Eləcə gülümsəməyi vardı...

Sevgisi sevənlərin qəlbindən əskilməyən Babək Hüseynoğlu qədir bilənlər üçün örnək gəldi, örnək getdi!

Babək Hüseynoğlu ismi gənc nəslə tanış olmaya bilər. XX əsrin 80-ci illərinin sonunda “yenidənqurma” adlandırılan, nəticə etibarilə Sovet imperiyasının çöküşünün başlanğıcı qoyulan dövrü görənlər, gəncliyi meydan hərəkatında keçənlər və Azərbaycanın müstəqillik yolunda atılan addımlara şahidlik edənlər, Babək Hüseynoğlunu yaxşı tanıyır. ...Tanıyırdı.
Əzəli yurd  yerimiz Zəngibasarda dünyaya göz açan, illər sonra taleyi paytaxt Bakıya bağlanan, “Azadlıq” meydanının tribunasından səsi hər tərəfə yayılan, ölkənin təlatümlü vaxtında - 1993-cü ilində Azərbaycan Televiziyasının həvalə edildiyi, özüylə teleməkana tamam fərqli ab-hava gətirən, mətbuat tariximizdə “Aydınlıq” kimi cəsur qəzet nəşr etdirmiş kəsərli qələm sahibi, peşəkar jurnalist və publisist, ziya mənbəyi Babək Hüseynoğlu ömrünün 55-də vida etdi həyata.

Qarşıdan 70 illiyi gəlir. Avqustun 29-u. Xatırlamaq və xatırlatmaq, tanımayanlara tanıtmaq istədik bu cəfakeş, xalq üçün yanan, ömrünü şam kimi əridən vətənpərvər insanı. Hazırkı dönəmdə daha çox ehtiyac duyulur belə insanlara. Onlar azdı. Amma azmandılar! Az sayda olsalar da, böyük işlər üçün yaranıblar və öz missiyalarını şərəflə icra edirlər.       

İşıqlı xatirələr olmasaydı... 

“İşıqlı xatirələr olmasaydı, yaddaşlar büsbütün silinib qaralardı. Heç tarixin özü də qalmazdı”. 

Babək Hüseynoğlu barədə Hüseyn Xəzərin dəyərli yazısı var, müəllifi olduğu “Burdan bir atlı keçdi...” kitabında yer almaqdadı. Kitab mərhumun 60 illiyinə ithaf olunub:   

“Fikrimcə, hər bir insan dünyaya gəlişindən başlamış, onu tərk edəcəyi günədək bütün dünya işlərinin həm Ulu Tanrı, həm də əhatə olunduğu cəmiyyət tərəfindən nəzarətdə olduğunu anlamalıdır. Heç nə məqsədsiz olmadığına görə bu böyük hadisə də, yəni hər bir bəşər övladının dünyaya gəlişi də yəqin ki, hansısa bir məqsədlidir. Onun hansı missiyanı yerinə yetirəcəyi Ulu Tanrı tərəfindən müəyyənləşdirilir və bu missiyanı yerinə yetirmək üçün hələ ana bətnində ona müvafiq xarakter verilir. Beləliklə də şüurlu insanlar tərəfindən atılan bütün addımların, edilən əməllərin öz məqsədi, öz məramı olur. Bunlar isə o insan haqqında cəmiyyətdə müəyyən bir fikrin formalaşmasına zəmin yaradan başlıca amillər və əməllərdir. Və sözsüz ki, edilən bu əməllərin hamısı daim nəzarətdə olur. Bir tərəfdən İlahi nəzarət, digər tərəfdən isə el nəzarəti. Bunların birinə “mizan tərəzi”, digərinə isə çox hallarda “el gözü”, “elin tərəzisi” də deyirlər. Bu tərəzilərin hər ikisi tam obyektiv və əsl – təbii, saxtalıqdan uzaq olur.

Normal düşüncəyə malik insan daim yadda saxlamalıdır ki, onun həyatda etdiyi əməllər hökmən zamanı çatdıqda bu iki tərəzinin gözünə qoyulacaq. Və o, bunun müqabilini görəcək. Hər kəs bu dünyada taleyinə düşən ömür payını yaşamağa məhkumdur. Bu payı verən Allah bu dünyada insanlar üçün heç nəyi əsirgəmədən bol-bol verib. Və nəyin nə qədər dəyərli, xeyirli olduğunu, eyni zamanda onlardan istifadə yollarını da göstərib. Kiminin sınaq meydanı, kiminin bir pəncərə, kiminin fani, kimininsə etibarsız adlandırdığı bu dünyada İlahi tərəfindən verilmiş  xeyirli-şərli, dərdli-sevincli məhdud ömrü hamı yaşayır. Lakin hər kəs özünə bir cür tədarük edir. Biri dəyərli, xeyirli işləri özünə cah-cəlal, dünya varı toplamaqda görür, digəri isə hamı üçün yararlı işlər görməklə fərqlənir.

