiblər və iclaslarında müzakirə ediblər. Ümumdünya QHT gününün ilk qlobal açılış tədbiri 27 fevral 2014-cü il tarixində Finlandiyanın Helsinki şəhərində Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilib. Ümümdünya QHT Günü ideyasını əsas etibarilə Avropa İttifaqı və Avropa Şurası kimi Avropa institutları dəstəkləyir. Avropa Şurasında iştirakçılıq statusuna malik "Conference of INGOs" təşkilatı da hər il QHT gününü qeyd edir. Lakin qeyd etmək lazımdır ki, Avropa İnstitutlarından fərqli olaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) heç bir rəsmi sənədlərində, rəsmi açıqlamalar vasitəsilə və yaxud BMT-nin Beynəlxalq Günlər təqvimində Ümumdünya QHT Gününü rəsmi olaraq tanımayıb. Hesab edilir ki, gələcəkdə Azərbaycanda da, Ümumdünya QHT Gününün keçirilməsi BMT-nin bü hadisəni rəsmi olaraq tanımasından sonra mümkün ola bilər. Qeyd edək ki, Azərbaycan yeni müstəqillik tarixinin ilk günlərindən ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədini elan edib. Bu proses 1993-cü ildən etibarən daha intensiv xarakter alıb. Ölkədə vətəndaş cəmiyyətinin formalaşması üçün ilk növbədə hüquqi baza yaradılıb. Öz növbəsində dövlət inkişafın əsas ideyası kimi vurğulanan “Güclü dövlətdən güclü vətəndaş cəmiyyətinə” konsepsiyasını irəli sürür. Səmərəli ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu gücləndirilir. Azərbaycanda dövlət və hökumət strukturlarının fəaliyyətinə səmərəli ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi ön planda yer alır. Azərbaycanda ictimai, vətəndaş nəzarəti institutu müvafiq QHT və vətəndaş cəmiyyətinin digər subyektləri vasitəsilə getdikcə daha çox inkişaf edir. Bu, cəmiyyətlə dövlət arasında səmərəli əks əlaqənin təmin edilməsində, insanların mentalitetinin, ölkədə aparılan islahatlara münasibətinin müəyyən edilməsində ən mühüm elementlərdən biridir. Həmçinin ölkə ərazisində əhalinin müxtəlif təbəqələrinin maraqlarını əks etdirən geniş QHT şəbəkəsinin mövcud olması da əlavə üstünlüklər qazandırır. Hazırda ölkədə minlərlə QHT fəaliyyət göstərir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün hüquqi, informasiya, təşkilati və digər şəraitin təkmilləşdirilməsi bu fonda davam edir. Həyatın bütün sahələrində vətəndaşların özünütəşkilatının dəstəklənməsi, birbaşa demokratiyanın həyata keçirilməsində əhalinin iştirakının forma və üsullarının genişləndirilməsinə dövlət lazımi dəstək verir. Mənəvi dəyərlərin təbliği və sosial həyat mədəniyyətinin inkişafı, sosial sülh, tolerantlıq, sosial məsuliyyət kimi məqamlar da bu fonda diqqət mərkəzindədir. Vətəndaş cəmiyyəti subyektləri arasında qarşılıqlı əlaqə formalarının və mexanizmlərinin inkişafı üçün də müvafiq addımlar atılır. Eyni zamanda vətəndaş cəmiyyətinin inkişafının dəstəklənməsi konsepsiyasının, o cümlədən dövlət orqanlarının konseptual əsasları, prinsipləri və siyasət prioritetləri, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqənin inkişafının hüquqi əsaslarına da mütəmadi diqqət olunur. Dövlət orqanlarının mühüm qərarlarının hazırlanması, qəbulu, həyata keçirilməsi və nəzarəti proseslərində əhalinin iştirakının mexanizmlərinin və formalarının inkişafı, o cümlədən internet texnologiyalarından istifadə Azərbaycanda geniş vüsət alıb. Vətəndaşların mənəvi-əxlaqi tərbiyəsinin forma və üsullarının təkmilləşdirilməsi, humanitar təcrübələrin, ailə, vətənpərvərlik, mənəvi və digər əxlaqi dəyərlərin təbliği də bu zaman diqqət mərkəzində olan əsas məqamlardır. Vətəndaş cəmiyyətinin müasir inkişafı mərhələsində ictimai nəzarət kimi mühüm instituta xüsusi diqqət yetirilir. Cəmiyyət tərəfindən ictimai nəzarət olmadığı halda dövlət orqanları öz vəzifələrini heç də həmişə vicdanla və səmərəli şəkildə yerinə yetirmirlər. Məhz buna görə də vətəndaş institutlarının inkişafında aktual vəzifə dövlət hakimiyyəti və idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin səmərəli mexanizmlərinin yaradılması olaraq qalır. Həmçinin diqqətəlayiq haldır ki, hazırda ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətinə və işinin keyfiyyətinə vətəndaş cəmiyyəti institutları tərəfindən müvafiq monitorinqin və ictimai nəzarətin həyata keçirilməsinə yönəlmiş sistem yaradılır. Azərbaycanda həyatın özü həm yerli, həm regional, həm də dövlət səviyyəsində mövcud problemlərin daimi monitorinqi üçün getdikcə daha çox yeni tələblər qoyur. Bununla əlaqədar vətəndaş cəmiyyəti institutlarının rolu ölçüyəgəlməz dərəcədə artır.