Arabaçılıqdan milyonçuluğa yüksələn adam...

Murtuza Muxtarov milləti, xalqı üçün nəhəng xeyriyyə işləri görmüş qürur mənbələrimizdən biridir

"Diplomsuz neft mühəndisi kimi şöhrət tapmış Muxtarov Azərbaycanın neft sənayesi tarixində özünün ixtiraları ilə məşhurdur"


Prezident İlham Əliyev Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın açılışını etdi. Parkda Murtuza Muxtarovun büstü də var və cənab Prezident büstün önünə çiçək də qoydu. Niyə bu hadisəyə xüsusi yanaşdıq? Cənab Prezidentin ümumilikdə milli dəyərlərimizə, Azərbaycan üçün xeyirli işlər görmüş şəxsiyyətlərə necə hörmət bəslədiyi, həmçinin yaşıllıqlara, əhalinin istirahəti üçün yeni parkların salınmasına, yenidən qurulmağa ehtiyacı olanlarınsa bərpasına böyük önəm verdiyi onsuz da bəllidir.

Yaxın zamanda Bakının mərkəzində görkəmli xeyriyyəçi, xalqımızın dərin ehtiram bəslədiyi Hacı Zeynalabdin Tağıyevin abidəsi ucalacaq. Murtuza Muxtarov da adı əbədiləşmiş şəxslərdəndir. Milli burjuazıyanın görkəmli nümayəndəsi və milləti, xalqı üçün nəhəng xeyriyyə işləri görmüş qürur mənbələrimizdən biridir. Bu prizmadan baxdıqda Murtuza Muxtarovun adının əbədiləşdirilməsi, xatirəsinin əziz tutulması tamamilə məntiqidir. 



40 tələbəyə şəxsi hesabından təqaüd ödəyirdi  

Murtuza Muxtarovun kimliyi əksəriyyətimizə bəllidir. Hətta lap azacıq bilgilərimiz belə onun xalqımız üçün necə yüksək dəyər daşıdığını bəlli etməyə yetər. Bəli, Murtuza Muxtarov neft milyonçusu idi. Paytaxtda, eləcə də ölkənin müxtəlif bölgələrində, həmçinin xarici ölkələrdə monumental binalar tikdirib. Paytaxtımızın yaraşığı olan Səadət Sarayı Murtuza Muxtarovun sevimli həyat yoldaşına hədiyyəsi idi ki, sonralar və uzun illər ailə quranların üz tutduğu, məhz o binada nikahı kəsilməsini istəyən minlərlə gəncin səadətinə şahidlik etdi. Murtuza Muxtarov Bakı realnı məktəbinin, “Temirxan-Şura”nın qadın gimnaziyasının hamisi, “Dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyəti”nin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü idi. 

40 tələbəyə şəxsi hesabından təqaüd ödəyirdi. “Tərəqqi” qəzeti onun maliyyəsi ilə nəşr olunurdu və sair… Amma yox, siyahını bitirmək istəmirəm. Murtuza Muxtarov Azərbaycana – Mərdəkan kəndinə dendrali kimi möhtəşəm bağ miras qoydu. Bu gün də Mərdəkan dendralisi adı ilə tanınan o nəhəng, füsunkarlıq nümunəsi bağ gözəlliyi ilə hər kəsi heyran edir.

O bağda “Arşın mal alan” filminin bir sıra epizodları çəkilib. Yadınıza salın; Əsgər bəy oxuya-oxuya pillələrlə aşağı enir. Böyük hovuzda sonalar – qu quşları üzür. Mərdəkan dendralisində rus şairi Sergey Yeseninin xatirə muzeyi var. Yesenin Bakıya gələndə onu Mərdəkan dendralisinə aparıblar və orada qalıb. Təsəvvür edin, elə bilib ki, İrandadı. Çünki İrana getmək istəyirmiş. Yəni Şərq mədəniyyətinin vəhdəti bu rus şairini çaşdırıb.     

Bir az da geniş tanıyaqmı Murtuza Muxtarovu? Hər halda ziyan etməz, düşünürük. 

Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. O zamanlar Əmircan Şamaxı quberniyasına aid idi. 
İbtidai təhsilini mollaxanada alıb. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyarmış. 



Sirli “M.U.X.” imzası

O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft milyonçusu səviyyəsinə yüksəlmişdi.
Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.

M.Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı, Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur. Hətta o, qazma baltasını təkmilləşdirir.

Kontorun sahibi Markov adlı bir sahibkar Muxtarovdakı iradəni görüb ona mexaniki alət və cihazların sirrini öyrədir, qısa bir zamanda onu usta təyin edir. Bir müddətdən sonra sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı, emalatxanasını ona satıb Rusiyaya gedir.

M.Muxtarov 1890-cı ildə öz kontorunu "Muxtarov podratı" adlandıraraq onu daha da genişləndirir. Qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə olaraq 1100 metrlik quyu qazdırır. Qroznıda və Maykopda kontorunun filialını açır.

Yarım mexanikləşdirilmiş "Molt" dəzgahında bir neçə dəyişiliklər edir. O zaman bütün Əmircan əhalisi pul yığaraq ona kömək edirlər. Murtuza gecə-gündüz çalışır, xilasetmə ustası kimi ad çıxarır. Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə uyğun artırır.

