Ekspert isə hesab edir ki, indiki halda qeyd edilən təklif iqtisadiyyatımızın artım templərinə uyğun deyil
"Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də, digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər.
Bu sözləri deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir: "Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da, belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədəuyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıyaalmada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan ikiuşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə. 6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyli azdır".
Deputatın sözlərinə görə, bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var: "Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı".
İqtisadçı-ekspert Əyyub Kərimli isə “Sherg.az”a açıqlamasında deyib ki, “uşaq pulu” və çoxuşaqlı ailələrə aylıq müavinətlər daha çox demoqrafik vəziyyəti zəif olan ölkələrdə tətbiq edilir:
“Doğum səviyyəsinin aşağı düşdüyü, ailələrdə 1 və ya ümumiyyətlə, uşaq olmadığı hallarda müxtəlif subsidiyalar və güzəştlər tətbiq edilir. Azərbaycanda isə demoqrafik problemlə bağlı heç bir çətinlik yoxdur. Əhalinin sayında hər il artım dinamikası müşahidə edilir və sayımız 11 milyona yaxınlaşır”.
Ə.Kərimlinin fikrincə, bütün dövlətlərdə demoqrafik statistika nəzarətdə saxlanılmalı və doğum sayı ilə iqtisadi artım arasında mütənasiblik olmalıdır:
“Əhalinin sayı artdıqca, təbii olaraq iqtisadi tələblər də artır. Ona görə də indiki halda demoqrafik artımı stimullaşdırmaq üçün üçdən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi təklifini məqbul hesab etmirəm. Ölkəmizin iqtisadi durumu bu dəyişikliyə hazır deyil. Əgər təklif edilən dəyişiklik edilsə, ailə planlamasına nəzarət itəcək. İnsanlar dövlətə arxayın olub, daha çox uşaq dünyaya gətirəcək. Çoxuşaqlı ailənin isə həm sosial məsuliyyəti çoxalır, həm də iqtisadi tələbləri artır. Zənnimcə, indiki halda qeyd edilən təklif iqtisadiyyatımızın artım templərinə uyğun deyil. Bəlkə də gələcəkdə ehtiyac olacaq, amma indiki halda bu addımın atılması demoqrafik partlayışa gətirib çıxara bilər ki, növbəti illərdə bunun sosial fəsadları ilə üzləşə bilərik”.