O səsi bolşevik gülləsi də susdura bilmədi
Ədəbi tənqid uzun zaman “Əhməd Cavadın yaradıcılığını mühacirət ədəbiyyatına aid etmək düzgündürmü” sualı ətrafında düşünüb. Əhməd Cavad, Cümhuriyyətimizi, onun rəmzlərini ən səmimi, ana laylası kimi şip-şirin, içdən, qəlbinin atəşiylə vəsv edən şairdir və istiqlal şairlərinə bu xüsusda birmənalı şəkildə ən layiqli rəhbərdir. Lakin Əhməd Cavad mühacirət etməyib, könüldən bağlandığı, xalqının, millətinin xilaskarı, Turan yolunda gur işıq hesab etdiyi Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da dogma yurdunu tərk etməyib, gah sətiraltı, gah da açıq şəkildə cümhuriyyəti yenə tərənnüm edib, Vətənin o xoş, səması dumansız zamanlarını xalqın yaddışında saxlamağa çalışıb.
Və buna nail olub. Məhz buna görə də dövrün bolşevik yedəyində sürünən qələm sahiblərinin tənqid və təhqirlərinə məruz qalıb, ömrünü Azərbaycan istiqlalına qurban demiş şair son olaraq da Stalin repressiyasının qurbanı olub. Amma Əhməd Cavadın şerləri mühacirət ədəbiyyatının əsasını təşkil edirdi.Onun şerləri heç özü də bilmədən, xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə mühacirət həyatı yaşayan cümhuriyyət fədailərinin, Azərbaycan sevdalılarının nəşr etdikləri qəzetlərdə, məcmuələrdə, kitablarda çap olunurdu.Bu şerlər xaricə necə yol tapırdı? Bəlkə kimlərinsə vasitəsilə, bəlkə dildən-dilə dolaşaraq…Amma heç bir halda şerlərini Əhməd Cavadın özünün göndərdiyini iddia etmək qətiyyən mümkün deyil.Çünki şair bolşevizmin vəhşi simasını görürdü.Şair bilə-bilə özünü şura hökumətinin hədəfinə çevirməzdi, hər halda.Mühacirətdəkilər isə istiqlala olduğu kimi, Əhməd Cavad şerlərinə də təşnə idilər.Onlar üçün bu şerlər Azəbaycandan əsən istiqlal, azadlıq küləyinin gətirdiyi xoş müjdə idi.Mühacirlər bu şerlərə sığınır, Əhməd Cavadın şəxsində dogma Vətəndə cümhuriyyət aşiqlərinin var olduğuna sevinir və ümidlə yaşayır, çalışır, nəşr etdikləri məcmuələrdə bolşevik-sovet Azərbaycanında baş verənləri xarici ölkələrə çatdırırdılar.Bu prizmadan baxdıqda, bəli, Əhməd cavad həm də mühacir şairdir. Azərbaycanda ola-ola haqqında xarici ölkələrdə söz etdirən dahi!
Bu yazıda biz Əhməd Cavadın mühacirət mətbuatında nəşr olunmasının onun Aprel inqilabı ilə qaralan taleyini bir qədər də ağırlaşdırdığını, şairə hücumların necə geniş vüsət aldığı barədə yazacağıq.Bu nəşrlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Milli Şuranın sədri, Rəisi-cümhur Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə 1923-cü ildə nəşr etdirdiyi “Yeni Kafkasya” məcmuəsidir. Məcmuə Azərbaycanda baş verənləri diqqətlə izləyidi və Əhməd Cavadın bolşevik hökumətinin hədəfində olduğunu da bilirdi.Məlumdur ki, şairin hər şeri məzmunundan, istiqamətindən asılı olmayaraq sovet quruluşuna, kommunizmə qarşı hesab edilir, şair ədəbi mühitdə tənqidlərə məruz qalırdı.Bolşevizmin həzm edə bilmədiyi şerlərdən biri də “Göygöl” idi.
