18 oktyabrın “Müstəqillik Gününün bərpası” kimi qeyd olunması çox düzgün addımdır
Azərbaycanda 28 may - “Müstəqillik Günü”, 18 oktyabr isə “Müstəqilliyin Bərpası Günü” adlandırılaraq hər il bayram kimi qeyd ediləcək. Bununla bağlı “Müstəqillik Günü haqqında” qanun layihəsinə əlavə dəyişiklik ediləcək. İndiyə qədər Azərbaycanda 28 May “Respublika Günü” kimi qeyd edilir və qeyri-iş günü sayılırdı. Yeni qanun layihəsinə əsasən, 28 May “Müstəqillik Günü” kimi qeyd ediləcək.
Qanun layihəsində qeyd olunub ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
Qanun layihəsi ilə bağlı “Şərq”ə danışan tarixçi-alim Boran Əzizli nəzərdə tutulan dəyişikliyin çox önəmli olduğunu vurğulayıb. Alimin sözlərinə görə, Azərbaycan tarixində müstəqilliyin əldə edildiyi günlə bərpa olunduğu tarixə düzgün qiymət verilməlidir:
“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi.
Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması istiqamətində mühüm addımlar atıldı. Yəni Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub. 1991-ci il oktyabrın 18-də isə Cümhuriyyətin varisi kimi Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib. Ona görə də 18 oktyabrın “Müstəqillik Gününün bərpası” kimi qeyd olunması çox düzgün addımdır. Bu günün hər il qeyri-iş günü olması və bayram kimi keçirilməsi də yaxşı olardı.
18 oktyabr günü birdən-birə meydana gəlməyib. Həmin günə qədər çox gərgin mübarizə aparılıb, qan tökülüb, Azərbaycanın milli qüvvələri təqiblərə, işgəncələrə məruz qalıblar.
O baxımdan 18 oktyabra layiq olduğu diqqətin göstərilməsi çox vacibdir. Təbii ki, 28 May günü də önəmlidir və müstəqilliyimizin elan olunduğu gündür”.