Biri üçün müqəddəs sayılan varlıq maddi zənginlik hesab olunur, digəri üçünsə mənəvi zənginlik. Hər kəs bu “sınaq meydanında” öz hünərini göstərir. Biri özü və yaxınları, hətta gələcək nəsilləri üçün maddi zənginlik toplamağı üstün tutur, digərinin isə qazancı şəxsi nümunələrlə həm özü, həm yaxınları və həm də daha geniş ətraf, böyük kütlə üçün topladığı mənəvi zənginlik olur. Maddi zənginlikdən bəhrələnən bir ovuc insan olur və o zənginlik tükənəndir, mənəvi zənginlikdən bəhrələnənlər qat-qat çox olur və getdikcə kütləviləşir.

Əgər bir varlıq kütləviləşirsə, demək o, nəticə etibarı ilə xalqa məxsus olur. Xalqa məxsus olan hər şey də zaman ötdükcə əbədiləşir. Birinci halda bu əməllərin sahibi olan insan özü və ən yaxşı halda bir ovuc yaxın adamları üçün, ikinci halda isə insan xalq üçün yaşamış olur ki, bu da daha şərəflidir. Onlara həyatda layiqli iz buraxmış insanlar deyirlər. Belə insanlara heç heykəl qoyulmasa da, adları əbədiləşdirilməsə də onlar mənən əbədiyaşarlıq statusunu qazanmış olurlar. Bu statusu onlara el verir, xalq verir. Onları xalqın qəlbindən çıxarmaq heç vaxt mümkün olmur. Xalqın verdiyi qiymət isə əbədi bir möhürdür.

Meydanın sevimlisi

Babək Hüseynoğlu Azərbaycan Dövlət Televiziyasına sədr təyin edilməzdən öncə müxtəlif şöbələrdə, redaksiyalarda çalışıb. Həmişə də əsl ziyalı, vətənpərvər kimi milli-mənəvi dəyərlərin üstün tutulmasını təmin edib. Buna görə bəzən tənqidlərlə üzləşsə də, hətta özünə qarşı kin, qəzəb, paxıllıq qazansa da, amalından dönməyib. Belə bir insan  əlbəttə, Azərbaycan xalqının istiqlal mübarizəsinin tam da mərkəzində olacaqdı. Elə də oldu. Meydan hərəkatının ilk günlərindən bu hərəkatın təşkilatlanmasında xidmətləri olan Babək müəllim də sonradan onun liderlərindən biri oldu. Bu şəxslərin adları Azərbaycan xalqına məlumdur.

Həmin dövrdə Babək müəllimin öz silahdaşları ilə birlikdə saysız-hesabsız təqiblərə məruz qalmasına baxmayaraq dövləti, xalqı, milləti üçün nə qədər böyük əhəmiyyətli işlər gördüyü danılması mümkün olmayan bir tarixi həqiqətdir. Bakının “Azadlıq meydanı”nda və başqa yerlərdə keçirilən mitinqlərdə Babək müəllim öz sanballı çıxışlarında xalqın fikirlərini ifadə edər, tələblərini respublika və mərkəzi rəhbərliyə kəskin olaraq çatdırardı. Bəzi hallarda meydana toplaşmış kütlə onun çıxış etməsini səbirsizliklə gözləyir və bir az keçdikcə “Babək, Babək” deyə tələb etməyə başlayırdı. Bu isə artıq onun xalq məhəbbətini qazanması demək idi.

Respublika rəsmilərilə görüşlərdə xalqın təmsilçisi kimi sözünü tutarlı şəkildə deyib onu müdafiə etmək, həmkarları ilə birgə tez-tez müxtəlif rayonlara gedərək xalq hərəkatının təşkilatlanmasına, idarə olunmasına, onun istiqamətinin dəyişməməsinə, liderlərin seçilməsinə və s. həm köməklik, həm də nəzarət edərdi. Onlar Qarabağda döyüşən könüllü dəstələrin ərzaq, geyim, silah-sursatla təchizatı məsələləri ilə həm Bakıda, həm də birbaşa cəbhədə məşğul olur, döyüşçülərimizlə görüşür, onlara hərtərəfli dəstək olurdular.



“Onu bircə dəfə özünü ələ ala bilmədiyi ovqatda gördüm” 

Xalq şairi Məmməd Aslan yazır: Ləzzəti qaçırdılmış bir talaya gün-gündən acı yellər əsir, tozanaq qopur... Qaraltısı bəlli olan və olmayan nöqtələrdən qəfləti  artan buludlardan gözlənilməz ildırımlar çaxırdı... Arxasınca hər ağız bir dürlü hava ötürdü. Talanın ovqatı düzələnə oxşamırdı. Doğrudan, yerin ovqatı göylərdən umulur həmişə.

