İki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra da belə olacaq
“10 noyabr Bəyanatı regionun daha sabit və firavan sabahına olan inamı artırdı”. Bu sözləri “Şərq”ə açıqlamasında YAP Səbail rayon təşkilatının əməkdaşı Fuad Heydər deyib. Gənc fəal bildirib ki, ötən il imzalanan birgə Bəyanat 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdi: “Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu.
Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran dövlət sərhədi bərpa edildi. Dövlət Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı.
Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir”.
F.Heydər bəyan edib ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir: “Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, eləcə də Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlqoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra da belə olacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq”.