Bununla banklar həm öz işlərini asanlaşdırır, həm də vətəndaşın vaxtına qənaət edir
“Vətəndaş elektron qaydada kredit əldə etməklə faiz dərəcəsində endirim və ya hər hansı güzəşt əldə etmir, sadəcə, proses canlı şəkildə getmir”
Son zamanlar bankların bir çoxu məsafədən – onlayn kredit siyasəti yürüdür. Bununla bağlı elanlar, reklam çarxları geniş yayılıb. Vətəndaşlara banka gəlmədən kredit almaq təklif olunur. Azərbaycan Mərkəzi Bankı ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır. Belə olan halda artıq müştərinin banka gəlməsinə ehtiyac qalmayacaq. Bakupost.az -a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, məsafədən kreditləşmə ilə bağlı xaricdə təcrübə var. Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq. Mərkəzi Bankın ölkədə məsafədən kreditləşməni tənzimləməsinə səbəb xeyli problemlərin ortaya çıxmasıdır. Burada əsas şərt şəxsin eyniləşdirilməsidir: “Nəzərə almaq lazımdır ki, son zamanlar tıxac olduğu üçün bir nöqtədən başqa nöqtəyə çatmaq çox da asan deyil. Bu qayda banklar üçün də əlverişli olacaq. Onlar artıq çox işçi saxlamayacaqlar. Lakin tənzimlənmə elə qurulmalıdır ki, sonra problem çıxmasın".
Kreditlərin verilməsində məsafədən idarəetmənin müsbət cəhətlərindən danışan iqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında bildirdi ki, ölkədə onlayn xidmət sahələri genişlənir:
- Vətəndaşın şəxsi məlumatları, kredit tarixçəsi, şəxsiyyət vəsiqəsi, zatən elektron hökumətdə var və tələb olunan zaman rahat şəkildə əldə edilir. İndi ASAN imza, “SİMA” tətbiqi də var. Bunlar vasitəsilə vətəndaş identifikasiya edilir, şəxsiyyəti müəyyənləşdirilir. Hər şey elektronlaşıb. Vətəndaşın iş yeri, maliyyə imkanları, əmək haqqı, öhdəlikləri haqqında məlumatlar elektron qaydada müəyyənləşdirilə bilir. Vətəndaş da banka gəlmədən ASAN imza və ya SİMA vasitəsilə xidmtələrdən istifadəni təsdiqləyir. Kredit götürmək istəyən şəxs də elektron qaydada sənədləri imzalayır. Kredit məbləği artıq nağd deyil, köçürmə yolu ilə vətəndaşın hesabına yüklənir. Kreditlərin elektronlaşması mümkündür və bu xidmətdən istifadə edən banklar var. Mərkəzi Bank da məsafədən kreditləşməni tənzimləməyə çalışır. Proses bitdikdə Mərkəzi Bankdan kredit götürmək istəyən şəxs çətinlik çəkmədən, vaxt itirmədən kredit ala biləcək. Bununla vətəndaşa göstərilən xidmət asanlaşır. Bank da prosesi məsafədən, elektron qaydada həll edir.
X.Kərimli qeyd etdi ki, kreditlərin birbaşa bank vasitəsilə nağd ödənilməsi ilə elektron köçürmələr arasında faiz dərəcəsi fərqi yoxdur:
- Nağd ödənişdə bank faizi necədirsə, elektron qaydada ödənişdə də dəyişmir. Vətəndaş elektron qaydada kredit əldə etməklə faiz dərəcəsində endirim və ya hər hansı güzəşt əldə etmir, sadəcə, proses canlı şəkildə getmir, vətəndaşın üstünlüyü budur ki, banka şəxsən getməyə ehtiyac qalmır, istədiyi krediti elektron qaydada, köçürmə yoluyla əldə edir. Bununla banklar həm öz işlərini asanlaşdırır, həm də vətəndaşın vaxtına qənaət edir.