Əhməd Cavadın yurdun “füsunkar qızı” adlandıraraq özünəməxsus şairanə bir dillə vəsf etdiyi Göygölə xitabən “sənin gözəlliin gəlməz ki saya, Qoynunda yer vardır, ulduza, aya” söyləməsi, təbii ki, sovet diktaturasının xoşuna gəlməyəcəkdi. Sovet ədəbiyyatının “avanqard” şairləri və tənqidçiləri üçün bu Əhməd Cavad kimi bir fitri istedadı, güclü qələm sahibini sıradan çıxarmaq üçün “əla fürsət” idi.Və onlar bu fürsəti fövtə verməyərək bolşevik mətbuatında şairə hücuma keçirdilər.Belə məqalələrdən biri şairin “Göygöl” şeri “Maarif və Mədəniyyət” məcmuəsində nəşr edildikdən sonra “Kommunist” qəzetində boy göstərmişdi.Mühacirət mətbuatı ana Vətəndə baş verənlərdən xəbərsiz deyildi. “Kommunist” qəzetində dərc edilmiş məqalə haqqında Türkiyədə nəşr olunan “Yeni Kafkasya” dərgisi xəbər verirdi.“Sovyet Matbuatından Zavallı Şair!” başlıqlı məqalədə Əhməd Cavadın bolşevik mətbuatının hədəfində olduğu oxuculara bu şəkildə çatdırılırdı: (məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdırdıq)
“Bakıda Maarif Komissarlığı tərəfindən “Maarif və Mədəniyyət” adında bir məcmuə nəşr edilir.Bu məcmuə təbliğat mahiyyətində olmayıb, elmi və ədəb mövzulara yer verir.Fəqət, bu, onun kommunizm əleyhinə olduğunu əlbəttə isbat etmir.Məcmuə ilk səhifəsinin başına sosialist və komunist “besmeləsi” olan “Bütün dünya işçiləri birləşin!” şüarını qoymağı unutmamışdır.Məcmuənin oktyabr ayı nüsxəsində Azərbaycan şairi Əhməd Cavad bəyin bir şeri nəşr edilmişdir.Bu şeri aşağıda dərc edirik”. Qeyd edək ki, istiqlal şairimizin bu bənzərsiz poeziya nümunəsini dərc edən “Yeni Kafkasya” səhifənin aşağısında izah da verib: “Göygöl Əhməd Cavad bəyin doğulduğu Gəncə qəzasında bir gölün ismidir. Şair ilhamını oradan almış olsa gərək”. Məqalədə daha sonra yazılır: “Poetik dillə yazılmış şer “Kommunist” qəzetinin çılğın hücumuna uğrayıb. Ə.B. imzasıyla yazılan məqalədə şer “düşmən tikanları” adlandırılmış, şair tənqidə məruz qalmışdır.
Ə.B.(gizli imzadır, “Yeni Kafkasya” bu imzanın Əhməd Bədiyə aid olduğunu yazır)hər şeydən əvvəl Azərbaycanın “Göygöl” deyil, axıdılan bu qədər qanlar nəticəsində “qızıl göl” olduğunu irəli sürür; sonra “Şuralı Azərbaycan” dağlarının “dumanlı” olduğuna təhəmmül edə bilmir. “Göygöl”ün yaralı sinəsində “yaşıl gölgə” olaraq yaşamaq istədiyini, “qızıl Azərbaycan”ın rəmzi oraq-çəkic olduğu halda, Göygölün qoynunda ay və ulduza yer verən şairi “əks-inqilabçı” töhməti altında buraxır”. Kommunist senzoru bununla da kifayətlənmir, Əhməd Cavadın sabiq Gəncə müsavatçısı olmasından, firqədən “göz boyamaq” (şura hökumətini aldatmaq) üçün istefa etdiyini yazır, şairi “Maarif və Mədəniyyət oxucularına “diri-diri gömülən Müsavatizmin məzardan yüksələn sədasını eşitdirmək “cinayətiylə” ittiham edir. Əhməd Cavadın bu şerini Ə.B. çekisti Müsavat təşkilatında olmaqla Müsavat əqidəsinin daşıyıcı olmaq arasındakı “fərqdən” özünəməxsus hərzə ibarələrlə şahid gətirdikdən sonra bolşevik üslubuna sadiq qalaraq “Mehmet Eminlər”lə “Yeni Kafkasya”nı da unutmayaraq onları da hədəfə alır. Şairin Göygölə xitabən “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə?”sualını da bu bolşevik senzoru “Büün ölkələrin yoxsulları birləşin” bağıran Azərbaycanda “özgə sözə” yer olmayacaq” şəklində xatırladır. Zavallı şair! Müsavat firqəsindən istefa etdiy bəs deyil, indi də səmimi hiss və duyğularından istfa etməlidir ki, Azərbaycana “özgə söz” “eşitdirməyən” özgələrin şərrindən qurtulsun”.
