Yararsız peşə məktəbləri: Öyrədənlərin öyrədilməsinə ehtiyacı var -RƏY

Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır. Çünki iş yerləri kifayət qədər olsa da, peşə hazırlığının olmaması səbəbindən işsizlik yaranır.
Trend-in məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.
Deputat bildirib ki, müşahidələrə əsasən sərhəd bölgələrində cavan şəxslər demək olar yoxdur.
“İş var, amma peşə hazırlığı ilə bağlı addımlar atılmır. Hətta maraqlandım bir çox qurumların boş vakant yerləri var, amma kənddə olan insanların, orada çalışmaq istəyənlərin peşə hazırlığı yoxdur. Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək istəyənlər ali təhsilli deyil”, - o əlavə edib.

 İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a bildirib ki, tək sərhəd bölgəsində deyil, ölkədə ciddi məşğulluq problemi var:

“Azərbaycanda maaşlar və orta əmək haqqı qonşu ermənistandan 200-250 manat aşağıdır. Bunların hər biri iş yerlərinin olmaması səbəbindən qaynaqlanır. Orta aylıq əmək haqqının aşağı olmasının ən böyük səbəbi bazarda işçiyə tələbin azlığıdır. Potensial bazara çıxarılan iş yerləri az, ancaq iş axtaranlar çoxdur. Avropada işçinin 5-10 min euro Azərbaycanda isə 500-1000 min manat almasının ən böyük səbəbi məhz işçi bazarında olan problemlərdir. Məşğulluğun problem olması həm ciddi sosial, həm də psixoloji və cinayətkarlığa məcbur edən məsələlərdir. Sərhəddə bunun aktuallığı artıb. Çünki Azərbaycanın sərhədlərinin Rusiya və İran tərəfdəki təhlükəsizlik məsələləri ön plana çıxır.  Sərhəddə insanların narazı qalmaması daha vacib məsələdir. Bu o demək deyil ki, digər yerlərdə işçi az olmalıdır. Ümumiyyətlə işçilərin keyfiyyətində də problemlər var. Ancaq bunun özü də bir çox səbəblərdən asılıdır. Bir tərəfdən deyirik öyrətsinlər. Bəs onları kim öyrədəcək?… Texniki peşə məktəbləri yararsızdır. Azərbaycanın təhsil sisteminin ciddi problemi var. Yəni öyrədənlərin öyrədilməsinə ehtiyacı var. Texniki peşə məktəbində guya nə öyrədirlər ki?.. İnsanlara yüksək İT qabiliyyət və proqramistlikmi öyrədirlər? Köhnə sovetdən qalmış dövrün tələblərinə cavan verməyən qurumlardır.”