Çertyoj çəkib sex qurmağı öyrənir. Sənədləri imzalayanda nadir hallarda familyasını bütöv yazardı, adətən qısaca olaraq üç hərfdən ibarət "Mux" imzasını atardı.



Neft milyonçusu 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah da ixtira etmişdi. Dəzgah hazırda Sankt-Peterburq şəhərindəki "Dağ mədən" İnstitutunda saxlanılır.

M.Muxtarov öz zavodunun buraxdığı dəzgah və avadanlığı xarici ölkələrə satırdı. Xaricdən, xüsusi ilə də Amerikadan çoxlu avadanlıq alırdı. İnqilabdan sonra da xaricdən Bakıya onun adına avadanlıq göndərilirdi.

Bundan əlavə özünün xüsusi mədənləri də var idi. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacaq onun adı ilə "Muxtarovka" adlanır.

Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtı ilə ona məxsus idi. XIX əsrin sonlarında Muxtarov Rusiyada ilk dəfə olaraq Bibi-Heybətdə konstruktor bürosu olan neft avadanlıqları istehsal edən böyük bir zavod tikir, bu müəssisə həmin dövrdə ilk neft avadanlığı müəssiəsi sayılırdı. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir və bununla da yeni-yeni işçi qüvvəsini ətrafına toplayaraq həm də, əlavə gəlir mənbəyi yaradırdı.

Bu zavodun məhsulları təkcə Rusiyaya deyil, xaricə də, hətta uzaq Amerikaya da ixrac edilirdi.
Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşıyır, xırda podratçılıqla məşğul olur. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırır. Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahibləri ilə də müqavilə bağlayıb quyu qazırdı; zavod və mədənlər, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı, tez-tez Şimali Qafqaza gedirdi.

Diplomsuz neft mühəndisi kimi şöhrət tapmış Muxtarov Azərbaycanın neft sənayesi tarixində özünün ixtiraları ilə məşhurdur. 

Venesiyanı Bakıya “gətirən” Muxtarov  

Dedik ki, Muxtarovun Bakıda, ətraf qəsəbələrdə, Rusiya və Avropanın bəzi şəhərlərində tikdirdiyi binalar indiyədək qorunur. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

Memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi ilə tikilən bu məscid Azərbaycan memarlığının ən gözəl incilərindən biri kimi YUNESKO-nun qorunan tarixi abidələr siyahısına salınıb. 1913-cü ildə Şimali QRES-də Şüvəlanda Mayak, Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, Rusiyanın başqa şəhərlərində, Avropada, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilib.

Bakının yaraşığı olan Səadət Sarayının binasını isə Muxtarov həyat yoldaşı, osetin əsilli xanım Yelizaveta Tuqanovaya hədiyyə olaraq tikdirmişdi. Muxtarov Liza xanımla İtaliyada səfərdə olarkən, Venesiyadakı bir bina xanımın xoşuna gəlir, Bakıya qayıtdıqda Muxtarov memar dəvət edib o binadan eynilə Bakıda tikilməsini istəyir.


Beləliklə nadir gözəlliyə malik bina xalqımıza Muxtarovdan miras qalır.  
Liza xanım M.Muxtarovun ikinci həyat yoldaşı idi. Muxtarovun ilk həyat yoldaşı  Qönçənaz adında bir xanım olub, ailə böyük faciə yaşayıb. Muxtarovun 2 qız övladı xəstələnərək tələf olublar. Bundan sonra ailə dağılıb... Neçə ildən sonra Muxtarov ikinci dəfə ailə qurub, lakin daha övladı olmayıb. Övladları olmasa da, bir çox uşaqlara qəyyumluq edib, oxudub savad veriblər. Görkəmli ifaçı Fatma Muxtarovaya da M.Muxtarov atalıq edib, onun ifaçı kimi yetişməsində əvəzsiz rol oynayıb. 

Sarayda intihar edən milyonçu

M.Muxtarov bolşevik işğalı ilə barışmayıb. Bolşeviklər yaşadığı evə basqın ediblər, atla saraya daxil olublar, bu da Muxtarovu qəzəbləndirib. Ondan “hökumətə” təslim olmasını tələb ediblər. Muxtarov bolşeviklərdən birini güllə ilə vurub, sonra da özünü öldürüb. Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn ediblər. Liza xanımı isə qulluqçular zirzəmidə gizlədibmiş. Sonra Liza xanım Türkiyəyə - İstanbula, oradan da Berlinə köçüb və ömrünün axırına kimi, 1971-ci ilə qədər orada yaşayıb. Bəzi mənbələrdə isə onun 1950-ci ildə Parisdə vəfat etdiyi yazılır. Lakin bu haqda dəqiq məlumat yoxdur. Çünki Liza xanım Azərbaycanı tərk edəndən sonra heç kimlə əlaqə saxlamayıb... 



Hər kəs alnına yazılmış taleyini yaşayır. Hərə bir cür köçür həyatdan. Əsas hansı əmələ sahib olmaqdır. Xoş o kəslərin halına ki, milləti, xalqı, ölkəsi üçün gərəkli işlər görür və adını tarixə yazır. Murtuza Muxtarov kimi.