“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımıyla icra etdiyi “Türk Dövlətləri Təşkilatının formalaşmasında, inkişafında Azərbaycanın rolu” adlı layihə cərçivəsində Bakı İstanbul Liseyində tədbir keçirib.
Sherg.az xəbər verir ki, tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, layihənin rəhbəri, siyasi şərhçi Mübariz Göyüşlü çıxış edərək rəhbərlik etdiyi təşkilatın 19 illik fəaliyyətindən, təbliğati çalışmlarından, QHT Agentliyinin maliyyə dəstəyilə keçirilən layihələrdən söz açıb. M.Göyüşlü Türk Dövlətləri Təşkilatının formalaşmasından, türk birliyinə aparan çətin və şərəfli yoldan, Azərbaycanın bu proseslərdə oynadığı lider roldan, türk dünyasının gələcək perspektivindən söz açıb. Onun sözlərinə görə 100-150 il əvvəl klassiklərimiz tərəfindən əsası qoyulan türk birliyi ideyası bugün müasir dövlət başçıları tərəfindən uğurla yürüdülür. O, qeyd edib ki, hazırda Türk Dövlətləri Təşkilatı yüksələn güc olaraq dinamik inkişafdadır və onun formalaşması, güclənməsi dünyaya sülh, ədalıt vəd edir. M.Göyüşlü iki aylıq müddətdə icra edəcəkləri layihə çərçivəsində təbliğat, maarifləndirmə fəaliyyətləri həyata keçirəcəklərini söyləyib.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus klassiklərimizin türklük çalışmalarından, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və digər ziyalılarımızın bu ideyanı ərsəyə gətirməsindən, Azərbaycan xalq Cümhuriyyətinin qurulmasından danışıb. O, hər kəsin öz milli kimliyini bilməli olduğunu, soy-kökünü tanımalı olduğunu vurğulayıb. M.Yunus dərc etdikləri jurnalın toxunduğu mövzulara vurğu edərək, türk birliyi, islam mənəviyyatı istiqamətində çalışmaların, təbliğatın genişləndirilməli olduğunu söyləyib.
“Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə türk dövlətlərinin diaspor təşkilatlarınını birliyinin əhəmiyyətinə toxunub. Onun sözlərinə görə bu istiqamətdə güclərin birləşdirilməsi böyük bir potensialı ortaya çıxara bilər. O, eyni zamanda türk dünyasının media qurumlarının, jurnalistlərinin də birliyinə ciddi ehtiyac olduğunu açıqlayıb. F.Hüseynzadə gənclərin bu proseslərdə, birlik çalışmalarında fəal rol oynaya biləcəyini deyərək onları aktiv olmağa, internet təbliğatında ciddi şəkildə çalışmalar gerçəkləşdirməyə çağırıb.
Bakı İstanbul Liseyinin təmsilçisi Tural Abasquliyev türk dünyasının birliyinin əhəmiyyəti barədə danışıb. O, bu birliyin verə biləcəyi faydaları şagirdlərə izah edərək onların gələcək həyatlarında Türk Dünyasının inteqrasiyasının ciddi rol oynayancağını qeyd edib. T.Abasquliyev birləşmiş Türk Dünyasının təhlükəsizlik məsələsindəki roluna diqqət çəkərək, gələcək nəslin təhlükəsiz məkanda, ölkədə yaşamasının böyük nemət olduğunu bəyan edib. O, bu çalışmalarda Azərbaycanın xüsusi rolunu da qeyd edib.
Qeyd edək ki, son illər türk dövlətləri təşkilatının birliyi istiqamətində çalışmalar genişlənməkdədir. Bu fəaliyyətlərin genişlənməsində Azərbaycan Respublikasının, onun siyasi rəhbərliyinin, ictimai-siyasi şəxslərinin əvəzsiz xidmətləri var. Layihəni həyata keçirməklə Müasir İnkişaf Birliyi TDT-nin missiyası, onun Azərbaycana faydaları, Azərbaycanın bu təşkilatın formalaşmasında, inkişafında oynadığı rolu araşdırmağı, təbliğ etməyi qarşıya məqsəd qoyub.