Məcmuə başqa bir sayında yenə də Əhməd Cavadın Vətəndə çəkdiyi əziyyətlərə yer ayırır.“Əhməd Cavad faciəsi” başlıqlı məqalədə yazırdı:Can çəkişən aslana qotur eşşək təpik atar. Həqiqətən, qəddar rejimin dəstəkçilərndən türk millətinə xas alicənablıq ummaq yersizdir.Buna görə də Cavada “təpik atan” insan sifətində heyvanlar adətlərindən əl çəkmir.Dünənədək ona təriflər deyənlər, indi tənqid və təhqir edərək rejimə yarınaraq alçaqlıqlarından əl çəkmirlər.“Kommunist”də yenə bir məqalə gözə çarpır. Lakin maraqlı bir hal var: məqalə sahibi imzasını qoymağı unutmuş; kim bilir? Birdən vəziyyət “dəyişdi?!
O zaman nə olur, nə olmaz…” Həmin məqalənieynilə dərc edirik:
“Cavadın yolu”.
Cavadın protestosu (Əhməd Cavad təkzib məqaləsi yazıbmış) münasibətiylə qəzetimizin birinci məqaləsində bizi ən çox və başlıca maraqlandıran bir məsələni xüsusilə və kəskin sirətdə qeyd etmişdik. Nə üçün müsavatçılar Həsənin, Vəlinin və başqasının deyil, Cavadın şerlərini çap edirlər və ümumiyyətlə Cavad öz əsərlərində istər-istəməz müsavatizmə və müsavatçıların arzularına xidmət edir.İndi Cavad öz əsərlərinin xarici ölkələrdə çap olunmasını müsavatçılardan heç də təvəqqe etmədiyini və çap olunan əsərlərinin onun köhnə şerləri olduğu aşkara çıxdıqdan sonra (bu şerlər 1917-ci illərədək yazılmışdır – “Kommunist” qəzeti) Cavadın məsələsi siyasət və məfkurə sahələrinə keçir.Cavad Azərbaycanın köhnə yazıçılarındandır. O, hələ 1911-ci ildən yazmağa başlamışdır. Beləcə Cavadın yazıçılığı 3 dövrü əhatə edir: 1) 1911-17-ci illər; 2) 1918-20-ci illər; və Azərbaycanda Aprel inqilabından sonrakı dövr”. Məqalədə Əhməd Cavad “xalqın əsarətdə qalmasına, çarizmin Qars və Ərdəhan vəhşiliklərinə acı-acı ağlayan”, çarizmə qarşı üsyünları müdafiə edən, Çar Rusiyası əleyhinə türklərin tərəfdarı, “1913-17-ci illərdə Gürcüstanda yaşayarkən Gürcü Milli Hərəkatının təsiri altında düşmüş”, bu təsir altında əsərlərində Qara dəniz sahillərinin xatırlanmasından, o dövrdə qələmə aldığı şerlərdən və bu şerlərin çox təhlükəli, hətta “zəhərli” olduğu yazılır. Məqalədə Əhməd Cavad “Turan üçün, Türk yollarını təşkil edən Zaqafqazya üçün göz yaşı tökən və təəssürata qapılan” adlandırılır. Məqalədə hətta “Əhməd Cavad Rəsulzadə və sairlərindən daha inqilabçıdır”, yazılıb. Ə.Cavadın xalqın qurtuluşunu Türk ordusunun gəlməsində gördüyü, 1918-ci ildə Bakıda qurulmuş sovet hökumətinə - Bakı kommunasına zəhərli oxlar yağdırdığı, şairin “şovinist”, “pantürkist, panturanist məfkurəsinin sən dərəcə tərəqqi etdiyi”, çoxdan bəslədiyi ümidlərin nəhayət Türkiyə ordusunun Azərbaycana gəlişi ilə parladığı” qeyd edilir. Məqalədə yazılıb ki, “Ə.Cavad üçün əsas Azərbaycanın istiqlalı deyil.Onun əsas istəyi, arzusu Turandır!”