Psixoloq: Müharibədə ən həssas qrup uşaqlardır

Azad İsazadə: Müharibənin uşaqlara vurduğu psixoloji zərbə illərlə qalır

Texnologiyanın inkişafı insan həyatını asanlaşdırsa da, müharibə şəraitində dağıdıcı gücə çevrilir. Bir zamanlar döyüş meydanları əsgərlərin üz-üzə gəldiyi konkret coğrafiyalarla məhdudlaşırdı. Bu gün isə texnologiyanın yaratdığı imkanlar müharibənin sərhədlərini görünməz edib. Uzaq məsafələrdən idarə olunan silahlar, yüksək dəqiqlikli raket sistemləri düşmənə, ölkə daxilindən zərbə endirməyə imkan yaradır. Artıq müharibələr insanların gündəlik həyatının içində baş verir. Savaşın ağır yükünü isə heç vaxt silah tutmayan, müharibənin səbəbini belə anlamayan günahsız uşaqlar daşıyır. Unutmayaq ki, müharibə torpaqları geri qaytara bilər, lakin itirilmiş uşaqlığı geri qaytarmaq mümkün deyil.

Bəs müharibədən əziyyət çəkən uşaqlara psixoloji baxımdan necə dəstək göstərməliyik?

Psixoloq Azad İsazadə Sherg.az-a bildirib ki, müharibə və böhran vəziyyətində ən həssas sosial qruplar uşaqlar və yaşlılardır:

“Xüsusilə uşaqlar yaranmış təhlükədən necə qorunacaqlarını bilmirlər. Yaşlı insanlar isə təhlükənin mahiyyətini dərk etsələr də, fiziki baxımdan çətin durumda olduqlarına görə müdafiə imkanları məhduddur. Uşaqların təhlükəyə qarşı yüksək kompensasiya qabiliyyəti onların situasiyadan daha tez çıxmalarına imkan verir. Əgər təhlükə ciddi xarakter daşımırsa, uşaqlar bəzən bunu macəra xarakterli hadisə kimi qəbul edə bilərlər. Hərbi hücum əsnasında, valideynlərini itirən və ya yaralanan uşaqlar isə ciddi psixoloji travmaya məruz qalırlar”. 

Psixoloqun sözlərinə görə, vaxtında göstərilən psixoloji dəstək uşaqların böyüklərə nisbətən daha sürətlə adaptasiya olmasına şərait yaradır:

“Əks təqdirdə gecikdirilmiş dəstək uşaqlarda xroniki xarakter daşıya bilər. Gündəlik həyatımızda atalar demişkən, “valideyn tökəni uşaqlar yığır”. Bizim davranışlarımızı uşaqlar norma kimi qəbul edərək, sonradan təkrar etməyə meylli olurlar. Buna görə də valideynlərin hər addımı, sözü və davranışı uşaqların formalaşan dünyagörüşündə dərin iz buraxır. Valideynlər emosiyalarını ətraflarına yansıtdıqda, uşaqlar mövcud təhlükədən daha çox onların reaksiyasından qorxurlar. Bu səbəbdən valideynlər təhlükəli və qorxulu vəziyyətlərdə soyuqqanlı davranmalı, panikaya qapılmamalıdırlar. Uşaq, valideynin emosional sabitliyini müşahidə etdikdə, öz qorxularını daha yaxşı idarə etməyi öyrənir”.