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə "Sherg.az"a deyib ki, beynəlxalq hüquq sisteminə “qeyri-hökumət təşkilatları” termini 1945-ci ildə yaradılan BMT nizamnaməsinin 71-ci maddəsi ilə gəlib. Ekspertin sözlərinə görə, Beynəlxalq QHT Günü 2010-cu il aprelin 17-də Baltik dənizi ölkələrinin QHT-sinin IX Forumunda Baltik dənizi regionu ölkələrinin idarə heyəti tərəfindən rəsmi olaraq tanınıb. 27 fevral 2014-cü il tarixində Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən Helsinkidə (Finlandiya) Beynəlxalq QHT Gününün qlobal bayramı keçirilib:
"QHT Gününün ümumi tanınması 2014-cü ildən bəri əhəmiyyətli dərəcədə artıb. Dünyanın müxtəlif yerlərində müxtəlif cəmiyyətlər, beynəlxalq liderlər, şəhər merləri, korporasiyalar və bir çox təşkilatlar tərəfindən qeyd olunur. Ötən dövrlər ərzində QHT-nin fəaliyyəti çərçivəsi də xeyli dəyişib. QHT-nin fəaliyyəti əsasən narahatçılıq və ehtiyac duyulan sahələr ilə bağlı olur və davamlı olaraq zamana və ölkələrə görə dəyişə bilir. Hesab edirəm ki, QHT olaraq bizim öz fəaliyyətimizdən razı olmağımız düzgün çıxmaz. Biz hər zaman əhatə dairəmizin genişlənməsi, resursların artırılması kimi məsələlər üzərində işləməliyik. Xüsusən hesab edirəm ki, icma fəaliyyətinin genişləndirilməsinə çalışmalıyıq. Bu gün bu sahədə də heç şübhəsiz uğurlar var. Ümumilikdə QHT-nin fəaliyyəti üçün hüquqi təminat və real şərait mövcuddur. Hər bir sahədə çalışan vətəndaşlar sözsüz ki, həmin sahələr ilə bağlı daha çox imkanların və imtiyazların olmasını istəyirlər. Bu baxımdan hər bir QHT nümayəndəsinin də eyni arzunu QHT sektoru ilə bağlı da qeyd etməsi başadüşülən olmalıdır".
C.Hüseynzadə qeyd edib ki, ümumilikdə isə Azərbaycan vətəndaş cəmiyyəti sektoru sahəsində dövlətin mühüm iradəsi var: "Bu iradə cənab Prezidentin çıxışlarında dəfələrlə ifadə olunub. Bu iradənin nəticəsi olaraq Azərbaycan dövlətinin QHT-yə dəstəyi və inkişafı ilə bağlı vacib mexanizmlər mövcuddur. Xüsusən maliyyə dəstəyini qeyd etmək lazımdır. QHT Agentliyi, Gənclər Fondu kimi davamlı olaraq qrant müsabiqəsi elan edən dövlət qurumları var. Bu qrant müsabiqələri hazırda yerli QHT-nin geniş fəaliyyəti üçün əsas donorlar hesab edilir. Eyni zamanda müxtəlif dövlət qurumlarının digər qrant müsabiqələri də keçirilir. Sön dövrlər, xüsusən 2022-ci ilin dekabrından başlayaraq QHT-nin Şuşa-Xankəndi yolunda ekoaksiya təşkil etməsi Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının potensialını bir daha nümayiş etdirdi. Daha sonra Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə zərəri ilə bağlı QHT-nin fəaliyyəti və həmin QHT-nin ətrafında 20-dən artıq ölkənin 50-yə yaxın QHT-sinin birləşməsi QHT-mizin şəbəkələşmə və beynəlxalq müstəvidə gücünü nümayiş etdirdi".
QHT rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu məsələnin diqqətdə saxlanması və dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərməsi ilə bağlı tapşırıq verməsi xüsusən xoş bir nümunə oldu:
"Bu hadisəni dövlət-QHT münasibətlərində yeni bir mərhələnin başlanğıcı hesab etmək olar. Hesab edirəm ki, COP29-un təşkilat komitəsində QHT-yə diqqətin artırılması bu başlanğıcla bağlıdır. Hazırda QHT-nin fəaliyyəti üçün cəmiyyətin müxtəlif sahələrində prioritetlər mövcuddur. Hesab edirəm ki, QHT-nin koalisiyalaşması problem olaraq qalır. Eyni zamanda ixtisaslaşma, institutlaşma, davamlı fəaliyyət, monitorinq, ictimai nəzarət, peşəkar kadrların yetişməsi kimi problemlərin həll edilməsi də qarşımızda duran əsas hədəflərdən olmalıdır. Bu istiqamətdə dövlət qurumları və beynəlxalq təşkilatların birgə dəstəyi vacibdir".