Buna görə də daha çox sahibkarlar tərəfindən uyğun addımların atılması əhəmiyyətli və təsirli hesab olunur
Son vaxtlar qurumlarda vakansiyaların gizlədilməsi, ictimaiyyətlə bölüşülməməsi ilə bağlı bir sıra şikayətlərin şahidi oluruq. Vəziyyət o qədər ciddi hal alıb ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında deputat Aqil Məmmədov bununla bağlı məsələ qaldırıb. Deputat dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsini əsas gətirərək belə addım atan qurumların rəhbər şəxslərinin cəzalandırılmasını tələb edib: “Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq.
Vətəndaşların əsas şikayəti dövlət qurumlarında yaranan vakansiyaların Dövlət Məşğulluq Agentliyinə verilməməsindəndir. Dövlət qurumlarında elə işlər var imtahanla işə götürülür, amma texniki işçilərlə bağlı yaranan vakansiyalar yerli qurum və Dövlət Məşğulluq Agentliyi ilə birgə həllini tapmalıdır. Biz bu mexanizmə yenidən baxmalıyıq. Bu məsələlərlə bağlı yeni mexanizm tətbiq edilməlidir. Dövlət qurumlarında yaranan vakansiyalarla bağlı məlumat verməyən qurumlar müvafiq qanunvericiliyimizə uyğun cavab verməlidir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, vakansiyaların gizlədilməsinə görə kifayət qədər məsuliyyət mexanizmi nəzərdə tutulub. Bu istiqamətdə vətəndaşların marağını nəzərə alaraq hansısa bir şəkildə pozuntu varsa, buna xüsusi diqqət yetirilməlidir və bu, sərt formada cəzalandırılmalıdır: “Çünki hər bir vakansiya həm də kimin üçünsə ümid yeridir. İnsanlar bu iş yerini tapmaq, yaxud da hansısa bir sahədə işləmək üçün fürsətdən yararlanmalıdırlar. Hansısa müəssisənin, dövlət orqanının kimisə bundan məhrum etməyə ixtiyarı yoxdur. Bu mənada vəzifəli şəxslər ciddi məsuliyyət daşımalıdırlar”.
Fazil Mustafa xatırladıb ki, qanunvericilikdə də bunu ehtiva edən maddələr var: “Bu, bir sıra hallarda unudula bilir. Amma hər halda buna nəzarət edən qurumlar məsələyə çox ciddi yanaşmalıdırlar".
İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az"a açıqlamasında bildirib ki, iş yerlərində vakansiya ilə bağlı məlumatın verilməsi əmək bazarında planlaşdırma və əmək bazarının tələblərinin öyrənilməsi baxımından vacibdir:
“İş adamlarının yeni vakansiya elanlarını könüllü şəkildə təqdim etməsi daha məqsədəuyğundur. Bu həm onların vakansiyası ilə bağlı məlumatlandırmanı artırmış olar, həm də vətəndaşlar həmin vakansiya ilə bağlı digər xəbərlərlə də tanış ola bilərlər. Bununla yanaşı, məşğulluq idarələri də həmin vakansiyaya uyğun olaraq iş axtaranın yönəldilməsini və vakansiyalar üzrə təqdim olunmasını həyata keçirə bilər. Ona görə də iş adamlarının, sahibkarların bu məsələdə aktiv olması çox vacibdir.
Lakin çox hallarda heç də aktiv fəaliyyəti, yanaşmanı müşahidə etmirik. Hətta saxta vakansiyalara belə rast gəlinir. Buna görə də daha çox sahibkarlar tərəfindən uyğun addımların atılması əhəmiyyətli və təsirli hesab olunur. Düşünürəm ki, burada dövlət və özəl sektorun tərəfdaşlığı çox önəmlidir. Dövlətin bu istiqamətdə keçirdiyi tədbirlərə uyğun olaraq özəl şirkətlər tərəfindən də analoji addımların atılması vacibdir”.
İqtisadçı qeyd edib ki, bir çox hallarda işəgötürən şəxs vakansiyalara uyğun olaraq öz tanıdığı insanları yerləşdirir, nəticədə kənarda olan şəxslər o imkanlardan istifadə edə bilmirlər: “Lakin mövcud qanunvericiliyə edilən son dəyişikliklərə görə artıq işəgötürənlər boş iş yerlərini gizlədə bilməyəcəklər. Yəni “Məşğulluq” altsisteminə bunun inteqrasiyası nəticəsində işəgötürənlər tərəfindən vakansiyaların gizlədilməsi çərçivəsi daralacaq. Nəticədə işaxtaran şəxslərin geniş imkanları yaradılacaq.
Əmək müqaviləsi bağlanan zaman boş iş yeri “Əmək və Məşğulluq” altsisteminin vakansiya bankında yer almasa, həmin iş yeri üzrə əmək müqaviləsi bildirişi bağlamaq texniki baxımdan mümkün olmayacaq.
İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə işəgötürənlərin üzərinə məsuliyyət qoyulub. Məcəllənin 540.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Digər müddəada isə vakansiyaların gizlədilməsi ilə bağlı cərimələrin məbləği müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir. Məcəllədən göründüyü kimi, işəğötürən boş iş yerləri haqqında konkret olaraq 5 gün müddətində məlumat təqdim etməsə, 500 manatdan 1.000 manatadək cərimə olunacaq".