Nəsib Nəsibli: "Tarixi hadisələri düzgün dəyərləndirmək, ziyanlı baxışlara yol verməmək lazımdır"
“Tədbirdə türk dünyasında sovet dövründə pozulmuş, bərbad hala salınmış ortaq kimlikdən danışdıq və nümunələr gətirdik”. Bu barədə “Şərq”ə açıqlamasında ötən həftə sonu “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpoziumda “Türk dünyasında ortaq kimlik problemi” adlı məruzə ilə çıxış edən sabiq millət vəkili, tarixçi-alim Nəsib Nəsibli deyib. Alim bildirib ki, sovet rejimi bir çox sahələrdə ciddi və qalıcı problemlər yaradıb:
“Məsələ ondadır ki, təkcə sovet rejimində deyil, ondan kənarda da türk dünyası ilə bağlı mənfi hallar yaşanıb. Məsələn, Türkiyədə hətta milliyətçi kəsim belə 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşünü “milli qürur hissi” kimi təqdim edirlər. Yaxud, 1402-ci ildə Osmanlı-Teymur dövləti arasındakı savaşı “milli uğursuzluq” kimi qələmə verirlər. Tədbirdə Türk Ocaqları təşkilatlarının sədri, professor Mehmet Özün də dediyi kimi Ankara savaşı Türkiyənin, yaxud Osmanlının yox, birbaşa sultan Yıldırım Bəyazidin Əmir Teymur qarşısında məğlubiyyəti idi. Eyniylə Çaldıran döyüşü də iki sülalə arasında nüfuz uğrunda mübarizənin nəticəsi idi. Həmin döyüş Səfəvi xanədanının ziyanına olsa da, ümumtürk tarixinin faciəli səhifəsidir. Ona görə də tarixi hadisələri düzgün dəyərləndirmək, ziyanlı baxışlara yol verməmək lazımdır”.