Anlamaq istəmirlər ki, şəhər sakinlərinin rahatlığını təmin edəcək işlər görülməlidir
Bakı şəhərində abadlıq bir-iki dekorativ kol, gül əkməklə yekunlaşmamalıdır
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə BŞİH-in mətbuat xidmətindən bildirilib. Müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib.
Bakı şəhərinin mövsümi gül və çiçəklərin sayının artırılmasının vacibliyi vurğulanıb. Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir. Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlərə toxunan şəhər rəhbəri ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin yaratdığı iqtisadi modelin unikallığı ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı çox milyardlıq investisiya layihələri ölkənin ümumi sosial-iqtisadi inkişafına heç bir neqativ təsir göstərməyib. Üstəlik, hökumət əhalinin həssas təbəqələrinin sosial müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub, paytaxtda və ölkənin ən ucqar guşələrində infrastrukturun təkmilləşdirilməsi üçün böyük işlər həyata keçirilir. Müşavirədə Eldar Əzizov Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə müşavirələr periodik keçirilir:

- Payız-qış, yaz-yay mövsümünə hazırlıq, tikinti-abadlıq işlərinin gedişatı ilə bağlı belə müşavirələr həmişə keçirilir. Əsas olan keçirilən müşavirələrin real nəticəsinin olmasıdır. Şəhərin təmizliyi, abadlığı, mövsümi gül-çiçəklərin əkilməsi ancaq şəhərin mərkəzi ilə məhdudlaşmamalıdır. Bir neçə gün əvvəl Hövsan qəsəbəsindəki parkın baxımsız vəziyyətdə olması barədə xəbər verilib. II Dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidə köhnəlib, hərflər qopub düşüb. Bakıətrafı qəsəbələrə də diqqət ayrılmalıdır. Şəhərdə yaşıllıqların sayı getdikcə azalır, səki problemi hələ də ciddi şəkildə qalmaqdadır. Səkilər mağaza, restoran, kafe, ofislər tərəfindən zəbt olunur. Yay mövsümündə bu, xüsusilə nəzərə çarpır, çünki restoran və kafelər açıq havada xidmət göstərə bilmələri üçün oturacaqları, masaları səkilərə düzürlər. Deyirlər, Bakı piyadayönümlü şəhərə çevrilir. Bəzi səkilərdə piyadalar üçün addım atmağa məsafə qalmır. Ümumiyyətlə, söhbət təmizlikdən gedirsə, bu, paytaxtın bütün ərazisini, şəhərətrafı qəsəbələri də əhatə etməlidir. Şəhərdə hərəkət edərkən bir çoxumuz küçələrdə, metrostansiyaların qaşrısında natəmizliyin şahidi oluruq. Kənar məhəllələrə, qəsəbələrə də ciddi diqqət yetirilmir. Belə olmamalıdır. Paytaxt şəhər kimi Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır. Şəhərin hansısa yerində yığın-yığın qalanmış zibilləri görən əcnəbi haqqımızda nə düşünər?! Əcnəbiləri bir kənara qoyaq, təmizlik ilk növbədə özümüzə lazımdır. Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın mərkəzdən kənar məhəllələri yenə əvvəlki kimi asfaltsız, natəmiz vəziyyətdə qalır. Mərkəzi küçələr abadlaşır, kənar küçələr olduğu kimi qalır. Belə çıxır ki, BŞİH kənar məhəllələrin, qəsəbə yollarının abadlaşmasına zərurət görmür. Bakının problemləri çoxdur. İctimai nəqliyyatdan tutmuş, tıxaclara və binaların zirzəmilərinə qədər. Amma nə görürük, binaların fasadı rənglənir, ağaclara əhəng çəkilir, dövlət strukturlarının inzibati binaları, binaların önü abadlaşır, gül-çiçəyə bürünür. Bununla da iş bitir. Hər inzibati rayonun illik büdcəsi var. Hər inzibati rayonda il ərzində görülməsi vacib işlər müəyyənləşməlidir və bu işlərin icrası aparılmalıdır. Bunun üçün də hər bir məmur vəzifəsinə vicdanla yanaşmalıdır. Hər inzibati rayonun icra orqanı öz ərazisində hansı işlərin görülməli olduğunu, sakinlərin nədən narazı qaldığını bilməlidir. Şəhərdə abadlıq bir-iki dekorativ kol, gül əkməklə yekunlaşmamalıdır. Şəhər sakinlərinin rahatlığını təmin edəcək işlər görülməlidir.