Firdovsiyyə Əhmədova: "Yaxşı olar ki, Milli Məclis Cümhuriyyətlə bağlı tarixi xatirə komplekslərinin yaradılması ilə məşğul olsun"
Məlum olduğu kimi, “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisin ikinci oxunuşunda qəbul edilib. Qanun layihəsində təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Müstəqillik Günü kimi qeyd olunur. Qanun qəbul olunarsa Müstəqillik günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Qanun layihəsinin müzakirəsi zamanı maraqlı fikirlər səsləndirilib. Millət vəkilləri dəyişikliyə dəstək verməklə yanaşı, layihə mətnində yer alan müəyyən məqamlarla bağlı təklif və iradlarını səsləndiriblər. Sosial şəbəkələrdə əksəriyyət dəyişikliyi müsbət qarşılasa da, müəyyən kəsim “Respublika” sözünün çıxarılmasına etiraz ediblər. Qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Fəzail İbrahimli bu məqama da toxunub. Sədr müavini bəyan edib ki, müstəqillik və respublika anlayışının tutumunu və çəkisini düzgün anlamaq lazımdır: “Mediada qanun layihəsi ətrafında respublika təəssübkeşliyi yaranıb: “Cümhuriyyət qurucularının xalqımıza bəxş etdiyi ən böyük nemət müstəqillikdir. Respublika sadəcə üsul-idarədir”.
28 may və 18 oktyabr günləri ətrafında gedən polemikaları “Şərq”ə dəyərləndirən tarixçi-alim Firdovsiyyə Əhmədova deyib ki, qanunvericilikdə konkret hansı ifadənin yer almasından asılı olmayaraq, 1991-ci ildən bu yana 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü kimi qeyd edilir. Alimin sözlərinə görə, 18 oktyabrın “Müstəqillik Günü” kimi qeyd edilməsi doğru deyil, çünki burada müstəqilliyin ilk dəfə qazanılmasından yox, bərpasından söhbət gedir:
“Məktəb yaşlı uşaqlar da bilir ki, SSRİ dağılandan sonra, yəni 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edilib. 1918-ci il 28 may tarixinin Respublika Günü kimi qeyd olunması, qənaətimə görə, özündə respublika sözünü ehtiva etməsi ilə bağlıdır. Xüsusi olaraq vurğulanırdı ki, həmin gün Azərbaycan xalqı tarixində ilk dəfə respublika qurulub. Burada söhbət türk-müsəlman aləmində ilk dəfə qurulan Azərbaycan Cümhuriyyətindən gedir. Məhz ona görə 28 may uzun müddət Respublika Günü kimi qeyd olunurdu. “Respublika” sözü özlüyündə dövlət müstəqilliyinin elanı kimi nəzərdə tutulurdu. Əlbəttə, həmin gün İstiqlaliyyət Bəyannaməsi qəbul olunub və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilib. Bu da bir əsrlik Çar Rusiyasının əsarətindən sonra dövlətçiliyin yenidən bərpası demək idi. Burada ziddiyyətli məqam yoxdur”.
F.Əhmədova hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müzakirələrə ehtiyac duyan daha ciddi məsələlər var:
“Yaxşı olar ki, Milli Məclis Cümhuriyyətin türk-müsəlman aləmində ilk dəfə tətbiq etdiyi yeniliklərin təbliği məsələsində də ciddi addımlar atsın. Cümhuriyyətlə bağlı tarixi xatirə komplekslərinin yaradılması ilə məşğul olsun. Məsələn, Cümhuriyyət Xiyabanının açılması, qurucuların xaricdəki məzarlarının ölkəmizə gətirilməsi, siyasi-ictimai xadimlərin yaşadığı binalara lövhələrin vurulması və s. çox mühümdür. Bu, tarixi yaddaş siyasətidir və mütləq həyata keçirilməlidir. Əgər Milli Məclis bu məsələlərə həssaslıqla yanaşıb, tarixi ədaləti bərpa etmək fikrindədirsə, arzuolunandır ki, sadaladığım məqamlara diqqət yönəltsinlər”.