Xalqımız böyük alimini heç vaxt unutmayacaq

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə

Şıxəli Qurbanov Azərbaycan mədəniyyətində, milli-dövlətçilik tarixində müstəsna xidməti olan şəxsdir



Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurban oğlu Qurbanovun anadan olmasının 95-ci ildönümü idi. Şıxəli Qurbanov 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, Böyük Vətən müharibəsində Leninqraddan Almaniyayadək döyüş yolu keçib. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib.

1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb. Onun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Məlumdur ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub. 1966-cı ildə onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub. Elə ölümünə səbəb də bu hadisə olub... O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə Şıxəli Qurbanova təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Ona qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana rast gəlinməmişdi. Şair, dramaturq və elmlər doktoru olan Ş.Qurbanov bu addımı ömrü bahasına atmışdı. Həyat yoldaşı Xavər Qurbanova xatirələrində deyirdi ki, o zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurmuşdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırmışdılar: “O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil”. Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq: “Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb...”. Onu bəzən gizli, bəzən açıq şəkildə təqib edirdilər. Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu, may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və müəmmalı şəkildə vəfat edir. Dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür və həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. 

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova da atasının öldürüldüyünü düşünürdü:

“Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar...”. Həyat yoldaşı Xavər Qurbanova da vurğulayıb ki, 1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma mayın 24-də onu aradan götürdülər. Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra SSRİ prokurorunun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma həqiqət üzə çıxarılmır. 

AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə deyib ki, Şıxəli Qurbanov Azərbaycan mədəniyyətində, milli-dövlətçilik tarixində müstəsna xidməti olan şəxsdir. Alimin sözlərinə görə, Stalinin ölümündən sonra sovetlər birliyində bəzi yumşalmalar oldu:

“Şıxəli Qurbanov Azərbaycan KP-nın Mərkəzi Komitəsinin katibi olduğu dövrdə milli ruhlu addımlar atdı. Onlardan biri də məhz xalqımızın milli adət-ənənələri içində özünəməxsus yeri olan Novruz bayramının yenidən qeyd edilməsi, Azərbaycan xalqına qaytarılması idi. Bu mənada Ş.Qurbanov daha çox Azərbaycan mədəniyyətinin, tarixinin, keçmiş adət-ənənələrin yenidən dirçəlməsi, özünəməxsusluğumuzun bərpası istiqamətində mühüm addım atdı. Sosializm mədəniyyəti sadəcə formaca “milli” olmalıydı, mahiyyət etibarı ilə ancaq sovet beynəlmiləlçiliyinə xidmət etməliydi. Ş.Qurbanov o zaman həm formaca, həm də məzmunca Azərbaycan mədəniyyətinin dəyərlərinin yenidən dirçəldilməsinə cəhd göstərdi və buna nail oldu. Özü də bunu siyasi status dayışan, vəzifədə olan bir şəxsin etməsi olduqca önəmli məsələ idi. Nəzərə alaq ki, 1937-ci ildən 1952-ci ilədək hansısa milli addım atmaq mümkün deyildi. Bu anlamda Şıxəli Qurbanovun təşəbbüsü mühüm əhəmiyyət kəsb edirdi. Birmənalı hesab edirəm ki, onun ölüm səbəbi milli addımları idi. O zaman Moskvada əyləşən rus-erməni işbirlikçiləri Ş.Qurbanovun həyatına son verdilər”.