“Qarabağ savaşlarına dair tədqiqat aparmaq istəyənlər üçün əhəmiyyətli mənbəyə çevrildi”
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.
Muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.
Tarix muzeyinin elmi katibi Fərhad Cabbarov sözügedən təşəbbüsün əhəmiyyəti barədə “Sherg.az”a danışdı:
“Biz müharibə ilə bağlı sərgi keçirmək istəyirdik.
Bunun üçün KİV və sosial şəbəkələr vasitəsilə əhaliyə müraciət etdik ki, əşyaları muzeyimizə hədiyyə etsinlər. Beləliklə, bir çox əşyalar, o cümlədən silahlar, fotoşəkillər yığıldı.
Sonradan Vətən Müharibəsi Fondunun yaradılması barədə qərar qəbul etdik. Həm Birinci, həm də İkinci müharibənin eksponatlarını bura yığdıq.
Nəticədə fondumuz gələcəkdə Qarabağ savaşlarına dair tədqiqat aparmaq istəyənlər üçün əhəmiyyətli mənbəyə çevrildi”.