Xocalı soyqırımının dünyada tanıdılması üçün fədakarlığımızdan heç zaman geri çəkilməməliyik
"İlk növbədə Azərbaycan diaspor nümayəndələri olduğu ölkələrdə mətbuatla çox sıx işləməlidirlər"
Bu gün Xocalı soyqırımının 29 illiyi tamam olur. Təbii ki, bu 29 illik zaman çərçivəsində faciənin dünyada tanıdılması istiqamətində müxtəlif addımlar atılıb. Xüsusən də Azərbaycan mətbuatı və jurnalistləri Xocalı soyqırımının beynəlxalq aləmdə təbliği baxımından çox böyük işlər görüb. Ötən zaman kəsiyində lazım olan məlumatları, materialları dünya ictimaiyyətinə çatdırmağa çalışıblar. Azərbaycan mətbuatı bacardığı qədər fəallıq göstərib ki, soyqırımı dünya ictimaiyyətinə tanıda bilsinlər. Media nümayəndələri də hesab edir ki, siyasi yönümündən asılı olmayaraq, bütün qəzetlər, saytlar bu istiqamətdə kifayət qədər uğurlu işlər görüblər.
Xüsusən Azərbaycan mətbuatı Xocalı soyqırımı ilə bağlı zəruri informasiyaların təkcə ölkə daxilində deyil, həm də müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Bura ayrı-ayrı jurnalistlərimizin müəllifliyi ilə hazırlanan müxtəlif nəşrləri, sənədli filmləri də əlavə edə bilərik. Məsələn, "modern.az" saytının baş redaktoru Elşad Eyvazlının Xocalıya həsr olunan "Böyüməyən uşaqlar” kitabı, tanınmış telejurnalist Elmar Məlikovun Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə ərsəyə gətirdiyi "Cəhənnəmi görmüş pilot” filmi soyqırımı dünya ictimaiyyətinə müxtəlif dillərdə məhz şahidlərin dili ilə çatdırıb. Azərbaycan mediası hər il Xocalı soyqırımı günahkarları ilə bağlı yeni-yeni faktlar ortaya qoyur. Bu gün də ən mühüm vəzifələrdən biri Xocalı soyqırımını media vasitəsilə daha çox beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Düzdür, Xocalı soyqırımı ilə bağlı foto-video faktlar, şahid ifadələri yetərincədir. Təbii ki, medianın əsas işi onları düzgün istiqamətdə yaymaqdır. Əslində dünyanın erməni vəhşiliyindən xəbərdar olduğunun sübutu 1992-ci ildə xarici mətbuatda Xocalı faciəsi haqqında yazılanlar, dərc olunan informasiyalar, məqalələrdir.
Xarici ölkə jurnalistlərinin yazdıqlarını oxuyanda, "Azərbaycan həqiqətlərini lazımi səviyyədə dünya ictimaiyyətinə çatdıra bilməmişik” iddiasının əsassız olduğunu açıq-aydın şəkildə görə bilərik.
Əslində dünya dövlətləri hər şeyi çox gözəl bilir və hərtərəfli məlumatlıdırlar. Sadəcə, bəzisi nəyinsə müqabilində, bəzisi isə bəlkə də sırf ermənipərəstliklərindən Azərbaycanın haqq davasını təsdiq etmək istəmir. Qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümü xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bütün bunlar təbii ki, Xocalı faciəsinin bir reallıq olması, bir çox dövlətlər və təşkilatlar tərəfindən tanınması ilə əlaqədar idi. Eyni zamanda, Azərbaycan dövlətinin rəsmi səviyyədə və vətəndaş cəmiyyəti institutlarının apardığı işlər də xüsusi qeyd edilməlidir. Qeyd edək ki, sadəcə, 26 fevral tarixində yox, ilin qalan günlərində də "Xocalıya ədalət” kampaniyası çərçivəsində müəyyən işlər görülür. Məhz bu siyasətin nəticəsidir ki, bir neçə ölkə Xocalı faciəsini soyqırım kimi tanıyıb. Ümumiyyətlə, media müstəvisində Xocalı soyqırımının təbliğatı necə qurulmalıdır? Xarici media ilə əməkdaşlıq hansı istiqamətlərdə aparılmalıdır? Bir çox tanınmış media nümayəndələri "Şərq"in suallarını cavablandırıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, tanınmış jurnalist Vüqar Zifəroğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Xocalı soyqırımı sivil dünyanın gözü qarşısında baş vermiş vandal aktıdır və insanlığa qarşı bir cinayətdir. V.Zifəroğlu bildirib ki, təəssüf ki, bu gün də bir sıra aparıcı Qərb ölkələri məhz ikili yanaşmalarından, geosiyasi maraqlarından və bəzən də yersiz dini təəssübkeşliklərindən irəli gələrək hələ də bu soyqırım aktına lazımi şəkildə münasibət bildirmirlər: "Yaxşı haldır ki, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı dövlətimiz tərəfindən mütəşəkkil, sistemli və çoxşaxəli iş aparılmaqdadır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif nöqtələrində görülən işlər bunun ən parlaq nümunəsidir. Bunun nəticəsidir ki, il-ildən Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır, eləcə də bununla bağlı xarici ölkələrdə keçirilən tədbirlərin miqyası böyüyür".
