Kərimin qohumu danışdı: "Artıq hər şey gecdir..."

Hazırda Kərim bəyin müalicəsi davam edir. Yataq xəstəsidir, gəzə bilmir, danışmaqda çətinlik çəkir. Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Kərim Novruzovun bacısı oğlu Rüstəm Cənnətov deyib. O, meyxanaçının səhhətinin normallaşmasının bundan sonra mümkünsüz olduğunu bildirib:

“Yaddaşını tam şəkildə itirdiyini demək olmaz. Hərdən xatırlasa da, sonradan unudur. Xəstə olduğu üçün bədəni tez yorulur, danışmaq istəmir. 3 ildir ki, insult keçirib. Beynində 5 yerdən qansızma var. Nə qədər qarşısını alsalar da, artıq heç nə etmək mümkün deyil. Bundan sonra Allah nə ömür veribsə, onu yaşayacaq. Onu əvvəlki halına gətirmək mümkün deyil. Yeməyini də biz yediririk”.

R.Cənnətov meyxanaçı Ağamirzənin sənət dostu Kərim bəyin ailəsinin maddi çətinlik çəkməsi ilə bağlı dediklərinə də aydınlıq gətirib:

“Heydər Əliyev Fondu sağ olsun, çox böyük dəstək oldu, əlindən gələni etdi. Lazım olsaydı, xaricə müalicəyə də göndərərdi. Bu günün özündə də klinikaya aparanda dəstək olur. Fond istənilən vaxt dəstək verir. Sadəcə olaraq dayım gəzə bilmədiyinə görə evdən çıxmır. Fevral ayında fond dəstək oldu, həkimə apardıq, ayaqları açıldı. Amma indi həkimlərin gücü çatmır ki, Kərim bəyi ayağa qaldırsın.

Kərim bəyin ailəsinin maddi çətinliyi dolanışıqla bağlıdır. Çünki ailədə işləyən, pul qazanan Kərim bəy idi. Oğlu montaj işinə baxır, birtəhər dolanırlar. Başqa gəlirləri yoxdur”.

Qeyd edək ki, meyxanaçı Ağamirzə “Ay Zaur” verilişində qonaq olarkən sənət dostu Kərimin yaddaşını itirdiyini demişdi.