Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Aydın hiss olunur ki, əvvəlki klassik ailə dəyərləri zəifləməyə başlayır
“Həqiqi statistikaya görə, son 10 ildə boşanmalar Azərbaycan cəmiyyətinə xarakterik olmayan tərzdə artıb”
Son illər Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, ailə dəyərləri dəyişikliyə uğrayıb. İnsanların şəxsi karyera, iqtisadi və sair yönümlü inkişaf və maraqlarının ailə tərzi ilə müqayisədə üstün tutulması artmağa başlayıb. Hazırda kişi və qadınların ailə dəyərləri, ailənin strukturu, funksiyaları ilə bağlı dünyagörüşünün dərin transformasiyası nəzərə çarpır. Bu, müasir ailənin mənəvi təməllərində dərin böhranla müşayiət olunan dəyişikliklərdə özünü büruzə verir.
Son illər boşanma sayının sürətlə artması da cəmiyyətdə ailə təməllərinin, ailə institutunun sarsılmasına gətirib çıxarır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2023-cü ildə 21688 boşanma qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 5700 vahid və ya 36 faiz artıb.
Boşanmaların bu miqyasda artması ictimaiyyət arasında ciddi narahatlıq doğurur, ailələrin dağılması ölkənin ən aktual və ciddi problemlərindən biri kimi dəyərləndirilir. Boşanmalar ailə anlayışını ciddi dərəcədə zədələdiyi kimi, demoqrafik göstəricilərə də mənfi təsir göstərir. Tarixən köklü mental ənənələri, ailə dəyərləri və əxlaqi keyfiyyətləri ilə qonşu xalqlarıdan seçilən azərbaycanlılar arasında boşanma sayının artımı müxtəlif səbəblərlə izah olunur. Bir çoxları boşanmaların başlıca səbəblərini müasir dövrün dəyişdirdiyi ənənəvi qaydaların sıradan çıxması ilə əlaqələndirsə də, bəzi insanlar boşanmanın sivil cəmiyyətlərdə normal bir seçim olduğunu dilə gətirirlər. Bəzi ekspertlər isə statistik göstəricilərin reallığı əks etdirmədiyini, yəni boşanmaların artmasında saxta boşanmaların da rol oynadığını düşünür.
Ötən günlərdə məsələ Milli Məclisin müvafiq komitəsində, həmçinin plenar iclaslarda gündəmə gətirilib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında saxta boşanmalardan danışıb: "İki ildə 38 minə yaxın boşanma faktı səthi yanaşdıqda yanlış qənaətlər yaradır, azərbaycanlı ailə modelinin kəskin aşınmaya məruz qaldığını nümayiş etdirir. Son 10 ildə boşananların ümumi sayı 138 min təşkil etdiyi halda biz onun digər indikatorlar vasitəsilə əsaslanmadığını görürük”.
O, saxta boşanmaların kütləvi hal aldığını deyib. “Onun səbəbləri üzərində indi dayanmaq istəmirik, çünki gerçək məqsədlərin göstərilməsi xalqımızın əleyhinə platformalarda istifadəyə rəvac verə bilər. Lakin həqiqət ondan ibarətdir ki, vətəndaşlarımızın müxtəlif niyyətlərlə süni, gerçək olmayan ayrılmaya getməsi, reallıqda təsdiqini tapmayan nikahın pozulması faktlarının, qərarlarının qarşısının alınması üçün müvafiq Hökumət qurumları ilə birgə tədbirlərə ehtiyac var".
Ekspertlər deyir ki, bəzi hallarda müxtəlif maddi imtiyazlardan faydalanmaq üçün, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməməsi üçün cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin - ər və ya arvadın mülkiyyətində olan əmlaklarının müsadirə olunmaması məqsədilə saxta boşanmalar olur.
Hüquqşünaslar isə qeyd edir ki, saxta boşanmaları real ayrılıqlardan fərqləndirmək mümkün olmur. Nikahın pozulmasının qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir, prosedurlara tam riayət edildiyi üçün saxta boşanmaları ayırd etmək olmur.
Bununla bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub Publika.az-a açıqlamasında saxta boşanmaların müxtəlif səbəbləri olduğunu qeyd edib: “Onlardan biri isə evlənmədən boşanmaq istəyidir. Bəzi şəxslər qarşı tərəfin puluna görə onunla ailə qurur. Təəssüflər olsun ki, hüquq və qanunvericilikdə bununla bağlı bir sıra boşluqlar mövcuddur. Həmin boşluqlardan biri də məhz qeyd etdiyim məqamdır. Məlumdur ki, boşanma zamanı kişinin əmlakı yarıya bölünür.
