Bayraqlaşan Ömürlər…

O, bu məmləkəti yoxdan var edən, qırmızı qaranlıqdan donmuş ruhla, pozulmuş yaddaşla çıxan bir topluma hürriyyət şərbətini içirən, Azadlıq duyğusunu yaşadan adamdı. O, Şərqdə ilk cumhur, azad, bağımsız dövləti quran, yaradan adamdı… O, ürəklərdə heykəlləşən Məhəmməd Əmin bəydi…

Ürəklərdə əbədi yaşayan İnsanların yaşam sürəsinin yerinə sonsuzluq işarəsi qoyulur. Məhəmməd Əmin miqyasda insanlar ədəbiyyatdakı ən böyük Sözün, riyaziyyatdakı ən böyük işarənin və tarixdəki ən böyük hadisənin fövqündə dayanır… Nə desək, nə yazmağa çalışsaq da o ucalığı ifadə etməyə yetməyəcək qutsal bir ucalıqda dayanır Məhəmməd Əmin bəy. Ucaltdığı bir daha enməyəcək üçrəngli bayraq ucalığında.

O, yoxdan bir bayraq yaratdı, cəmi 34 yaşında ikən dağıntılar üzərində müəzzəm bir cumhuriyyət qurdu, Azərbaycan adlı yavrusunu bizə ev-eşik edib əbədiyyətə qovuşdu… Fəqət 23 bahar ömür yaşayan cumhuriyyət yavrusunu “qırmızı qaranlıqlar” beşikdəcə boğdu… Həmin gün 1920-ci ilin 28 Nisanında axşam İsmailiyyə binasının üstündə (indiki AMEA-nın Rəyasət Heyətinin binası) dalğalanan üçrəngli bayrağımızı özü endirib öpərək göz yaşları içində döş cibinə qoydu Məhəmməd Əmin bəy… “Bizi bağışla! Buna məcbur idik. Bu gün səni dikildiyin o zirvədən endirdim ki, ayaqlar altına atılmayasan. Bir gün şərəfli bir türk gənci yetişəcək, Səni yenidən ucaldacaq, Səni yenidən zirvələrə dikəcək. Və o zaman sən qalxdığın ucalıqdan heç zaman enməyəcəksən!”-dedi.
“Əsrimizin Səyavuşu” əsərində yazırdı ki: “Ey Gənclik! Ey Əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanı bir tərzdə küçə - küçə dolaşaraq : “İrəli, Azərbaycan əsgəri, irəli!” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin ürəyinə enmiş, yanıqlı türkülərinə mövzu olmuş bu bayrağı o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan...”

*****

2020-ci ilin son baharı...

Qarabağda şərəfli bir türk zabiti son nəfəsinə qədər mücadilə edib şəhidlik zirvəsinə ucalır... Silahdaşları onun hərbi kamuflyajının döş cibindən səliqə ilə qatlanmış əmanətini – Rəsulzadə əmanəti - üçrəngli Azərbaycan bayrağını tapırlar...

Bu həmin bayraq idi ki, 100 il bundan öncə 1920-ci ilin 28 Nisanında Məhəmməd Əmin bəy ayaqlar altına atılmasın deyə göz yaşları içində döş cibinə qoymuşdu. Və o zaman ürəkdən inanmışdı ki, bir gün şərəfli bir türk gənci həmin bayrağı ən yüksək zirvəyə dikəcək. Gənc ömrünün baharında ürəyindəki ülvi sevgiylə vidalaşıb ən böyük amalı olan Qarabağı azad etmək arzusunu gerçəyə dönüşdürən, Rəsulzadə əmanəti şanlı bayrağı ürəyinin üstündə, döş cibində özüylə əbədiyyətə ucaldan o şərəfli şəhid zabiti Azər Nazim oğlu Yusifli idi...



Cəmi 26 yaşı vardı, azad etdiyi Qarabağda yaşının sanı qədər 26 bayraq ucaltdı, təqvimlərdəki qara haşiyələri söküb atdı, qanıyla təqvimləri qırmızıya boyadı, adıyla ucaldı, adını tarixə yazdı, böyük Məhəmməd Əmin bəyin ruhunu şad etdi, üzüağ, alnıaçıq Öndərin uyuduğu əbədiyyətə vardı...

Bayraq onun üçün torpağın özü qədər müqəddəs idi... Bütöv Azərbaycanın Xudafərin yarasını bayraqla sarıdı, yaralı-yaralı döyüş meydanından bir addım da olsun geri çəkilmədi, köksünün başında əzizlədiyi üçrəngli bayraq yaralarına məlhəm oldu, son nəfəsinə qədər ən yaxın təmas döyüşündə rəşadətlə vuruşdu, sevdalandığı bir hilal uğruna canından keçdi...



Bu işıqlı dünyada 26 baharlıq ömür yaşamışdı. Azad etdiyi Qarabağda 26 yerdə öz nişanəsini ucaltdı... 27 yaşına varmamış Şəhadətə ucaltdı... Silahdaşları o şəhid olanda hərbi kamuflyajının döş cibindəki bayrağı - ən qutsal əmanətini göz yaşları içində götürdülər... Yastığı vətən daşı olan o şərəfli igidin son mənzildə yorğanı oldu ucaltdığı üçrəngli bayraq...

*****

O, hələ 1920-ci ilin Nisanında “Bir gün şərəfli bir türk gənci yetişəcək və Səni öylə bir zirvəyə dikəcək ki, heç zaman qalxdığın ucalıqdan enməyəcəksən!” demişdi və dediyinə ürəkdən inanmışdı. O, Öndər idi...

Və bu gün şərəfli bir türk gənci dahi Öndərin “Bir kərə yüksələn bayraq bir daha enməz!”- cümləsinin nidasına çevrildi. Nida kimi ucaldı! O, Azər idi...




****

Silahdaşları – Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları qaldıqları hərbi hissədə şəhidlik zirvəsinə ucalan Azərin əziz xatirəsinə – bayraq sevdalı mücahidin yatağına üçrəngli şanlı Azərbaycan bayrağını örpək ediblər...



Sözün bitdiyi yerdi...

Sözün bitdiyi – Ömürlərin bayraqlaşdığı yerdi...

*****

Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin
bayraqla örpənmiş yatağına Elegiya...
Boşaldı dünyanın Sən olan yeri…
Boş qaldı dünyanın Sən olan yeri…
Yatdığın o yerə bayraq bürünüb
İndi məzarın da bayrağa dönüb
Sevdalı yarın da bayrağa dönüb…
Bayraqdan alırıq qoxunu indi…
Sən vida etmədən getdin, Şəhidim.
Dünya zülmət qara məkana döndü…
Yerinə bir bayraq dikdin, Şəhidim…
Adın könüllərdə dastana döndü…
Sənə bəylik taxtı qururdu Yarın…
Taleyi yarımçıq, arzusu yarım…
Anan fəğan edir, ey tari-marım,
Ömrü pərən olub zindana döndü…
Sağalmır zamanla dərin yaralar,

Qaysaq tutmaz, hər an göynəyər yeri.
Məzarın başında bayraq ucalır
Hardan baxırıqsa, görünür yerin…
Yenə də açılar səhər qəfildən,
Yenə də sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
Görünər dünyanın Sən olan yeri…

Xəyalə ZƏRRABQIZI, 31 yanvar 2020-ci il