Sosioloqdan deputata dəstək: Qadınlar 8 saat deyil, 4 saat işləməlidir

İşləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat təklif edib ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınsın: Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, hörmətli Tahir Rzayevin təklifini çox lazımi, yerində olan təklif kimi qiymətləndirir və alqışlayıram:

“Bir neçə gün bundan əvvəl işləyən qadınların böyük əziyyətlərlə qarşılaşması ilə əlaqədar yazdığım yazıda təklif etmişdim ki, qadınlar 8 saat deyil, 4 saat işləməlidir. Çünki hörmətli deputatımızın da söylədiyi kimi, qadınların üzərində digər işlər də var. İşləyən qadınların işdən sonra  evdə ikinci növbəsi başlayır. Onlar hətta özlərinə vaxt ayıra bilmirlər. Nəzərə alsaq ki, əksər kişi uşaqların bağça-məktəbə aparılmasında, bazar-market alış-verişində, ev işlərində qadınlara əsla kömək etmir, qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması doğrudan da gözəl təklifdir. Bu təklif bütün işləyən qadınlar tərəfindən alqışlanır və həyata keçirilməsi arzulanır.”