Bəzi xanımlar da qəsdən, məqsədli şəkildə həyat yoldaşının, ərinin əmlakına sahib çıxmaq üçün evlənirlər və qısa müddətdən sonra boşanırlar. Hüquqda bu boşluq aradan qaldırılmalıdır. Sürətlə artan boşanmaların qarşısını hüquq və qanunvericiliyi yenidən tənzimləməklə ala bilərik. Hazırda saxta boşanmanın statistikası yoxdur. Bütün hallarda hüquqda boşluq varsa, onda bu, sui-istifadələrə yol aça bilir”.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bəzən bu kimi hallara rast gəlmək mümkündür: “Bəzi ailələr sosial yardım almaq üçün belə üsullara əl atırlar. Bu cür halla rayonlarımızın birində qarşılaşmışam. Sosial yardıma görə ailə saxta olaraq boşanmışdı. Sonradan isə ailə həqiqətən də dağıldı. İnsanlarda bir qorxu var ki, rəsmi nikah olarsa, onların mülkləri əllərindən çıxacaq. Buna görə də adətən vətəndaşlar dini nikaha daxil olur, yaxud nikaha daxil olsalar belə, qadını qeydiyyata salmırlar. Ümumiyyətlə, belə ailələrdə həmişə münaqişə olur. İnsanlar anlamır ki, birgə evlilik dövründə əldə edilən bütün maddi nə varsa, bölünə bilər”.
Psixoloq Azad İsazadə isə “Sherg.a”a açıqlamasında saxta boşanma faktlarının elə də böyük sayda olmadığını deyib:
“Düşünmürəm ki, boşanmaların artması süni boşanmalar hesabınadır. Bu tip boşanmalar çox az faiz təşkil edir. Yəqin ki, cütlüklər bundan hansısa formada xeyir qazanmaq istəyirlər. Saxta boşanmaqla real boşanmanın fərqini tutmaq mümkün deyil. Bu, onların seçimidir və belə qəbul edirlər. İstəyirlər, nikahda yaşayırlar, istəyirlər boşanıb birgə yaşayırlar. Saxta boşanma və nikahların hüquqi aspektləri daha çoxdur. Saxta nikahlar xaricdə vətəndaşlıq, viza almaq üçün daha çox həyata keçirilir. Bununla bağlı çoxlu sayda Amerika filmləri var. Ekspertlər bunu araşdırıblar. Məhkəmə ekspertizasında ekspertlər olsa, bəlkə də bunu müəyyənləşdirə bilərlər”.
A.İsazadə eyni zamanda dedi ki, saxta boşanma daha çox sovet dövründə də var idi. Məsələn, mənzil almaq üçün ailə saxta formada boşanırdı, amma ər-arvad bir yerdə yaşayırdı:
“İndi də bu hallar var. 12 min boşanmanın içində 2-4 min, bəlkə daha çox saxta ayrılma ola bilər. Belə hallarla da rastlaşmışam ki, real boşanırlar və bir neçə ildən sonra barışıb bir yerdə yaşayırlar. Amma növbəti dəfə nikah bağlamırlar”.
A.İsazadənin fikrincə, boşanmalar son 10 ildə Azərbaycan cəmiyyətinə xarakterik olmayan tərzdə artıb: "Bu artım süni, saxta boşanmalar hesabına olan artım deyil. Düzdür, qeyd olunan faktlar var, yəni bəzi hallarda məcburi köçkünlər arasında əlavə əmlaka yiyələnmək üçün boşanan, sosial yardım proqramlarından istifadə etmək üçün bu yola əl atan insanlar var. Ancaq bu heç də o demək deyil ki, boşanmaların artım dinamikası süni boşanmalar hesabına yüksəlir. Özümüzü aldatmamalıyıq! Boşanma reallığı var. Biz bunu qəbul etməliyik və qarşısını almaq üçün tədbirlər görməliyik. Bir sıra seriallar, filmlər vasitəsilə artıq ənənəvi Azərbaycan ailə modeli yavaş-yavaş zəifləməyə başlayıb. Əvvəl Azərbaycan qadını boşanmanı faciə kimi qarşılayırdısa, indi çox normal qarşılamağa başlayıb. Əvvəllər boşanmış qadına ictimai qınaq vardısa, indi tolerant yanaşmalar var. Eləcə də kişilər köhnə stereotiplərdən uzaqlaşmağa başlayıb. Düzdür, məişət zorakılığı hadisələri baş verir. Bəzən köhnə stereotiplərlə yaşayan kişilər boşanmaya dözümsüz yanaşır, həyat yoldaşlarını təqib edir, öldürürlər. Ancaq hiss edirik ki, əvvəlki klassik ailə dəyərləri zəifləməyə başlayır”.