. “O şerlərində daima türklərdən, Turandan bəhs edib durmaqdadır. Azərbaycanın xilası və Azərbaycannın milli bayrağı onun üçün Turan yaradılmasına xidmət etməli idi.Azərbaycan onun üçün Turana doğru bir yoldur”.İştə, Cavadın məfkurə və proqramı!” Məqalə müəllidi Əhməd Cavadın ikinci dövr yaradıcılığının ikinci hissəsi barədə qəzetin növbədi sayında məlumat veriləcəyini bildirir. “Kommunist” qəzeti Əhməd Cavad haqqında “o heç Azərbaycan vətənpərvəri belə deyildir”, saxta ittiham verərək şairi milyonlarla oxucusunun gözündən salmağa çalışırdı.
İstiqlal şairinə kommunistlərin “bədii hücumu” davam edir, haqqında səhifə-səhifə “araşdırmalar” yazılırdı.
Parisdə Ceyhun bəy Hacıbəylinin rəhbərliyi ilə nəşr edilən “Azərbaycan” dərgisi “Əhməd Cavad faciəsi” başlığı ilə 3 məqalə təqdim edib. Məcmuə qeyd edir: “təəssüf, milli şairimizin “Kommunist”də dərc edilmiş “protesto” (etiraz) məktubunu biz əldə edəmədik. Hər halda həmən dərginin 01.11.29 tarixində dərc etdiyi məqalə Ə.Cavadın məktubunun məzmununu bir qədər açır.Məqaləni oxuduqda şairin məktubunun məzmununun nədən ibarət olduğunu təsəvvür etmək asandır. Aşağıda bir communist mühərrir tərəfindən (imzasını tapmadıq) yazılmış məqaləni eynilə dərc edirik;
“Keçinin andınamı, xoruzun quyruğunamı?(Cavad protestosu münasibətilə). QEYD: Bu məqalə Ə.Vəliyev imzasıyla “Kommunist” qəzetinin 2 noyabr 1929-cu il tarixli sayında dərc edilib. “Müsavatçıların “İstiqlal uğrunda” adlı kitabında şair Əhməd Cavadın şerləri dərc edilməsi münasibətiylə qəzetimizin dünənki nömrəsində şairin “Şiddətli protesto”su dərc edilmişdi.Cavad, bu işdən xəbəri olmadığını bəyanla, müsavatçıların bu hərəkətini provakasiya adlandırır və etiraz edir. Bu işdən Cavadın xəbəri varmıdır, yoxmudur, icazə vermişdir, verməmişdir, imzası varmı,yoxmu, bunun o qədər də əhəmiyyəti yoxdur. Bizi maraqlandıran məsələ, hər şeydən əvvəl budur ki, nə üçün müsavatçılar öz kitablarında, öz şair və ədibləri sırasında başqalarının deyil, həmən-həmən Cavadın əsərlərini dərc və nəşr edirlər. Hamı, xüsusən Cavadın özü bu məsələ üzərində düşünməlidir.
