Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətlişəkildə təmin edə biləcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, iclasda komitə sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a bildirib ki, dəfn müavinəti sığorta olunan şəxslərə verilir:
“Kimliyindən asılı olmayaraq sığorta olunan bütün şəxslərə dəfn müavinəti verilir. İşləyən şəxslər isə icbari sığortaya cəlb olunaraq həmin dəfn müavinəti təqdim edilir. Əgər İşləmirsə, pensiya almırsa və əlilliyi yoxdursa vəfat edərsə, ona dəfn müavinəti verilmir. Ümumiyyətlə müavinəti Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. DSMF də onun sığorta olunması barədə heç bir şey yoxdursa həmin vəsait verilmir”.