"Geyimimi bəyənməyənlərdən çox, bəyənənlər oldu"

“Bu çıxışıma 1 ay müddətində hazırlaşmışam. Vaxtımız çox məhdud idi. Rəqqaslar Ukraynadan gəlmişdi. Onu da qeyd edim ki, onları bura gətirmək elə də asan olmadı. Səkkiz rəqqas və bir xoreoqraf idi. Onlar rəqsləri hazırlayıb Bakıya gəldilər. 3 günə öyrəndim. Anam İlahə xanımın sayəsində konsertim uğurla keçdi. Səhnə geyimlərim də, rəqqasların kostyumları da İlahə xanıma aiddir. Hamısı onun imzası ilə hazırlanıb”. 

“Sherg.az” xəbər verir ki, bu sözləri KİV-lə görüşündə müğənni Səmra Rəhimli deyib.

“Formula 1”də səhnə alan sənətçinin anası İlahə Bax isə qonorar barəsində verilən sualları belə cavablandırıb:
“Bu konsertə dəvət alanda qonorar haqda düşünmədik. Bu işığı Səmrada görüblərsə, böyük məsuliyyətdir. Səmranın orada olması və səhnədə o cür yüksək perfomans sərgiləməsi təqdirəlayiq idi. Müəyyən səbəblərə görə bir neçə dəfə dəyişməli olduq. Həm rəqqasların, həm də Səmranın libaslarının müəllifi özüməm. Libasların rəngləri Formulanın rənglərinə uyğun idi. Hətta işıq və dekorasiya rəngləri və s. yarışın ab-havasına uyğun qurulmuşdu”.

S. Rəhimli səhnədə tənqidlərə necə reaksiya verməsindən, həyəcan keçirib-keçirmədiyindən və anasının ona dəstəyindən də danışıb:
“Tənqidlərə heç vaxt fikir vermirəm. Geyimimi bəyənməyənlərdən çox, bəyənənlər oldu. Çalışdım ki, Bakıya gələn dünya ulduzlarından geri qalmayım. Heç vaxt səhnədə həyacanlanmamışam. Nə Avroviziyada, nə də “Formula 1”-in səhnəsində həyacan keçirdim. Səhnədə özümü öz qabımda hiss edirəm. 

Buna özgüvən deyirəm. Anam mənim əvəzimə daha çox həyacan keçirirdi. O, mənə həmişə arxa-dayaqdır və hər zaman güc verib. Anama güvənirəm. Bəlkə də başqa bir insanla çalışsaydım, öz mənafeyini güdəcəkdi. Amma anam mənim daha uğurlu olmağım üçün əlindən gələni edir”.