Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
Təkcə noyabrda isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, , İsraildən 26,5 min turist gəlib.
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"-a bildirib ki, son dövrlər Azərbaycana turist axını artmaqdadır:
“Ümumiyyətlə, dünya Covid və digər problemlərlə qarşılaşanda insanlar qapalı vəziyyətdə qaldıqdan sonra daha rahat şəraitə çıxmaq və gəzmək istədilər. Ümumiyyətlə insan xilqətində gəzmək, yeni yerlər kəşf etmək istəyi var. Hazırkı dövrdə isə son statistika yüksəlməkdədir və getdikcə turistlərin sayı artır. Təbii ki, ölkəmizdə keçirilən bütün tədbirlər ölkəmizin həm təhlükəsiz, həm dünyaya açıq, həm də tolerant olduğunu bir daha göstərir. 2012-ci ildə Euroviziya yarışından tutmuş, COP29, Formula 1 və digər yarışların, festivalların baş tutması ölkəmizin turist qarşılamağa , tədbirlərin keçirilməsinə açıq, və qonaqpərvər olduğumuzu sübut edir. Bu artım da Cop29 tədbirinin də öz təsiri var. Xüsusən son dönəmlər Hindistandan, Pakistandan turistlərin sayı getdikcə artmaqdadır. Onlar gələndə qrup şəklində gəlirlər. Fikrimcə digər istiqamətlərdə artıq inkişaf edir. Avropa, Avstraliya, Yaxın Asiya, Uzaq Asiya, Yaponiya, Koreya və Argentinadan Azərbaycana turistlər gəlir. Bu da ölkəmizin nüfuzunu və turizimimizin mütəmadi olaraq inkişaf tendensiyasını göstərir”.
Turizm üzrə ekspert Rəhman Quliyev isə bildirib ki, əvvəlki illərə nəzər salanda Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunduğunu görürük:
“Təbii ki, 27 faiz artımın olması, sevindirici bir haldır. Bu, böyük bir nailiyyətdir. Azərbaycana gələn turist sayının artmasının müəyyən faktorları var. Əsas faktorlardan biri də, Azərbaycanda COP29 tədbirinin keçirilməsi ilə bağlı böyük təşviq aparılmasıdır. COP29-a qədər olan turistlərin sayında da bu öz təsirini göstərdi. Hesab edirəm ki, belə bir tədbirə ev sahibliyi etmək Azərbaycanda ənənəvi hal alıb. Təbii ki, bu da ictimai asayişin yüksək səviyyədə qorunması, dini sabitçilikdən irəli gəlir. Bununla da heç bir problem yaşamadan turistlər rahat şəkildə Azərbaycana gəlib gedir. Həmçinin ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın bütün dünyada artan nüfuzu onu göstərir ki, Azərbaycan güvənlir bir ölkədir, söz sahibidir və öz suveren ərazilərini tam bərpa edərək münaqişəni arxada qoydu. Artıq Azərbaycanın istənilən nöqtəsində tam sabitçilikdir. Heç bir atəşkəs rejimi pozulmur, sərhəddə də, döyüş xəbərləri yoxdur. Bu isə ölkənin əminamanlığından xəbər verir”.