Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibə 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Qazanılan qələbə bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətini düşmən ölkələrin parçalamasının qarşısı bu müzəffər gün ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
Qələbə günü ilk dəfə 1923-cü ildə qeyd edilib. 1926-cı ildən isə rəsmi olaraq, Zəfər Bayramı elan olunub.
30 avqust həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Tarixçi-alim Boran Əzizli "Sherg.az"a açıqlamasında bildirib ki, avqustun 30-u Türkiyə dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən gündür:
"Sözügedən tarix müasir Türkiyəyə gəlib çıxan yolun başlanğıcı olmuşdur, desək, yanılmarıq. Qardaş ölkədə bu qələbələrin qazanılmasında böyük əməyi olan şəhidlərin, qazilərin və qalibiyyəti yaşadan Qazi Mustafa Kamal Paşanın ruhu şad olsun. Birinci Dünya müharibəsindən sonra Türkiyə ağır bir duruma düşdü.
Böyük dövlətlər Osmanlı İmperatorluğunun ərazisinin 4 də 3 hissəsini, müasir Türkiyənin isə xeyli torpaqlarını məhv etdilər. Onları məcburi sülhə çağırdılar. Lakin Mustafa Kamal Paşa və qəhrəman türk xalqı təslimçi sazişə razı olmadı. Böyük imperatorluq yaratmış və dünya tarixinə dərin iz qoymuş bir millət belə yaşaya bilməzdi.
Buna layiq olmadıqlarını da, öz mübarizələrini də sübut etdilər. Bu, Zəfər bayramı həmçinin Azərbaycan üçün də əlamətdar gündür. Çox böyük ürək açıqlığı ilə qeyd edirik. Bu, eyni zamanda qardaşlığımızın rəmzidir. 30 avqust bayramı, eyvandan asılan bayraqlar iki qardaş ölkənin müştərək bir tarixə sahib olduğu anlamına gəlir.
Bu gün münasibətilə həmçinin 2020-ci ilin 27 sentyabrdan başlayan 44 günlük müharibədən sonra Azərbaycanın əldə etdiyi Zəfər qələbəsi yada düşür. Həmin müddət ərzində həm Türkiyə dövləti, həm türk xalqı, həm də onların siyasi qüvvələri ölkəmizə ictimai, siyasi, mənəvi dəstəyini verdi.
Bu da qələbəmizə yetərincə dayaq oldu. Millətimiz üçün çox xoşdur ki, Türkiyə Vətən müharibəsində qazandığımız zəfərin beynəlxalq miqyasda da tanınmasında var gücünü səfərbər etdi. Tərəfdaşlığı “Şuşa Bəyannaməsi”ndə də aydın görürük.
Məlum anlaşma bir növ Qars müqaviləsinin davamı idi. Bütün bunlardan sonra hər birimizin 20-ci əsrin əvvələrindən arzusunda olduğumuz Türk birliyi gücləndi. Ölkəmizin Zəfər qələbəsi nəticəsində də Türk Dövlətləri Təşkilatı da meydana gəldi".