Bununla da, şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq
“Zatən sakinlərin İçərişəhərdə görəcəyi bir iş qalmayıb. İçərişəhər sakinlərin deyil, xaricilərindir”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan paytaxtının görkəmini formalaşdıran tarixi görməli yerlərin cəmləşdiyi guşədə xüsusi layihə həyata keçirilir. Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə “İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək. Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır. Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir. İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur. Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib. Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib. Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir. Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq. Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək. Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bununla da, şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.
Həmişə olduğu kimi yenə ilk baxışda, zahirən hər şey əla görünür: İçərişəhər sakinlərinin, qonaqların, turistərin də rahatlığı təmin edilir, fərdi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla piyada zonası genişləndirilir, mikromobillik artırılır. Sual doğuran məqamlarasa aydınlıq gətirilmir; İçərişəhər sakinləri şəxsi avtomobilləri ilə Qoşa Qala qapısından giriş edə biləcəklərmi, yoxsa yalnız Neftçilər prospekti istiqamətindən İçərişəhərə daxil ola biləcəklər? Əgər İçərişəhərə girişə yalnız Neftçilər prospekti istiqamətindən icazə veriləcəksə, Bayıl, “20-ci sahə”, eləcə də Bakı-Ələt yolu ilə üzü şəhərə hərəkət edən sakin İçərişəhərə Neftçilər prospekti istiqamətindən necə, nə cür, hansı formada giriş edəcək? Haradan dönəcək? Məlumdur ki, üzü şəhər istiqamətində bu prospektdə yolun sağıyla hərəkət edir avtomobillər, sol yol üzü Bayıl istiqamətinədir. Belə çıxır ki, sakin avtomobillə İçərişəhərə daxil olmaq üçün irəliyə doğru xeyli yol qət edib Dənizçilik Akademiyası, "Abşeron Mariott" mehmanxanası tərəfdən ya Üzeyir Hacıbəyov, ya daq Zərifə Əliyeva küçələrinə dönüş edib təkrar prospektin sol yoluna çıxmalıdır ki, fırlanıb İçərişəhərə giriş edə bilsin. Yaşlı, qoca, əli uşaqlı, əlil, şikəst, xəstə insanları nəzərə alansa yoxdur. Hər kəsin şəxsi avtomobili də yoxdur. Birisi həkimdən, xəstəxanadan evinə taksi ilə gəlmək məcburiyyətində qalsa, taksi İçərişəhərə daxil olmayacaq ki, çıxışda ondan ödəniş tələb olunacaq. Müştəri gətirməyə razılaşan taksi sürücüsü də əlavə məsafənin pulunu da hesablayacaq. Budur, sakinlər üçün rahatlıq?!. Birdəfəlik elan etsinlər ki, İçərişəhərə girişin hər hansı forması qadağandır, sakinlər də işini bilsin. Zatən sakinlərin İçərişəhərdə görəcəyi bir iş qalmayıb. İçərişəhər sakinlərin deyil, xaricilərindir. “Sakinlərin rahatlığının pozilmasına” gəlincə, rahatlığı pozan təkcə fərdi avtomobillər deyil. İçərişəhərdə az qala hər addımda fəaliyyət göstərən mansarlı hotellər, mehmanxanalar, restoran, kafe-barlardır. Hansı ki müştəriləri İçərişəhərin küçələrində, dalanlarında, tarixi abidələr önündə dayanıb siqaret tüstülədirlər. Restoran və kafelərdən yayılan musiqi, səs-küy və kabab tüstüsüdür sakinləri narahat edən. Bunlara əncam çəkilə bilər?..