Bu suala cavab vermək üçün hər şeydən əvvəl Cavadın yazılarını götürməliyik. Qəzetimizin səhifələrində dəfələrlə göstərilmişdir ki, Cavadın əsərlərindən müsavat ruhu, qoxusu, ümumiyyətlə, müsavatçılıq iyi gəlir. Bu əsərlər mövzu etibarilə göllər, meşələr, buludlar və sevgililərə xitabən yazılıb və bugünki Azərbaycan oxucusuna əsla lazım deyildir.Cavadın əsərlərini müsavatçıların həvəslə çap etmələrinin kökü də burasındadır.“Yeni Kafkasya” və sair müsavat məcmuələri birinci nömrələrindən Cavadın şerlərini dərc edir və müsavatçılar gözləyirlər ki, nə vaxt Cavadın yeni şeri çıxacaq ki, öz məcmuələrində çap etsinlər”. Daha sonra ”Kommunist”in yazarı sual edir: “Cavaddan soruşmaq lazımdır ki, nə üçün o, şerləri dərc edilən zamanlar və ümumiyyətlə, ötən 9 il ərzində səsini çıxarmayıb, indi etiraz edir? Biz bu etirazı formal rəddiyyə hesab edirik”.Qəzet xatırladır ki, son zamanlar sovet Azərbaycanında belə hallara çox rast gəlinir.Hansısa ədib, alim və mühərrirlər xarici ölkələrdə nəşr olunan əks-inqilabçı, ağqvardiyaçı dərgilərdə xəbərləri ola-ola və ya olmadan çıxış edirlər, sonra da formal etiraz bildirirlər.Əməkçilər bundan narazıdır (!). Qəzet yazır ki, Cavadın səmimiyyətinə inanardı, əgər o, müsavat boyunduruğundan xilas olmuş Azərbaycan əməkçilərinə Aprel inqilabından ötən 10 il ərzində hüsn-rəğbət bəslədiyini göstərmiş olsaydı. “Ancaq belə bir əsərini çıraqla da axtarsaq, tapmarıq.Yoldaş Nazim (Əli Nazim nəzərdə tutulur) onun Oktiyabr” şerinə inanmamaqda haqlıdır. Çünki “Oktiyabr” haqqındakı şeri ümumiyyətlə, Oktyabr haqqındadır, nəinki Azərbaycanda olan Aprel haqqında”. Göründüyü kimi, “Kommunist” qəzeti Əhməd Cavada zəbələr endirməkdə davam edir, şairin dözümünü, iradəsini sınayır, nəbzini “yoxlayırdı”.Şairin hətta etiraz məktubuna da şübhəli yanaşır, səmimiyyətinə inanmamaqda özünü haqlı sayırdı. Sovet Azərbaycanında Əhməd Cavada hücumlar, şairin bolşevik “ədəbi mühiti” tərəfindən məngənəyə salınaraq sıxılması mühacir mətbuatının diqqətindən yayınmır, mühacirətdə yaşaya-yaşaya Azərbaycan istiqlalı uğrunda mücadiləni davam etdirənlər İstiqlal şairinin müdafiəsinə qalxır, onun xilası üçün çabalayırdılar.
Növbəti saylarından birində “Yeni Kafkasya” dərgisi “Maarif və Mədəniyyət” məcmuəsinin artıq bağlandığını, satışa çıxarılmağa hazır nüsxələrin mətbəədə müsadirə edildiyini xəbər verirdi. Məcmuə Əhməd Cavadın “Göygöl” şeri “Maarif və Mədəniyyət”də nəşr edildikdən sonra “Kommunist” qəzeti tərəfindən şiddətli tənqidə məruz qaldığını xatırladır və yazırdı: “Anlaşılan məcmuə, bolşevik diktaturası daxilində bir az olsun elmi nəşriyyatda bulunmaq imkanına inanmaq sadəlövhlüyünə qapanmışdır”. Professor Bədirxan Əhmədli “Əhməd Cavadın “Mühacirət şerləri” də ədəbi tənqidin metodoloji aspektləri” monoqrafiyasında yazır ki, Əhməd Cavad mühacirətdə olmayıb, olmadığına görə də mühacirətdə şeirlər yazmayıb. Bəs nədən onun Türkiyədə çıxan şeirləri mühacirət şeirləri kimi qəbul edilərək sovet ədəbi tənqidinin etirazına səbəb olub? Təkcə etirazına səbəb olmamış, həm də onun ədəbi həyatına və şəxsi taleyinə təsir
göstərib:“Məsələyə çağdaş ədəbiyyatşünaslıq baxımından nəzər salmaq, onu metodoloji cəhətdən araşdırmaq lazım gəlir. Vaxtilə, Ə.Cavadın, Umgülsümün və başqalarının vətəndə yazılmış, lakin mühacirət mətbuatında dərc edilmiş şeirlərini təhlil edərək belə bir qənaətə gəlmişdim: "Azərbaycanda yazılaraq məcmuədə yer alan ("İstiqlal uğrunda" kitabı nəzərdə tutulur - B.Ə.) şeirləri mühacirət ədəbiyyatı saymaq mümkündürmü? Tutaq ki, Ə.Cavadın 1918-19-cu illərdə yazdığı milli, vətənpərvərlik şeirlərini mühacirət poeziyası adlandırmaq nə dərəcədə doğrudur?!
