Fazil Mustafa: "Millət olaraq Nuru Paşaya namus borcumuz var"
"Deputat bildirib ki, orta səviyyəli səlahiyyətlilər bu işə bacardıqları qədər mane olur"
“2018-ci il 15 sentyabrda Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən qardaşlıq paradında ölkə prezidenti 4 dəfə Nuri Paşanın adını çəkdi və xidmətlərini vurğuladı. Demək ki, bu, siyasi iradə ilə bağlı məsələ deyil”. Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, orta səviyyəli səlahiyyətlilər bu işə bacardıqları qədər mane olur və Nuri Paşanın adını unutdurmağa çalışırlar. Halbuki, Türkiyə-Azərbaycan qardaşılığının simvolu olaraq iki şəxsiyyətin üzərində xüsusi olaraq dayanmaq lazımdır:
“Bunlardan birincisi Əhməd bəy Ağaoğludur. Yeri gəlmişkən, o, Nuri Paşanın siyasi müşaviri olub. Azərbaycan tarixinin ən böyük mütəfəkkirlərindən biridir. Yeganə şəxsdir ki, həm Osmanlı dövlətinin, həm Azərbaycan, həm də Türkiyə Cümhuriyyəti parlamentlərinin üzvü kimi fəaliyyət göstərib. Diqqət yetirin, onun doğulduğu, yetişdiyi məkan da Şuşadır, dədə-baba evi də oradadır. Ancaq nədənsə, Şuşa üzərindən də onun adını qabartmağı unuduruq”.
Parlament üzvünün sözlərinə görə, ikinci böyük şəxsiyyət isə Nuri Paşadır:
“Millət olaraq ona namus borcumuz var. Söhbət onun xatirəsini əbədiləşdirməkdən getmir, öz namus borcumuzu yerinə yetirməkdən gedir. Mart soyqırımından sonra zəlil, pərişan bir gündə olan milləti 15 sentyabrda yenidən başını qürurla qaldıran xalqa çevirən bir şəxsiyyətdir Nuri Paşa. Ona görə də bu məsələdə israr edirəm. Bundan sonra da Zorgenin gözlərini sevənlərin qulaqları deşilsin deyə, bu təklifləri dönə-dönə təkrarlayacağam”.