Media eksperti əlavə edib ki, təbii ki, doğruların çatdırılmasında, həqiqətin gözlər önünə sərilməsində medianın önəmli rolu danılmazdır:
"Ölkə mediasında təkcə Xocalı soyqırımı deyil, ümumiyyətlə, birinci Qarabağ savaşı dönəmində yaşanan faciələrimiz hər zaman diqqətdə saxlanılır. Bu zaman müxtəlif veriliş formatlarından, janrlardan da geniş istifadə edilir. Amma bununla yanaşı Xocalı soyqırımı ilə bağlı beynəlxalq mediada da lazımi materiallar yayınlanmalıdır. Bunun nəticəsində də xarici auditoriyaya ünvanlanmış mesajlarımız çatdırılmalıdır. Təbii ki, bu istiqamətdə də müəyyən irəliləyişlərimiz var".
V.Zifəroğlu vurğulayıb ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz:
"Beynəlxalq media ilə Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində bundan sonra da ciddi işlər aparılmalıdır. Nəzərə almaq lazımdır ki, bu zaman biz iki əsas hədəfə istiqamətlənmiş oluruq. Birincisi, xarici auditoriyanın baş vermiş faciələrlə bağlı obyektiv təsəvvürünü yaradır və möhkəmləndiririk. Onlar 20-ci əsrin 90-cı illərinin əvvəllərində başımıza gətirilən bu faciələr barədə həm məlumatlı olurlar, həm də onlarda soyqırım barədə geniş təsəvvür formalaşır. İkincisi isə ermənilərin beynəlxalq media vasitəsi ilə bu istiqamətdə qurduqları manipulyativ xarakterli yalanlar ifşa oluur. Əslində düşmən tərəfin münaqişənin mahiyyətini təhrif edən və 80-ci illərin sonlarından formalaşdırdıqları fikirlər dağıdılır. Nəticədə ermənilərin bizə qarşı apardıqları informasiya müharibəsi cəbhəsində beynəlxalq medianın timsalında vacib və təsir gücü böyük olan meydan əldə edirik".
Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, Xocalı soyqırımı hər bir azərbaycanlı və türk üçün çox ağrılı və acılı bir gündür. Media eksperti qeyd edib ki, amma sevindirici haldır ki, biz artıq işğalda olan torpaqlarımızı azad etmişik:
"Əlbəttə ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciə ilə bağlı dünya ictimaiyyətini bilgiləndirməkdən heç zaman geri çəkilməməliyik. Yəni dünya bilməlidir ki, ermənilər təkcə bir şəhərdə Azərbaycan xalqının başına nə oyunlar gətiriblər. Təbii ki, biz bunları bütün dünyaya təbliğ etməliyik".
Azər Həsrət xarici mediada bu həqiqətlərin təbliğinin kifayət qədər olmadığına diqqət çəkib: "Bu iş əslində necə qurulmalıdır? İlk növbədə Azərbaycan diaspor nümayəndələri olduğu ölkələrdə mətbuatla çox sıx işləməlidirlər. İkincisi və çox təəssüf ki, ən ağrılı tərəfi. Azərbaycan səfirlikləri olduqları ölkədə mətbuatla intensiv iş qurmalıdırlar. Çox təəssüflər olsun ki, bizim səfirliklərimiz bu işi demək olar ki, qura bilmirlər. Yaxud da ki, bunda maraqlı olmurlar. Şəxsən bildiyim xeyli ölkə var ki, Azərbaycan səfirliklərinin orda mətbuatla, jurnalistlərlə, vətəndaş cəmiyyəti ilə çox geniş iş qurmaq imkanları var. Hətta bizə yaxın olan türk ölkələrində belə bu iş yetərincə qurulmur. Buna görə də, bəzən qardaş türk ölkələrindən və millətindən olan insanlar (qazax, qırğız, özbək, türkmən, tatar) bizə qarşı yazılar yazır və fikirlər səsləndirirlər. Bunun da səbəbkarı təbii ki, biz özümüzük. Çünki o yeri boş qoyduğumuza görə ermənilər doldurur və bundan bizə qarşı istifadə edirlər. Nə etməli? Əlbəttə ki, bütün dünyaya potensialımız çatmaya bilər. Amma özəlliklə keçmiş sovet respublikaları, türk ölkələri, eləcə də Avropanın aparıcı ölkələri ilə işləyə bilərik. Bunun üçün bu işləri bacaran adamları önə çəkmək və etimad göstərmək lazımdır. Hazırkı informasiya savaşında da diqqətli olmalıyıq və qalib gəldiyimizə görə, əlimiz-qolumuz boşalıb arxayınlaşmamalıyıq. Çünki ermənilər müharibədən öncəkindən də qat-qat artıq informasiya savaşı aparmaqdadırlar. Buna görə də uyğun qurumlar və media nümayəndələri fürsəti əldən verməməlidir".
