Şəhid ailəsinə hörmət kimi anlayışlar dəyərini itirib -Sosioloqdan SƏRT ÇIXIŞ

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.
Xəzər TV məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.
Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.
Şəxslərdən biri Birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.
Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki,  bu addım artıq inamın, insanlara olan etibarın, ümidin son nəfəsi deməkdir:

“Bir şəhid atasına, vətən üçün övladını qurban vermiş bir insana bu cür zülm etmək, nəinki qanun qarşısında, həm də vicdan və insanlıq qarşısında böyük bir cinayətdir. Onun insanlığa olan son ümidini sümürmək, son ümidini əlindən almaq, etibarından istifadə etmək artıq insanlıq deyil. Hətta deyə bilərik ki, atanı aldadan məxluqlar insan deyil. Əgər bir qazinin, bir şəhidin atasına, valideyninə qarşı bu cür hərəkəti törədirlərsə demək ki, hamıya hər şeyi edə bilərlər. Yəni onlarda o empatiya, mərhəmət və hörmət yoxdur ki, bu insanın övladı mənim və övladlarımın sağlamlığı, təhlükəsizliyi uğrunda öz canını verib?! Bəziləri üçün artıq insanlıq, vicdan, şəhid ailəsinə hörmət kimi anlayışlar dəyərini itirib. Pul, mənfəət və fərdi maraq bu insanların gözünü bürüyür. Təəssüf ki, bəzi hallarda bu cür vicdansızlıqların qarşısı vaxtında alınmır və ya yetərincə sərt tədbir görülmür. Bu da digərlərinə “onsuz da tapılmır” fikrini aşılaya bilir. Belə hadisələr dərhal ciddi şəkildə araşdırılmalı, ictimaiyyətə açıqlamalar verilməli və günahkarlar sərt cəzalandırılmalıdır. Yalnız bu halda insanlar da özlərini daha güvəndə hiss edə bilər. Ən acısı isə budur ki, şəhid ailələri bizim üçün müqəddəsdir. Onlara dəyən hər bir zərbə bütün cəmiyyətə dəyən zərbədir. İnsanlarda bu cür bədbəxliklərin, vəhşiliyin olmaması üçün ailə tərbiyəsindən tutmuş, cəmiyyətə və qanunlara qədər hər sahədə ciddi yanaşma lazımdır.”.