Sərhədlərin müəyyənləşməsi prosesində 1920-ci ilə qədər olan xəritələrə üstünlük verilməlidir
Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması ətrafında gedən müzakirələr prosesin hansı xəritələrə əsasən həyata keçiriləcəyi məsələsini yenidən gündəmə gətirib. Ermənistanın Mülki Müqavilə Partiyasını təmsil edən deputatı Arman Yeqoyan deyib ki, Rusiya Baş Qərargahında bununla bağlı çoxsaylı xəritələr var. Lakin sərhədlərdə stabillik üçün Baş Qərargahdan İrəvana 1974-cü ildə hazırlanmış xəritə təklif edilib. Yeqoyan bildirib ki, 70-ci ildən sonra sərhədlərdə müəyyən dəyişikliklər olsa da, qeydə alınmayıb: “Aradan keçən vaxt ərzində dəyişiklik olub, amma bəzi yerlərdə, məsələn, Qaragöldə, Tavuşda kolxozlar səviyyəsində dəyişiklik baş verib”. Erməni deputatın fikrincə, delimitasiya və demarkasiya prosesi vəziyyəti dəyişə bilər: “Biz Azərbaycan SSR və Ermənistan SSR-in təsdiq etdiyi 1926-cı ilin xəritəsinə güvənirik. Hesab edirik ki, sərhədlərin müəyyənləşməsi həmin ilin xəritələrinə əsasən aparılmalıdır”.
Qeyd edək ki, Paşinyan da “bəzi yerlərdə kolxoz səviyyəsində” dəyişiklik olduğunu bildirmişdi. Bu, daha çox Qazaxın 80-ci illərin ortalarında verilən 3 min hektar ərazisi ilə 7 kəndin Azərbaycandan ayrı düşməsinə aiddir. Xəritələr məsələsində isə müxtəlif versiyalar səsləndirilir. Bəzi tarixçilərə görə, 1928-ci ilədək dəqiq hərbi topoqrafik xəritələr olmayıb. Coğrafiyaçı alimlər vurğulayırlar ki, sərhədlərin delimitasiyası və demarkasiyasi topoqrafik xəritələr əsasında aparılmalıdır.
Tədris xəritələri ilə sərhəd xətti çəkmək olmaz. Sərhədlərin demarkasiyası üçün internet məkanında gəzən xəritələr deyil, bütün nöqtələri bir neçə metrə qədər dəqiqliyi ilə göstərən xəritələr lazımdır. Mediada 1960-1970-ci illərin xəritələrindən də bəhs edilir. Vurğulanır ki, sərhədlərin dəqiq müəyyən edilməsi üçün SSRİ Kartoqrafiya və Geodeziya İdarəsinin xəritələrinə əsaslanmaq lazımdır. Məsələ ondadır ki, Ermənistanın “güvəndiyi” 1926-cı il xəritəsi haqda da heç bir məlumat yoxdur.
Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı “Şərq”ə danışan tarixçi-alim, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Vasif Qafarov deyib ki, 1920-ci ildən sonra iki ölkənin sərhədlərində baş verən bütün dəyişikliklər bizim ziyanımıza, Ermənistanın isə xeyrinə olub. Tarixçi vurğulayıb ki, 1920-ci ildə, yəni Azərbaycan və Ermənistan sovetləşməyə başlayandan sonra dekabrın 1-də qəbul olunmuş bəyanatda Zəngəzur, Naxçıvan və Qarabağ məsələsi də əksini tapıb. Lakin Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində qalması qərarlaşdırılıb:
“Ancaq Ermənistan Qars müqaviləsini tanımayıb, hətta bunu öz konstitusiyasına salıb. Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab etdiyi kimi Ermənistan da özünü həmin illərdə mövcud olmuş dövlətin varisi sayır. Yəni əslində iddia edir ki, sovet dövründəki ərazi dəyişikliklərini tanımır. Əgər elədirsə, Ermənistan ilk növbədə 1918-20-ci illərdə mövcud olmuş respublikanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. 1918-ci ildə Ermənistan respublikası cəmi 9 min kvadrat kilometr ərazidə yaranmışdı. Bu ərazilər də bir sıra şərtlər daxilində Ermənistana verilmişdi. Amma sonradan Ermənistan o şərtlərin heç birini yerinə yetirmədi. Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlub olduqdan və Cənubi Qafqazdan qoşunlarını çıxartdıqdan sonra Ermənistan Azərbaycana qarşı açıq təcavüz siyasətini həyata keçirməyə başladı. Cümhuriyyətin süqutuna qədər bu təcavüz davam etdi”.
Alim qeyd edib ki, Azərbaycanla Ermənistan arasında mübahisə mövzusu olan ərazilər sadəcə Naxçıvan, Zəngəzur və Qarabağ deyil:
“Mətbuatda ancaq bunlar müzakirə olunur. Mübahisə predmeti təkcə bu üç bölgə deyil, eyni zamanda Şərur-Dərələyəz qəzası, Basarkeçər və başqa ərazilər idi. Daha doğrusu, ermənilər bu ərazilərə iddia edirdi. Sovet hökuməti dövründə süni şəkildə mübahisəli ərazilərə çevrilən həmin bölgələr Ermənistana verildi. Zəngəzur iki hissəyə bölündü və Qərb hissəsi Ermənistanda qaldı. Bölünmək deyəndə, söhbət ərazinin tam yarıdan iki hissəyə ayrılmasından getmir. Zəngəzurun böyük hissəsini ermənilər aldı. Qarabağdakı ermənilərə isə muxtariyyət verildi. Qarabağın Azərbaycanın tərkibində saxlanması xeyrimizə idi, amma ədalətsiz tərəfi o idi ki. heç bir əsası olmadan oradakı ermənilərə muxtariyyət hüququ verildi”.
V.Qafarov vurğulayıb ki, Azərbaycan və Ermənistan sərhədləri ilə bağlı 1920-1929-cu illər ərzində bir sıra ərazi dəyişikliyi baş verib və hamısı ermənilərin faydasına olub:
“Hətta 1960-cı illərdə Qaragöl ətrafında baş vermiş hadisələr, ermənilərin mərkəzi hökumətə müraciəti, yaylaqların ermənilərə verilməsi sayəsində həmin ərazilərin zəbt edilməsi də birbaşa əleyhimizə işləyib. O baxımdan hesab edirəm ki, sərhəd müəyyənləşməsi prosesində mümkün qədər əvvəlki dönəmin xəritələrinə istinad etmək daha məqsədəuyğundur. Hər halda 1974-cü illə müqayisədə 1926-cı ilin xəritələri daha çox xeyrimizədir. Nəzərə alaq ki, sovet dövründə Azərbaycan-Ermənistan arasında detallı sərhəd olmayıb. Sadəcə, inzibati sərhədlər mövcud olub. Xüsusən sərhəd bölgələrindəki şəhər və kəndlərin hansı dövlətə məxsus olması o dövrün inzibati idarəçiliyi ilə müəyyən edilib”.