Tanınmış jurnalist Elman Babayev "Şərq"ə açıqlamasında bildirib ki, ermənilərin Xocalı şəhərində törətdiyi genosid cinayətinin 29-cu ildönümünü Azərbaycan tamamilə başqa əhval-ruhiyyədə yad edir: qalib gəlmiş, qisasını almış, tapdanmış qürurunu özünə qaytaran xalq kimi! O qeyd edib ki, 44 günlük Vətən müharibəsində təkcə torpaqlarımız azad olunmadı, şəhidlərimizin qisası alınmadı, həm də dəhşətli Xocalı faciəsinin qurbanlarının intiqamı alındı:
"Qisasa qisas deyildi, amma fərqli yanaşma ilə. Azərbaycan xalqı özünün insanpərvərliyini, dinc sakinlərə qarşı humanizm prinsipləri çərçivəsində yanaşmasını bütün dünyaya bir daha nümayiş etdirdi. Sübut üçün şəkillər var, videolar var, dünya ictimaiyyəti bu isbatlardan başqa, heç bir əks-dəlilə malik deyil. Əks halda erməni mətbuatı bütün dünyanı ayağa qaldırmışdı".
E.Babayev qeyd edib ki, qisas alınıb, amma təbliğat dayanmayıb:
"Xocalı soyqırımı ilə bağlı görməli olduğumuz işlər çoxdur. Soyqırımın tanınması istiqamətində kampaniya daha böyük əzmlə aparılmalıdır. Məlumdur ki, indiyə qədər bu istiqamətdə böyük işlər görülüb.
Xocalı soyqırımının tanınması üçün görülən işlər bütün sərhədləri aşıb. Son illər bu faciənin bütün dünyaya çatdırılması baxımından kəskinliklə fərqlənib. Dünyanın 60-dan artıq ölkəsində bu genosid siyasəti hərtərəfli anladılıb. Bir sıra ölkələrdə soyqırımın tanınmasına nail olunub. Xocalı soyqırımının dünya arenasında geniş təbliğində dövlət qurumları, səfirliklər, Heydər Əliyev Fondu, QHT-lər, xarici ölkələrdəki diaspora təşkilatları mühüm işlər həyata keçirib.
Fəqət əldə olunan qələbə, alınan qisas təbliğatda axsamalara, passivliyə yol açmamalıdır. Düşmənin acı məğlubiyyətə rəğmən dayanmaması, faşist xislətindən əl çəkməməsi danılmaz fakt kimi qarşımızdadır. Belə olan təqdirdə xalqımıza qarşı törədilən cinayətləri, Xocalı soyqırımını bir an olsun belə unutmamalıyıq.
Məhz unutqanlığımız tarix boyu bizim əsas bəlamız olub. Onu da unutmamalıyıq ki, beynəlxalq aləmin Xocalı genosidi üzərində ədalətsizliyi hələ də hökm sürməkdədir. 44 günlük Vətən müharibəsində düşmənin müharibə cinayətlərinə susan beynəlxalq ictimaiyyət illərdir Xocalı soyqırımına da yetərli reaksiya verməyib. Xarici dövlətlər üzərlərinə düşən işi hələ də yerinə yetirməyiblər. Hadisəni hüquqi baxımdan tanımaq istəmir, soyqırımı genosid faktı kimi adlandırmağa maraq göstərmirlər.
Ona görə də Azərbaycan və Azərbaycan mediası dünyanın ədalətsiz mövqeyi qarşısından geri çəkilməmək, faciəni unutmamaq, hadisənin genosid cinayəti olduğunu dünyaya sübut etmək prinsipində möhkəm dayanmaqda qərarlılığını heç vaxt itirməməlidir".