“Onsuz da bütün azərbaycanlılar bu hadisələrdən xəbərdardır”
“Xalqımıza qarşı olan vəhşiliyi başqa millətlərə çatdırmalıyıq ki, həqiqətləri görsünlər”
Bir neçə gündən sonra tariximizin səhifələrinə qanlı hərflərlə həkk olunan Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.
Ölkəmizdə və ölkə hüdudlarından kənarda Xocalı hadisəsinin unudulmaması və təbliği istiqamətinə mühüm işlər görülür. Bu sahədə “Xocalıya ədalət” kampaniyasını xüsusilə vurğulaya bilərik. Lakin erməni vandallıqlarının beynəlxalq tribunada tanıdılması da xüsusi əhəmiyyətə malikdir.
Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu xalqımıza qarşı törədilən soyqırımı ilə bağlı beynəlxalq aləmdə görülən işlər barədə “Sherg.az”a danışıb. Baş redaktor dünən Qazaxstanın Almata şəhərində tədbir keçirildiyini söylədi:
“Tədbirdə müvafiq video-material verildi, bəzi çıxışlar oldu. Təəssüf ki, Xocalı faciəsi siyasi və hüquqi qiymətini almayıb. Düzdür, ordumuzun qələbəsindən sonra ürəyimizə bir az da olsa, su səpildi. Amma dünyanın bu hadisələrə kor gözlə baxdığı və qiymət vermədiyi bəllidir. Bu gün Xocalının dünyada istənilən səviyyədə tanınmamasının bir günahkarı da qürbətdə yaşayan soydaşlarımızdır. Çünki ciddi təbliğat aparmırıq. Əvvəllər təqvimdə Şuşanın və digər ərazilərimizin işğal tarixi yazılmışdı. Şükürlər olsun ki, həmin tarixlər bayram günü olaraq əvəzləndi. Xocalı hadisəsi haqqında isə yalnız 26 fevral yox, il boyu danışmaq lazım idi. Ona görə də təbliğatımızı yalnız bir gün üzərində qurmalı deyilik”.
R.Məmmədoğlu qeyd edib ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün ciddi işlər görülməlidir:
“Bu sahədə xarici səfirliklərimiz fəaliyyət göstərməlidirlər. Təəssüf ki, Xocalı ilə bağlı tədbir keçirən zaman görürük ki, yalnız azərbaycanlılar var, başqa millət yoxdur. Onsuz da bütün azərbaycanlılar bu hadisələrdən xəbərdardır. Xalqımıza qarşı olan vəhşiliyi başqa millətlərə çatdırmalıyıq ki, həqiqətləri görsünlər”.