Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 622 uşaq övladlığa verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.
Qeyd edilib ki, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir:
"Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib".
Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a bildirdi ki, bəzən övladlığa verilən uşaqları sonradan istəmirlər:
“Hətta bəzi hallarda qoruyucu ailələr uşaqların ad, soyadını dəyişir və qaldıqları ərazidən köçərək başqa yerdə yaşayırlar. Bunları ona görə edirlər ki, uşaqlar sonradan övladlığa götürüldüyünu bilməsinlər. Bu vəziyyəti normal hesab edirəm. Lakin adiyyatı strukturlar bu haqda məlumatlı olmalıdırlar. Çünki uşaqların sonrakı taleyi nəzarət altında saxlanılmalıdır. Həmçinin mütəmadi olaraq uşaqların yaşayışı, ailədəki vəziyyəti bilinməlidir. Çünki qoruyucu ailənin uşaqları öz xeyir üçün istifadə etməsi və ya uşaqların istismara məruz qalması halları ola bilər. Ona görə də daim nəzarət lazımdır”.