Yaxud 1924-cü ildə yazılan və vətəndə dərc edilən "Göygöl" şeirinin kitaba daxil edilməsi onu mühacirət ədəbiyyatına daxil edirmi?!" (Əhmədli, "525-ci qəzet", 30 noyabr 2015, s. 14). Əlbəttə, biz bu şeirlərin mühacirət ədəbiyyatı kimi qələmə verilməsi iddiasından uzağıq, lakin bu şeirlərin həm mühaciət mətbuatında dərc edilməsi, həm siyasi mühacirətə yeni bir yön verməsi, həm də vətəndə onun müəllifinin məhz mühacirətdə şeirlərinin çap olunmasına görə kəskin tənqid olunması və həyatının təhlükəyə atılması, bu poetik parçaların fərqli prizmadan təhlilini şərtləndirir. Bu tendensiyadan və yanaşmadan ən çox əziyyət çəkən cümhuriyyət və istiqlal şairi Əhməd Cavad olmuşdur”. Professor qeyd edir ki, Cümhuriyyətin süqutundan sonra ədəbiyyatda, poeziyada milli ruh iki istiqamətdə təzahür etməyə başladı; birincisi, Azərbaycanda milli ruhlu şeirlər yazılırdısa, mətbuata yol tapa bilmədiyindən, bəzən poeziyada rəmzi şəkildə ifadə olunurdu. İkincisi, milli ruhlu şeirlər mühacirətə yol axtarır və tapırdı. Azərbaycan şairlərinin şeirləri mühacirətə müxtəlif yollarla gedirdi.“1920-ci ilin aprel işğalından sonra Cümhuriyyət dönəmində özünün ən yüksək zirvəsinə qalxan milli ruh geri çəkilir.
Ən azından mətbuatda bunu görmək olmur.Senzuralı və "Bütün ölkələrin proletarları, birləşin!" devizi altında çıxan mətbuat bu cür şeirləri çap etmədiyindən milli ruhlu şeirlər ya sandıq ədəbiyyatına çevrilərək itib batır, ya da gizli şəkildə mühacirətə yol tapırdı.Sovet rejiminin təqiblərindən sonra ilk milli ruhlu şeirlər mühacirətdəki mətbuatda özünə yer tapır”. B.Əhmədli Əhməd Cavadın Azərbaycandakı Osmanlı şəhidlərinə (Qafqaz-İslam Ordusu şəhidlərinə) həsr etdiyi "Qalx" şeirini və şerin ikinci dəfə "Yeni Kafkasya" dərgisinin 1-ci sayında dərc edildiyini xatırladır. Dərginin 1-ci sayında Ə.Cavadın bu şeirinin dərc edilməsinin bir neçə məqsəd daşıdığına diqüət çəkir: birincisi, mühacirlərin milli ruhunu qaldırmaq, ikincisi, dərginin nəşr edildiyi topluma müraciət etmək və üçüncüsü, siyasi təbliğatda poetik düşüncədən maksimum istifadə etmək.
