Bakı yeni nəqliyyat imkanlarını gerçəkləşdirmək üçün bütün maneələri dəf edəcək
Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı
Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası davam edir. Aprelin 7-də Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfəri və dövlət başçısı Vladimir Putinlə görüş ehtimalı da üçtərəfli anlaşmaların həlli prosesininin tərkib hissəsi kimi dəyərləndirilir. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin Paşinyanla Qarabağdakı problemlərin həlli ilə bağlı addımları və inteqrasiya proseslərini müzakirə edəcək.
Həmçinin, danışıqlar zamanı üçtərəfli bəyanatların icrasının gedişatı, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində müzakirələr aparılacaq. Ehtimallara görə, kommunikasiyanın açılması ilə bağlı razılaşmaya dair rəsmi sənədin imzalanmasına hazırlıq gedir. 11 yanvar sazişində nəzərdə tutulmuş üçtərəfli işçi qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun bir müddət öncə Bakı və Yerevana səfəri zamanı da bu məsələnin müzakirə predmeti olduğu qeyd olunur. Çünki əldə edilmiş iki razılaşmanın həyata keçməsi ilk növbədə məğlub tərəf kimi daha böyük öhdəliklərə imza atan Ermənistandan və onun rəhbərliyindən asılıdır. Şübhəsiz, Ermənistan tərəfi götürdüyü öhdəliklərdən boyun qaçıra bilməz.
Bu, Rusiya rəhbəri Vladimir Putinin dediyi kimi, özünəqəsd olardı. Ona görə ki sənədlərin altında Rusiya prezidentinin də imzası durur və Moskva hər iki anlaşmanın həyata keçməsində maraqlı olduğunu dəfələrlə rəsmi İrəvanın diqqətinə çatdırıb. Hərçənd, Ermənistanın daxili-siyasi böhrandan çıxmaq üçün erkən seçkilər zolağına girməsi Paşinyana Kremldən və hətta Bakıdan bəzi imtiyazlar və kömək istəməsi fürsəti yaradır. Hər halda 20 iyun seçkilərindən sonra Paşinyanın iqtidarda qalması Moskvanın yaxın perspektiv maraqlarına cavab verir. Baş nazir Paşinyanın iqtidarda qalması Azərbaycanın da maraqlarına uyğundur. Rusiyalı tanınmış siyasi və hərbi ekspert İqor Korotçenko deyib ki, Paşinyanın bu həftə Moskvaya edəcəyi səfərin əsas məqsədi Ermənistanda növbəti hakimiyyət müddəti üçün Moskvadan “knyazlıq” etiketi əldə etməkdir: “Moskvada Ermənistanın baş nazirinə bir daha Zəngəzur nəqliyyat dəhlizi layihəsinin icrasına ən qısa müddətdə başlamağın zəruriliyi izah ediləcək”. Korotçenkonun toxunduğu məsələ olduqca aktualdır. Həm bugünədək müzakirə olunan məsələlər fonunda, həm də gələcək perspektiv üçün ən mühüm element məhz Zəngəzur dəhlizinin tezliklə reallaşmasıdır. Çünki həyata keçirilməsi nəzərdə tutulan əsas layihələrin aqibəti birbaşa Zəngəzur dəhlizinin reallaşmasından asılıdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini, dolayı yolla türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin önəmi ilə bağlı ekspertlərlə yanaşı dövlət başçısı İlham Əliyev də mühüm mesajlar verib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması istiqamətində bütün addımları atacaq və qarşısına çıxan maneələri dəf edəcək. Prezident İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bu məqama yenidən toxundu.
Bəyan etdi ki, Qarabağ problemi hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, “Dağlıq Qarabağ münaqişəsi” öz həllini tapıb:
“Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb. Müharibə başa çatdı, münaqişə tarixdə qaldı və yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanıb, türk dünyası parçalanıb. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. O cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start verib. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Siyasi şərhçilərin fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının dəhlizinə çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir.
Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Fevralın 26-da mətbuat konfransında Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə problemlər yaratdığını açıqlamışdı. İndi isə dəhliz üzərində fəal iş aparıldığını qeyd edib. Bu, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin yaratdığı, yaxud yaratmaq istədiyi problemin qalmadığı deməkdir. Ermənistan baş nazirinin kommunikasiyanın müsbət tərəfləri haqda açıqlamaları da Bakının xəbərdarlığından sonra dəhlizin önünə qoyulan maneələrin aradan qaldırıldığını deməyə əsas verir.
Millət vəkili Anar Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, türk coğrafiyasının 100 ildən çoxdur mövcud olan problemi həll edilməkdədir. Deputat vurğulayıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü və görüşdə müzakirə olunan məsələlər bu baxımdan böyük əhəmiyyət kəsb edir:
“Zirvə görüşündə dövlət başçılarının çıxışı, irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da gücləndirəcək. Ölkə rəhbəri İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. Dövlət rəhbəri həmçinin Zəngəzurla bağlı türkdilli dövlətlərə tarixi mesaj da ünvanladı. Bəyan etdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan regionda yeni siyasi reallıqlar yaratmaqla Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə işlərə start verib. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Zəngəzur dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malikdir. Gələcəkdə region dövlətləri ilə yanaşı türkdilli ölkələr də marşrutdan yararlana biləcəklər. Bu isə olduqca vacib və strateji məsələdir. Bu baxımdan noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir.”
Deputat vurğulayıb ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı: “Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanır. Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Bu baxımdan Zəngəzur dəhlizi türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin daha da güclənməsinə səbəb olacaq”.
Millət vəkili, politoloq Arzu Nağıyev də qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin ən əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Buna da qismən həmin qüvvələr nail olmuşdu:
“Təsəvvür edin, Azərbaycandan Naxçıvana keçmək üçün biz dost da olsa İranın ərazisindən keçirdik. Bəzi yükdaşımalar zamanı da istər-istəməz biz müəyyən problemlərlə qarşılaşırdıq. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən həm keçmiş dəmiryolu bərpa oluna bilər, həmçinin kommunikasiyaların açılması boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir.
Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir”.
Parlament üzvü deyib ki, dəhliz bir çox ölkəyə dividend gətirəcək: “Həmçinin, qaz satışında qiymətlərlə bağlı, İran-Naxçıvan, İran-Türkiyə, Ermənistan-İran münasibətləri kimi məsələlər də Zəngəzur dəhlizindən asılıdır.
Bununla yanaşı, Qazax tərəfdən açılacaq kommunikasiya gələcəkdə Avropaya çıxış üçün, eyni zamanda, Qərblə-Şərqin birləşməsi üçün əhəmiyyətli yol oynayacaq”.