Sosioloq: Nikahdankənar doğulan uşaqlar...

2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bunlardan şəhər yerlərində doğulanların sayı 6 019, kənd yerlərində doğulanların sayı isə 9 603 nəfər olub.
Xatırladaq ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 nəfər olub.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, nikahdankənar uşaqların doğulmasına görə 2015-ci il ilə müqayisədə statistik göstəricilər azalmaya doğru gedir:

“Bu azalan rəqəmlər çox gözəl göstəricidir. Lakin təəssüf edirəm  ki, 2022-ci ildə göstərilən rəqəm əvvəlki illərə nisbətən qalxıb. 2024-cü ilin statistikası isə hələ açıqlanmayıb. Açıqlanandan sonra əvvəlki illəri müqayisə edərək artım və azalmanın necə hərəkət etdiyini müşahidə edə bilərik. Nikahdankənar uşaqların doğulması ilə bağlı ölkədə aparılan maarifləndirmə işlərinin sayəsində azalmalar müşahidə edilir. Lakin 2022-ci ildə bu rəqəmin yüksək olması ürəkaçan mənzərə deyil. Buna görədə maarifləndirmə işləri tək Bakıda deyil, ölkənin ən ucqar kəndlərində də davam etdirilməlidir. Fikir versək görərik ki, nikahdankənar doğulan uşaqlar kənd yerlərində daha çoxdur. Bunun da səbəbi kənd yerlərində maarifləndirmə işlərinin zəif səviyyədə qurulmasıdır. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda və böyük şəhərlərdə maarifləndirmə işləri aparıb daha sonra sənədləşdirib və sənədlərin içinə yerləşdirməklə iş bitmir. Ən ucqar kəndlərdə də maarifləndirmə işləri aparmaq lazımdır ki, erkən nikahlar yox səviyyəsində olsun. Erkən nikahın özü nikahdankənar uşağın doğulmasına sövq edən məsələdir. Yaşı 18 olmayan şəxslərə dövlət rəsmi nikah kəsmir. Rəsmi nikahı olmayandan sonra doğulan uşaqların hər biri qeyri-rəsmi doğulan uşaqlar kimi statiskaya alınır. Ona görə də maarifləndirmə işlərini təkmilləşdirmək lazımdır ki, bu göstəricilər azalmaya doğru getsin. 2021-ci ilə qədər azalmadan sonra 2022-ci ildə bu qədər artımın olması Adiyyatı Qurumlar üçün mənfi haldır. Düşünürəm ki, Ailə Məcəlləsində nikah yaşı 18 yaş maddəsi müəyyən olunub. Bu yaşdan aşağı çox az hallarda ailə qurula bilər. Bu maddə nikahdankənar uşaqların doğulmasının və erkən nikahların qarşısını xeyli alıb. Lakin məsələ tək o Məcəlləyə maddənin salınması deyil. Maarifləndirmə işləri aparmaq lazımdır. Çünki nikahdankənar doğulan uşaqlar gələcək ailə üçün problemlər, boşanmalar və uşaqların ölümlərinə səbəbiyyət verir”.