B.Əhmədlinin də qeyd etdiyi kimi, Əhməd Cavadın şerləri mühacirət mətbuatında, xüsusilə “Yeni Kafkasya”, İstiqlal uğrunda” dərgiləri tərəfindən nəşr olunurdu. “Milli bayrağımıza”, “Bir gül əkdim”, “Nədən yarandın”, “Al bayrağa” şerləri mühacirətdəki Azərbaycan sevdalılarına yeni nəfəs, yeni ruh verir, istiqlal uğrunda mücadilədə güc və qüvvələrini artırırdı. Bolşevik hökumətini də narahat edən bu idi; necə olur ki, Əhməd Cavad Azərbaycanda ola-ola şerləri dünyanı dolaşır? Kommunistləri qorxudan istiqlal, azadlıq ətirli bu şerlər idi.Əhməd Cavadın şerlərinin, bəlkə həqiqətən də özündən xəbərsiz sərhədləri aşıb dildən-dilə dolaşması, sonunda onun həbsi ilə nəticələndi. Şair 1923-cü ildə həbs edilir.“Yeni Kafkasya” bundan xəbər tutanda “Əhməd Cavad məhbus!” xəbərini yayır. Dərgi nəşr etdiyi şerlərin şairin həbsinə səbəb olduğunu bildiyindən “bizim onunla heç bir əlaqəmiz yoxdur, bu şerlər sovetlərdən əvvəl yazılıb, biz onları başqa dərgilərdən götürmüşük” deyə bəyan edir, bununla şairə edilən zülmü yumşaltmağa, azadlığa çıxmasını təmin etməyə çalışırdı.
Əhməd Cavada bolşevik-kommunist hücumunun ikinci böyük dalğası 1929-cu ildə başlayır. Buna “səbəb” yenə də mühacirət ədəbiyyatı - Türkiyədə nəşr olunmuş “İstiqlal uğrunda” kitabında Əhməd Cavadın 10 şerinin nəşr edilməsiydi. Məhz bu hadisədən sonra Əhməd Cavad şəxsinə yönəlmiş hücumlara qarşılıq olaraq “Kommunist” qəzetinə etiraz məktubu göndərmişdi. Şair bu məcmuədə şerlərinin çap olunmasından xəbərsiz olduğunu, Müsavat firqəsiylə heç bir əlaqəsinin olmadığını israrla bildirsə də, yaltaq bolşevik yazarları, tənqidçiləri qarğa-quzğun kimi üzərinə hücum etməkdən vaz keçmirdilər.Məlum olur ki, Əhməd Cavadı tənqid və təhqir edənlər “marksist tənqidçi Mustafa Quliyev” və Ə.Vəliyev olub.Tənqidçilər şairi "yalançı", "ikiüzlü" adlandırır və onun "xəyanət" yolu tutduğunu iddia edirdilər.
Şairə qarşı bu hücumlar barədə Məhəmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsində yazıb: “Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir müsavatçı olduğuna görə onu həbs edirlər, mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur”. (N.Yaqublu “Cümhuriyyət qurucuları”, səh.453) Bütün bu dışlanmalar, həbslər dalğası əlbəttə bir “məqsədə” xidmət edirdi – Əhməd Cavadı susdurmağa! Lakin o, susmadı.
Onu sinəsinə vurulan bolşevik gülləsi də susdura bilmədi. Bu gün və heç şübhəsiz Azərbaycan durduqca daim dillərdə səslənəcək şerləri varsa, Əhməd Cavadın susdurulduğunu necə söyləmək olar?!.
Əhməd Cavad qeyd-şərtsiz İstiqlal şairidir.Əhməd Cavad həm də mühacir şairdir. Çünki onun şerləri Azərbaycanın müstəmləkə olduğu 70 il ərzində harada yaşamalarından asılı olmayaraq vətənpərvər insanları daim ruhlandırıb, istiqlal günəşinin bir gün mütləq doğacağına inandırıb.Bundan sonra da Azərbaycan var olduqca ruhlandıracaq, vətənsevərlərə mənəvi qida olacaq.