Yeni ilin yaddaqalan olmasını istəyən vətəndaşlar adətən bölgələrə üz tuturlar.
Amma yaradılan şərait göz oxşadığı qədər qiymətlər də bir o qədər gözalıcıdır. Xüsusilə turizm bölgələrində fəaliyyət göstərən hotellərin Yeni il qiymətləri indidən bəllidir.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Yeni il paketi təklif edən Şuşa, Xankəndi, Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən hotellərdəki məbləğləri araşdırıb. Məlum olub ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən bəzi hotellərdə artıq yer yoxdur. Burada 2 nəfər üçün 1 900 manata təklif edilən yerlər də var.
Qusardakı bəzi hotellərdə isə minimum 3 gecələmə olmalıdır. 2 nəfərə tələb edilən qiymət isə 5 100 manatdır. Bura səhər, axşam yeməyi və şou-proqram daxildir. Kifayət qədər yüksək olan qiymətlər barədə ekspertlər nikbin düşünürlər.
"Mən deməzdim ki, bu il qiymətlər keçənilkindən yüksək olacaq. Hər il bizdə turizm bazarında təkliflərin və xidmətlərin sayı artır. Qiymətlər isə uyğundur", - deyə turizm eksperti Ceyhun Aşurov Baku TV-yə açıqlamasında bildirib.
Ekspertlər deyirlər ki, qiymətləri bazar formalaşdırır. Təklif edilən paketin alıcısı olmasa, satanı da olmaz.
Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, qarşıdan istirahət günləri gəlir:
“İstirahət günlərində bir həftə qeyri iş günü var. Aydın məsələdir ki, yeni il ərəfəsində insanların səyahətləri çoxalır. İstər ölkə daxilində, istərsə də ölkə xaricinə səfərlər edirlər. Artıq regiondakı otellər və turizm mərkəzləri öz təkliflərini hazırlayıb. Hər bir yerin müxtəlif qiymətləri var. Günlük 150 manatdan, 2000 manata qədər qiymətlərdə mövcuddur. Bu təkliflər keçən ilkinə uyğun olaraq eynidir. Yəni deyə bilmərik ki, bu ilki qiymətlər keçən ildən bahadır. Çünki artıq getmə bazarı da bərpa olunmağa başlayıb. Ölkə daxilində bəzi regionlarda iri otellərdə yeni il şənliyi və s. ziyafət daxil qiymətlər olsa da, eyni zamanda yeni açılan otellər və kənd evləri də təklif olunur. Bu təkliflər müəyyən qədər qiymətin daha da sərtləşməsinin qarşısını alır.. Digər tərəfdən İstanbul, Doha, Dubay və Misirə səyahət, təkliflərinin sayı artıb. Lakin qiymətlər elə də baha deyil. Bu, tam zövq məsələsidir. Bəzi insanlarımız ölkə daxilində istirahətə üstünlük verir, bəziləri isə ölkə xaricinə səfərlər etmək istəyirlər. Hər iki istiqamətdə aktivlik olacaq. Amma qiymətlərin keçən ildən baha olmayacağı gözlənilir”.