"Şərq" qəzetində dərc olunmuş “Narkomaniya artıq məktəblərdə “çiçəkləyir”” sərlöhvəli məqaləyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis baş leytenantı Zeyni Hüseynov münasibət bildirib.
Açıqlamanı təqdim edirik:
- Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması dünyanın bütün dövlətlərini narahat edən qlobal problemlərdən biridir. Onun həlli – əks tədbirlərin kompleks şəkildə aparılmasını, dövlətin, cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, media subyektlərinin səylərinin birləşdirilməsini tələb edir.
Məsələnin ciddiliyi və milli maraqlar nəzərə alınaraq, respublikamızda uzun illərdir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də dövlət səviyyəsində məqsədyönlü və uğurlu siyasət reallaşdırılır. Görülmüş təşkilati tədbirlərlə beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılmış, institusional islahatlar aparılmış və artıq, geniş tədbirləri əks etdirən sayca dördüncü Dövlət Proqramı icra olunur.
Bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarından olan Daxili İşlər Nazirliyi, öz növbəsində, narkotiklərin qeyri-qanuni istifadəsinə tələbatın azaldılması, satışının mümkünsüzlüyə çevrilməsi üçün aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə davamlı iş aparır.
Belə ki, 2024-cü ilin 8 ayı ərzində indiyədək narkotiklə bağlı 7043 fakt qeydə alınıb: "Ümumilikdə qeyd olunan dövr ərzində polis əməkdaşları tərəfindən 3 ton 711 kq narkotik vasitə qeyri-qanuni dövriyyədən çıxarılıb. Onlardan 3 ton 32 kq marixuana, 436 kq heroin, 114 kq isə tiryəkdir. Keçirilən tədbirlərlə 151 kq metomfetamin aşkar olunaraq dövriyyəsinin qarşısı alınıb.
Ümumilikdə cari ilin 8 ayı ərzində narkotiklə bağlı 4967 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlar arasında da yetkinlik yaşına çatmayan şəxs yoxdur.
Bundan başqa indiyədək ölkədə narkotik vasitələrin istehsalına aid də fakt qeydə alınmayıb.
Daxili İşlər Nazirliyi hüquqi məsuliyyət tədbirlərinə paralel olaraq əhali arasında, xüsusilə təhsil müəssisələrində geniş maarifləndirmə işləri həyata keçirir. İnsanları, ilk növbədə gəncləri narkomanlığın doğurduğu təhlükələr barədə məlumatlandırmaq, onun acı nəticələrini yaşamaqdan çəkindirmək məqsədilə, respublikanın şəhər və rayonlarında hər il yüzlərlə belə görüş təşkil edilir. Təkcə cari ilin ötən dövründə respublikanın 78 şəhər və rayonunda 350-dən artıq görüş təşkil edilib ki, həmin görüşlərdə də bütünlükdə yeniyetmə və gənclər iştirak ediblər. Bu tədbirlər yeni təhsil ilindən də fasiləsiz olaraq davam etdiriləcəkdir.
Bütün bu görülən işlərlə yanaşı sosial şəbəkələr üzərindən də maarifləndirmə işi davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyinin rəsmi səhifələri ilə yanaşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin də səhifələri də mövcuddur ki, vətəndaşlar bu səhifələrin mesaj bölməsinə hətta anonim şəkildə də müraciət edə bilərlər. Həmçinin səhifələrdə davamlı olaraq narkotik vasitələrin vurduğu zərərlər, yaratdığı təhlükələr barədə postlar və videoçarxlar paylaşılır.
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədbirlər fasiləsiz olaraq davam etdirilir. Heç bir halda narkotik faktı ilə əlaqəli hala qarşı münasibətdə etinasızlığa yol verilmir.