Nizami Gəncəvi 880 ildir bizimlədir
Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsərdə bir tarixi şəxsiyyət yetişdirir
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Görkəmli mütəfəkkirin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Dahi Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradıb. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb. Əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Ulu öndər Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
Yola salmağa hazırlaşdığımız 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edildi. İlin əvvəlindən etibarən dahi Nizami Gəncəvi ilə bağlı çoxsaylı tədbirlər, konfranslar keçirilib. Həm ölkə daxilində, həm də “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi”nin təşəbbüsü ilə dünyanın bir çox ölkəsində mühüm elmi-konfranslar təşkil olunub. Demək olar ki, ilin bütün aylarında Nizami Gəncəvi yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər baş tutub. Dekabr ayı ərzində də tədbirlər davam edib. Hər tədbirdə vurğulanıb ki, müdrik Nizami Gəncəvi hikmət və fəlsəfə şairidir. Onun yaradıcılığı çoxşaxəlidir və yeniyetmələrin tərbiyəsindən tutmuş dövlət idarəçiliyinə qədər müxtəlif sahələri əhatə edir. Nizami Gəncəvi yaradıcılığının təbliğat üçün daha bir əhəmiyyətli tərəfi odur ki, son yüz əlli ildə Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Avropada da, Şərq ölkələrində də çoxsaylı alimlər var ki, onun yaradıcılığına yaxşı bələddirlər. Həm də böyük mütəfəkkirə tarix boyu iddia edən, onu özününküləşdirməyə çalışan bir çox millətlər olub. Bu baxımdan Nizami Gəncəvi elmi-ədəbi irsinin dünyada təbliğatı həm də Azərbaycanın tanıtımı deməkdir.
Ötən gün “Nizami Gəncəvi Mədəni İrsi XXI əsr” simpoziumunda çıxış edən mədəniyyət nazirinin müavini Elnur Əliyev deyib ki, Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsrdə bir tarixi şəxsiyyət yetişdirir. Nizami yaradıcılığı da öz böyüklüyü və özünəməxsusluğu ilə seçilir. Onun sözlərinə görə, kifayət qədər xarici vətəndaş var ki, Nizami yaradıcılığını tədqiq edir: “Biz onlarla daim təmasdayıq. Onlarla söhbət edəndə Nizami Gəncəvini yenidən kəşf edirik. Biz Nizami əsərlərini tərcümədən oxuyuruq, amma onlar orijinaldan, fars dilindən oxuyurlar və deyirlər ki, Nizami dövrünün digər şairlərindən çox fərqlidir. Belə hesab edirəm ki, biz Nizamini hələ tam dərk etməmişik. Bunun subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, insana, insan cəmiyyətinə ensiklopedik yanaşma edib”.
Milli Məclisin deputatı Soltan Məmmədov da bildirib ki, “Nizami ili” səfirliklərimiz vasitəsilə dünyanın müxtəlif ölkələrində qeyd olunur. Deputatın sözlərinə görə, bu tədbir də həmin silsilədəndir: “Tədbirin bu səviyyədə təşkili və iştirakçı sayı onu göstərir ki, Nizami yaradıcılığını, Azərbaycan ədəbiyyatını sevənlər çoxdur. Bu gün hər birimiz tariximizin qürurlu və şanlı səhifələrini yaşayırıq. Azərbaycanın tarixi şəxsiyyətlərinə qiymət verən bu tip tədbirlərin keçirilməsi də təqdirəlayiq haldır”.
Tanınmış şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə “Şərq”ə açıqlamasında deyib ki, pandemiya şəraiti “Nizami Gəncəvi ili” çərçivəsində daha çox iş görməyə, genişmiqyaslı tədbir-konfrans keçirməyə mane olub. Şairin fikrincə, koronavirus bəlası olmasaydı, dahi Nizami Gəncəvinin 880 illiyini daha yaddaqalan tədbirlərlə qeyd etmək olardı:
“Məsələn, şairin doğulub-yaşadığı Gəncədə möhtəşəm yubileyi keçirilə bilərdi. Poeziya gecələri təşkil olunardı. Beynəlxalq səviyyədə, xarici ölkələrdə, qonşu dövlətlərdə konfranslar baş tutardı. Hər halda mövcud şəraiti də nəzərə alsaq, “Nizami Gəncəvi ili”ndə kifayət qədər işlər görüldüyünü deyə bilərik. Dahi şairimizin dəyərli irsi hər il olduğu kimi bu il də dünyada təbliğ olundu. Eyni zamanda ölkəmizdə Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı müəyyən tədqiqat əsərləri yazıldı. Çoxları ilə tanış olmuşam. 18-19 dekabr tarixlərində Akademik Milli Dram Teatrında şair-yazıçı, kinodramaturq İlqar Fəhminin “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” adlı pyesi teatrda oynanıldı.. Bu sahədə kim nə iş görübsə, hamısı sağ olsun”.
Q.Nəcəfzadə vurğulayıb ki, tarix boyu Nizami Gəncəvini başqa xalqlar öz adlarına çıxmaq istəyiblər:
“Qarabağı, Şuşanı düşmən işğalından azad etdiyimiz kimi Nizamini də “işğaldan” xilas etməliyik. 2021-ci il ona görə “Nizami Gəncəvi ili” elan olunub. Sərəncamın verilməsində məqsəd Nizamini özümüzünküləşdirmək və dünyada təbliğ etmək və Azərbaycanın mədəni sərvəti olduğunu hamıya göstərmək idi. İşğal təkcə torpaqla bağlı olmur. Eyniylə musiqilərimizə, mənəvi dəyərlərimizə, ədəbiyatımıza və tarixi simalarımıza da iddialar olur. Onları da “işğal” etməyə çalışırlar. Biz həm də bununla mübarizə aparırıq. Mənə elə gəlir ki, biz dahi şarimiz Nizami Gəncəvini “işğaldan” xilas edə bildik”.