Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib.
Qafqazinfo xəbər verir ki, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.
Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videnu qadının ərinə və oğluna göndərəcəyini deyib. R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.
Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla ümumilikdə 42 min manat pul verib. Həkim ifadəsində deyir ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.
Bir müddət sonra Ramin başqa cinayətə görə həbs edilib. Lakin o, həbsdə olduğu vaxt da həkimi şantaj edib, yanına sovqat gətirməsini istəyib. Həkim xanım isə yenə də çəkinərək onun yanına gedib, istədiyi şeyləri aparıb.
Zərərçəkmiş şəxs bir müddət sonra bankdan götürdüyü krediti ödəyə bilməyib. Digər tərəfdən də hədə-qorxular davam etdiyi üçün polisə şikayət edib.
R.Əkbərova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, zərərçəkmişi və ərini çoxdan tanıdığını, nəyə görə sonradan ondan belə bir ittihamla şikayət etdiyini bilmədiyini deyib.
Sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə şantajdan istifadə edirlər:
“Gəlir əldə etmək və yaxud da kiminsə işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə bu və ya digər şəkildə şantaj üsulundan istifadə edirlər. Özəlliklə də bu sosial şəbəkələr, rəqəmsal cəmiyyət və internet dövründə daha çox aktuallıq kəsb etməyə başlayıb. Bəzi insanlar kompromant şəkildə insana yanaşaraq istədiyinə nail olduqdan sonra həmin şəxsi şantaj edərək məqsədlərini həyata keçirməyə çalışır. Ancaq unutmaq olmaz ki, belə məqsədin sonu yoxdur. Bu məqsədin sonu ancaq hüquqi məsuliyyətdir. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bunlar aydın şəkildə qeyd olunur. Məsələn, Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə hüquqi məsuliyyət var. 148-ci maddəsində təhqirə görə hüquqi məsuliyyət nəzərdə tutulub və 182-ci maddə isə birbaşa şantaj etməklə hansısa bir məqsədini həyata keçirmək, mənimsəmə, özlərini hansısa bir gəlir əldə etmək məqsədilə şantaj etmək üçün hüquqi məsuliyyət xüsusilə nəzərdə tutulub. Güman edirəm ki, bu əməlləri törədənlər bilməlidirlər ki, belə üsul heç bir halda keçərli deyil. Sadəcə olaraq insanlar və şəxslər ayıq olmalıdır. Yəni bilməlidirlər ki, qarşısındakı insan könül oğrusudur və hissləri ilə oynayaraq bundan çirkin məqsədlər üçün istifadə edə bilər. Ona görə də insanlar maksimum şəkildə öz təhlükəsizliyini təmin etməlidir. Təmasda bir sərhəd olmalıdır. Eyni zamanda, əgər belə bir tələyə düşsə, yəni kiminsə şantajına məruz qalsa, o, şantajçının girovuna çevrilməməli, dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir. Çünki şantajçı ondan əl çəkməyəcək, əksinə daha da irəli gedəcək və böyük ambisiyalarla, tələblərlə çıxış edəcək. Bu hal şantaja məruz qalanın həyatını faciəvi bir duruma, hətta özünü öldürmə həddinə də gətirib çıxara bilər. Hüquq mühafizə orqanlarına zəng etməkdən çəkinməməlidir. Şantaj edənə çatdırmalıdır ki, sən şantaj edirsənsə, hüquq mühafizə orqanlarına müraciət edəcəm. Əgər şantajçı yenə də eyni hərəkəti törədirsə, şantaja məruz qalan şəxs bunu hüquq mühafizə orqanlarına bildirməlidir. Eyni zamanda, şantaj edən şəxs də bilməlidir ki, təkcə rüsvayçı məlumatların, aşağılayıcı məlumatların, şantaj materialının təkcə dərc edilməsindən sonra cinayət məsuliyyəti başlamır. O, artıq şantaj edəndə artıq cinayət hadisəsi başlamış olur. Bu daha çox sosial şəbəkə, internet resursları ərsəyə gəldikdən sonra çoxalıb və buna görə də şəxslər vətəndaşlar ayıq və diqqətli olmalıdır. Qarşı tərəfə çox açıq olmamalıdırlar. Özlərini qorumağı, informasiya təhlükəsizliyini və şəxsi təhlükəsizliyini qorumağı bacarmadılar. Şantajçıya adekvat cavab verməlidir. Bununla bağlı həm də çox yaxşı olar ki, sosial media üzərindən kütləvi informasiya vasitələri ilə insanlar məlumatlandırılsınlar. Həmçinin insanların ayıq-sayıq olması üçün məlumatlandırıcı sosial çarxlar verilsə daha məqsədəuyğun olardı”.