Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Mehriban Zeynalova: "Bizim əsas məqsədimiz uşaqların ailə ortamında böyüməsini, ailəyə sahib olmasını təmin etməkdir"
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” artıq uzun illərdir ki, icra olunur. Bu proqramın qəbul olunması Azərbaycan dövlətinin uşaqlara qayğısının bariz nümunəsidir. Uşaqların məhz ailə ortamında yetkin vətəndaş olaraq böyüməsini əsas şərt hesab edən Azərbaycan hökuməti bu məqsədə nail olmaq üçün sosial müdafiə strukturlarını hərəkətə gətirib. Burada əsas vəzifə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşür. Qeyd etməliyik ki, ötən illər ərzində dövlət strukturlarının əlaqəli fəaliyyəti nəticəsində müsbət statistika formalaşıb. 2024-cü il ərzində daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilir ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin də qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub. Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın isə ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Uşaqların ailələrə verilməsi, ailələrə qaytarılması, yaxud uşaqların dövlət müəssisələrinə verilməsinin qarşısının alınması prosesi necə baş verir?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin ən əsas şərtlərindən biri ailədir:
- Sirr deyil ki, natamam ailələrdə böyüyən uşaqlar hər iki valideyni olan, sosial cəhətdən təminatlı ailələrin uşaqlarından fərqlənir. Natamam ailələrin uşaqları çox zaman özgüvənsiz olur, tənhalığa meyil güclü olur belə uşaqlarda, sinif yoldaşlarından kənar gəzirlər, özlərinə inamları olmur, pessimist ruhda böyüyürlər. Azərbaycan dövlətinin əsas məqsədlərindən biri məhz budur ki, uşaqlar ailələrdə böyüsün, ailədə yetişsin. Ailənin uşaqların düzgün inkişafında rolu, əhəmiyyəti danılmazdır. Bu məqsədlə də dövlət müəssisələrinə yerləşdirilmiş uşaqların ailələrə verilməsi, himayədar ailələrin müəyyənləşməsi, eyni zamanda uşaqların dövlət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması vacibdir. Əlbəttə, burada söhbət ondan getmir ki, valideynini itirmiş, valideyn himayəsindən məhrum və ya öz vəzifəsini yerinə yetirməyən valideynlərin övladları dövlət müəssisəsinə yerləşdirilməsin deyə, nəzarətsiz qalsınlar, heç bir himayəsi olmayan uşaqlar taleyin ümidinə buraxılsın. Xeyr. Məsələn, “Təmiz Dünya” İB-nə müraciət edən qadınların hazırkı vəziyyətini biz öyrənirik, məlumat toplayırıq, müəyyən edirik həqiqətən vəziyyət necədir, bu qadın övladına nəzarət etmək, təmin etmək iqtidarındadır, ya yox. Bu müddət ərzində isə həmin uşaq, anası birliyin sığınacağında qalır. Bəzən belə olur ki, ailənin vəziyyəti öyrənilir, uyğunsuz durum olduqda uşağın dövlət müəssisəsinə yerləşdirilməsinə qərar verilir, bəzən də ailənin böyükləri ilə, həyat yoldaşları ilə aparılan söhbətlərdən sonra ailədə yenidən birgə yaşayış təmin edilmiş olur. Övladlar da valideynlərinin himayəsi altında yaşayırlar. Situasiyalar müxtəlif ola bilər. Hər situasiyaya görə uyğun qərar verilməlidir. Əsas məqsəd ailənin parçalanmaması, uşaqların ailə daxilində böyüməsinin təmin edilməsidir. Dövlət orqanları bu məsələyə həssas yanaşır, sosial cəhətdən aztəminatlı ailələrə dəstək olurlar. Qadınların işlə təmin edilməsi, uşaqların maddi təminatı və sair məsələlər həllini tapır.
M.Zeynalova qeyd etdi ki, uşaqların himayədar ailələrə verilməsi asan məsələ deyil. Bu məsələdə ciddi prosedur qaydalar mövcuddur:
- Qanunvericiliyə uyğun olaraq ƏƏSMN-də həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanır. “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. Himayədar ailələrə sosial dəstək olaraq himayəyə götürdükləri uşaqlara, yaş kateqoriyasına əsaslanaraq müavinət ayrılır. 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat müavinət ödənir. Hər 3 yaş qrupunda əlilliyi müəyyən edilmiş uşaq varsa, müavinətlərin miqdarı qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə artır. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilir. Ölkəmizdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri və internat məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri və xüsusi məktəblər, atılmış uşaqlar üçün körpələr evi və s. dövlət təlim-tərbiyə müəssisələri var. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu müəsssisələrdə dövlətin himayəsi altında yaşayır, Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir. Amma son illərdə ölkəmizdə sosial-iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması vətəndaşların sosial təminatını, maddi gəlirlərini artırır, bu da ümumilikdə ailələrin sosial vəziyyətinin yaxşılaşması deməkdir. Müsbət tendensiyalar dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, belə müəssisələrdə uşaqların sayının azalmasına, ailə mühitində inkişafının təmin edilməsi üçün onların ailələrə verilməsinə geniş imkanlar yaradır. Həmin imkanların reallaşdırılması üçün uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarının qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı da hazırkı mərhələdə De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxt yaşaması, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir. Bu proqramın icrası üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir ki, ailəsi olan uşaqlar aradan qaldırıla bilən səbəblərdən dövlət müəssisələrinə düşməsinlər. Dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin - icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s. yaradılması da önəmlidir. Uşaqların bioloji və ya alternativ ailələrə verilməsi imkanları genişləndirilməli və stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Ailələrin, uşaqların mövcud durumunun dəqiq müəyyənləşməsi üçün bu istiqamətdə sosial işçilərin hazırlanması sistemi yaradılmalıdır. Çünki bəzən uşaqların, ailələrin durumu düzgün müəyyənləşdirilmədən uşaq dövlət müəssisəsinə yerləşdirilir, əksinə, müəssisəyə yerləşdirilməsi vacib hal almış uşaq isə kənarda, nəzarətsiz, baxımsız qalır. Ona görə də sosial işçilər düzgün, ətraflı monitorinq aparmalıdır. Məqsəd nə daha çox uşağın dövlət müəssisəsinə yerləşdirilməsi, nə də dövlət müəssisəsindən uşaqların nəyin bahasına olursa-olsun, oradan çıxarılması olmalıdır. Bizim əsas məqsədimiz uşaqların ailə ortamında böyüməsini, ailəyə sahib olmasını təmin etməkdir. Bunun üçün də ailələrin sosial təminatı güclənməli, ailələrin mövcud durumu dolğun müəyyənləşməli, ailələrə düzgün məsləhət verilməlidir. Ölkəmizin, dövlətimizin sağlam gəncliyə malik olması bundan çox asılıdır.