Babək Məmmədov ehtiraslardan çalxalanan o televiziya “talasına” (həm də elə tələsinə) belə bir ortamda gəldi… 
Babək Azərbaycan teleradio məkanına pozulmamış bir kənd səmimiyyəti, bir simsar istiqanlığı gətirmişdi.

Adətən, belə böyük və mühüm müəssisələrin başçısı özünü bu məkanın sədri yox, şəriksiz hökmdarı kimi aparır. Babəkin kişi təbiəti hər mülahizəni əsl yerinə qaytarıb qoymuşdu.

”Teleradio” evinin hər kəsin duyduğu mərtəbədə saydığı sahibiydi! Amma yaşda ondan artıq olanlar sədrdən ehtiramla böyük tutulur, ağsaqqal sayılır, o yaşın hörməti kişiliklə gözlənilirdi.

Babəki dərindən oxumağı bacaran kimsə, onun qoynunda ərsəyə çatdığı mübarək ailə tərbiyəsini və o tərbiyəni aşılayan valideynlərini də aydınca görüb dərk eləyə bilirdi: yarpağından budağı; budağından gövdəli ağacı təsəvvür eləyən kimi!..

Gəlişi-gedişi, oturmağı-durmağı bir ayrı təsir bağışlayırdı və ağırtaxtalılığı ilə yadda qalırdı. Səsli gülməyini bir dəfə olsun görmədim. Eləcə gülümsünməyi vardı. O da ədəbli!

Amma bu sakit və zərif təbəssümlərin çoxtəfərrüatlı anlayışını oxuyub başa düşmək o qədər də çətin deyildi. Ağıllı gözləri də bu təbəssümlərlə həmahəng “fikir bildirirdi”. “Azteleradio”da onun təmkinli hakimiyyəti müddətində bircə dəfə onu özünü ələ ala bilmədiyi bir acı ovqatda gördüm: 

Babək bir gün çox böyük və Şərqin ilk qadın opera bəstəkarı olan Şəfiqə xanım Axundovanın ağır güzəranından ev əşyalarını küçədə satmaq məcburiyyətində qaldığını eşitmişdi. Gecə yata bilməmişdi o.

Hətta bunu səhəri gün onun üz-gözünün halından da bilmək olurdu. Dərhal işgüzar bir toplantı çağırdı. Mənəvi dəyərlərimizə soyuq münasibətimizdən ağlar bir ürəklə danışdı. Sözü hərləyib Şəfiqə Axundova üstünə gətirdi. Əslində bu, normal danışıq deyildi. Özünü təmkinli aparmağa nə qədər çalışsa da, içindən parça-parça gələn və dil-dodağını pörşülədən acıdan-acı hönkürtü idi.  Utandığından bu arsız dünyaya və onun halını özündə əks etdirən bu insanların üzünə dönüb baxa bilmirdi. Söhbəti çox uzatmayıb, bir mədəniyyət müəssisəsinin başçısı kimi qəti qərarını bəyana gətirdi: Həmin gündən Şəfiqə xanım Azərbaycan TV-nin uşaq redaksiyasının musiqi şöbəsinə işə götürüldü. Məncə, ştatın adının mətləbə dəxli yoxdur. Şəfiqə Axundovanın adı hər izahdan daha mühüm idi! Ən əsası oydu ki: dünyamızın böyük bir bəstəkarı aclıq məşəqqətindən qurtulmuşdu!..

Allahın bu üzüsulu bəndəsinin vaxtsız ölümü də çox urvatlı oldu. Bir quş kimi uçub getdi. Ondan qalan acı xatirələr oldu… Demədiyim bircə üzüntüm qaldı:

Babək Məmmədovla bağlı istədim-istəmədim dilimə bir həsrət bayatısı qonur, nədənsə:

Burdan bir atlı keçdi:
Atın oynatdı keçdi.
Gün kimi işıq saçdı;
Ay kimi batdı… keçdi.

Mənə elə gəlir ki, bu kövrək bayatı hər uyğun taleli insan oğlundan daha çox Babəkimizin ruhunu ifadə eləyir! Niyə?.. Nə bilim. Babəki toxuma-toxuma, zərrə-zərrə əzbər bildiyimdən bəlkə mənə belə gəlir…” 

Babək Hüseynoğlunun xatirəsinə ithaf olunan yazını bu cümlələrlə tamamlayırıq; Sevgisi sevənlərin qəlbindən əskilməyən Babək Hüseynoğlu qədir bilənlər üçün örnək gəldi, örnək getdi! Babəkin batan günəşinin nuru dağlardan çəkilsə də, onu sevənlərin könüllərindən bir zərrə azalmayıb. Azalmayacaq da.