Firdovsiyə Əhmədova: Fətəli xan Xoyski çıxışında deyirdi ki, o cox xoşbəxt adamdır

" O, Azərbaycan dövlətçiliyi yolunda qurban getmiş Cümhuriyyət xadimlərimizdəndir"
Fətəli xan Xoyski istər hökumət başçısı, istərsə də xarici işlər, ədliyyə və digər nazirliklərdə Azərbaycanın dövlət maraqlarını üstün tutub
Prezident İlham Əliyev görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamda vurğulanıb ki, Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. O, deniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. Qeyd olunub ki, Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Həmçinin, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanıb. Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr verib.
Tarixçilər dövlət başçısının Sərəncamını yüksək qiymətləndirib və F.X.Xoyskinin Azərbaycanın dövlətçilik tarixində çox mühüm rol oynamış önəmli şəxsiyyətlərdən olduğunu deyiblər. 
Tarixçi-alim Firdovsiyyə Əhmədova Sherg.az-a bildirib ki, Fətəli Xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, var olmasında, milli dövlət quruculuğunda özəl yeri var. Alim vurğulayıb ki, F.Xoyski Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdan öncə xalqımızın maarifçilik və xeyriyyəçilik hərəkatında, ictimai həyatında önəmli rol oynamış şəxsiyyət olub: 
"F.Xoyski Rusiya Dövlət Dumasında Cənubi Qafqazdan seçilən deputat kimi Azərbaycan xalqının, müsəlmanların hüquqları ilə bağlı məsələləri yüksək tribunalardan səsləndirib. Çar Rusiyasının müsəlmanlara münasibətdə qeyri-bərabər siyasətinə etirazını bildirib. Onun Dövlət Dumasında təmsilçiliyi, sonradan hüquqşünas kimi müxtəlif məhkəmə orqanlarında fəaliyyəti hüquqi baxımdan dövlət idarəçiliyində təcrübə toplamasına səbəb olub və gələcəkdə milli dövlət quruculuğunda istifadəsinə zəmin yaradıb. F.Xoyski Bakıda qısa müddət ərzində fəaliyyət göstərsə də, onu seçki yolu ilə Bakı Şəhər Dumasının sədri seçmişdilər. Bakı Şəhər Duması Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinə tam əks mövqedə dayanırdı. Azərbaycanın milli maraqlarını, mənafeyini başlıca rəhbər tutan qurum kimi fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, onun ləğvi ilə bağlı qərar da çıxarılmışdı".
Tarixçi bəyan edib ki, F.Xoyski Bakının ictimai-siyasi həyatında kifayət qədər mühüm rol oynayıb: 
"Zaqafqaziya Seymində və Azərbaycan Milli Şurasında ona göstərilən etimad təsadüfi deyildi. F.Xoyski bir əməl adamı kimi, öz hüquqi savadı və təcrübəsi ilə dövlət quruculuğunda faydalı şəxs sayılıb və mühüm vəzifələrdə təmsil olunub. Azərbaycan hökumətlərinin 1-ci, 2-ci və 3-cü kabinələrində hökumət başçısı, sonuncu kabinədə xarici işlər naziri kimi fəaliyyət göstərib. Hətta hökumət başçısı olduğu dövrlərdə 3 kabinədə paralel olaraq digər nazir postlarını da tutub. O zaman elə bir dönəm idi ki, Azərbaycan dövlətçiliyi sınaq qarşısında idi. Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan olunanda hökumətin o zaman ordusu, maliyyəsi yox idi, yad ərazidə elan olunmuşdu. Üstəlik, Azərbaycan ərazisinin xeyli hissəsi işğal altında idi. O cümlədən Bakı quberniyası və İrəvan quberniyasında qırğınlar başlamışdı. Belə şəraitdə qarşıda duran ən önəmli vəzifə Bakının işğaldan azad olunması idi. F.Xoyskinin rəhbərlik etdiyi hökumətə həm qanunverici və həm də icraedici səlahiyyətlər verilmişdi. Bakı uğrunda mübarizə aparılarkən paralel olaraq dövlət quruculuğunun bütün sahələri üzrə təməl addımlar atılırdı. Dahi Üzeyir bəy Hacıbəyli Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökumətin bədii təsvirini vermişdi ki, "Xoyski ayrı-ayrı parçalardan düzəldilmiş gəmini böyük məharətlə idarə edərək, qayalara çırpılmadan onu nicat sahilinə çıxara bilmişdi". 
F.Əhmədova qeyd edib ki, ingilislər Bakıya daxil olduqdan sonra Azərbaycan hakimiyyətini tanımaq istəmirdilər: 
"F.Xoyskinin xüsusi məharətlə, çevik, ayıq siyasətlə general Tomsonla apardığı danışıqlar nəticəsində Azərbaycan hökumətinin legitimliyinin qəbul edilməsinə nail olundu. Eyni zamanda Azərbaycan Parlamentinin açılması mümkün oldu. General Tomson 1918-ci ilin dekabrında xüsusi bəyanatla çıxış edərək, F.Xoyskinin başçılıq etdiyi hökuməti yeganə yerli qanuni hakimiyyət kimi tanımışdı. Bu, Azərbaycan hökumətinin Paris Sülh Konfransında tanınmasına böyük dəstək idi. Yəni Fətəli xan Xoyski istər hökumət başçısı, istərsə də xarici işlər, ədliyyə və digər nazirliklərdə Azərbaycanın dövlət maraqlarını üstün tutub. Bu, onun üçün prioritet istiqamət olub. İstiqlal, hürriyət F.Xoyskinin fəaliyyətinin başlıca prinsipləri idi. 5-ci kabinədə onun Rusiyanın xarici işlər komissarı Çiçerinin hədələyici, amiranə notalarına Azərbaycanın milli maraqlarını üstün tutmaqla verdiyi notaların şahidi olmuşuq. F.Xoyski 1920-ci ildə qətlə yetirildi. O, Azərbaycan dövlətçiliyi yolunda qurban getmiş Cümhuriyyət xadimlərimizdəndir. Ancaq özü çıxışında qeyd etmişdi ki, çox xoşbəxt bir adamdır. Çünki istər Azərbaycan Cümhuriyyətinin elan olunması, Bakının azadlığı, parlamentin açılması, nəhayət, Azərbaycanın beynəlxalq səviyyədə de-fakto tanınmasını yaşamaq xoxbəxtliyinin ona nəsib olduğunu xüsusi vurğulamışdı. F.Xoyskinin şəxsiyyəti və fəaliyyətinin öyrənilməsi ilə bağlı yeni tədqiqat işlərinə, tədbirlərə ehtiyac var. Bu cür şəxslərin xalqımız, ələlxüsus gənclər arasında tanıdılması, təbliği çox önəmlidir. O baxımdan dövlət başçısının Sərəncamı Fətəli xan Xoyskinin irsinin tədqiqatının genişləndirilməsi, şəxsiyyətinin təbliğ olunması, gənclər arasında tanıdılması üçün müstəsna əhəmiyyət kəsb edir".