İndiki dövrdə bu yöndə nələrsə var. Bizim deyəcəyimizsə bir qədər başqa nəsnədir. Texnologiyaların yüksəlişi analitik düşüncəyə təkan verir və əksinə. Dil və onun köməyilə düşüncənin ortalığa qoyulması, dillə hər tür yaratma yeni tip proqramlar və texnologiyarın yaranmasına aparır. Söhbətə humanitarların dəqiq biliklərə doğru yürüşünü vurğulamaqla başlamaq yaxşı olmazmı?! İndi dahi adlandırdıqlarmızın hansı biri göyü yerə endirməyə və əksinə, göyə ucalmağa can atmayıbki?! Və bu iş heç də həmişə gözəl bədii görüntü, olayı ədəbi yaraşıqlı cızma istəyilə edilməyib. Dövr olub ki, olayları, fəlsəfi düşüncəni şerlə çatdırmaq dəbdə olub. Dəqiq biliklər də, öncə fəlsəfə kimi doğulub. Və bu işdə göylərsiz ötüşmək çətin ki baş verə bilərdi. Populyar olmaması nədənindən humanitarların oxumadığı dəqiq biliklərə aid kitablarda ünlü yazıçı və şairlərin sözlərinin başlıq altında seçilməsi adi haldır.
Belə seçımdə hamının görmədiyi, heç kimin düşünmədiyi bir nəsnənin qabardılması oxucunun baxışını onun indiyə kimi göz qoymadığı bir nəsnəyə yönəldir, yazıçının sadə sözündə nə qədər dərin fikrin gizləndiyini göstərir. Bir yazıda biz başlıq altı kimi Hötenin sözlərini seçmişdik: “Yanlışı görmək doğrunu tapmaqdan çox asandır; yanlış üzdə olur və ondan yana o çox asanlıqla aşkar edilə bilər; doğru isə çox dərində gizlənir ki, onun tapılması dünyada hər kəsin bəxtinə düşən bir nəsnə deyil.” Hötenin bu sözləri biliyin, bütövlükdə həyatın hansı sahəsini qucmurki?! Bir sözlə, biz, humanitarların dəqiq biliklərə yürüşünü alqışlayırıq. Harmonik düşüncə varsa, o, özünü hər sahədə göstərəcək. Bir dəfə bizə Ayın yalnız bir üzünü görməyimizin niyəsini bir riyaziyyatçıya anlatmaq çox çətin başa gəldi, söhbətdə iştirak edən filoloqsa fikri göydə tutdu. Bir keçmişi öyrənən (Universitetdə oxuyarkən eyni dövrü bölüşmüşük), bir söhbətdə dedi ki, keçmişi yeni öyrənməyə başlayandan birinci soruşduğum o olur ki, o, riyaziyyatı necə bilir. Axı riyaziyyat harmonik düşüncə aşılayır. O ki qaldı yuxarıdakı riyaziyyatçı misalına, Qabilin sözünü yada salmaq yaxşı olar: “Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz.”
Son vaxtlar kompüter və robotların öz-özünü yönəltmə (idarəetmə) ilə nələr qurub-yarada biləcəkləri, proqramlar və onların köməyilə daha nələr edilə biləcəyi informasiya vasitələrində dartışdırılır. Bu bitməz söz-söhbətlərdən biri də proqramların köməyilə şer yazılmasıdır. Bununçün öncə şerin nəməniliyini anlamaq gərəkdi. Desək ki şer yalnız səs-söz harmoniyasıdır, onda çox gərəkli olan informasiyanı itirmış olarıq və istəyə çata bilmərik. Şerdə söz yiyəsinin spesifik düşüncə tərzi və məntiqi oturub və bunlarla birgə səs-söz harmoniyası yarandıqda deyirik ki, bəs bu, o şairin şeridir. Əgər harmoniya varsa, onda simmetriya var. Simmetriya varsa onun arxasında duran (riyazi) qruplar və onların doğurucuları (generatorları, elmi termindir) var. Deməli şer – spesifik düşüncə, məntiq, səs, söz harmoniyasıdır ki, riyazi cızılması üçün yaratdığı simmetriyanın arxasında duran qrupları tapmaq gərəkdir. (Gözəllik də, simmetriklikdir. Nə qədər gözəl olma, nə qədər simmetrik olma deməkdir. İç – mənəvi və düşüncə gözəlliyi həmişə dış – anatomik gözəllikdən üstün tutulub. Niyə? Ondan yana ki, ən ali simmetriyası olan düşüncədir və bu nədəndən o, hər bir gözəllikdən üstün tutulur.)
Deyilənlərin yaxşı aydınlaşdırılması üçün Sabirdən misal çəkməklə yolumuza yön verək:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Bax bu iki sətir göstərir ki, yaranış haqqında Sabirdə harmonik düşüncə formalaşıb. O, bulanmışı çalxaladıqda durulmanın, strukturlaşmanın baş verəcəyini görür. Dəqiq biliklərdə bəzi parametrlərin kritik qiymətlərində xaosdan düzlənmənin, yeni strukturun doğulması və əksinə, düzülmüşün qarmaqarışıqlığa çevrilməsi, strukturlunun uçulub dağılması bəllidir. Əgər Sabir qrupları və doğuranları tapılarsa, onda onların köməyi ilə Sabir düşüncə, məntiq, söz, səs harmoniyasına uyğun söz simmetriyası – şer generasiya edilə bilər. Bizcə burada ən çətini spesifik düşüncə tərzi və məntiq qruplarının yaradılıması olacaq. Əgər bu baş verərsə, onda yaşadığı dövrdə çatdırmayan Sabirin daha nələr yaza biləcəyi intuitiv-virtual qurula bilər. Məsələn, Sabir öz görümü ilə Günəş sisteminin yaranmasını necə cızardı? Bizcə o, yuxarıdakı sətirlərdəki üslub saxlanmaqla belə deyərdi (çalışdıq ki, düşüncə tərzi, məntiq və yuxarıdakı şerdəki onbeşlik saxlanılsın):
Oluşarsa bu aləm tam bulanıq bir su kimi,
Titrədikcə Gün doğar, Yer yaranar, Ay görünər.
Nizami, Füzuli, Nəsimi qrupları, hər biri də orjinal. Şairlərin öz iç dünyasının görümü ilə qurduğu söz harmoniyasını, dəqiq biliklər yüzilliklər sonra cıza biləcək. İnsanda, bir biosistem kimi yaranışında simmetriya oturub. Düşüncə səviyyəsi hələ bəs etmir ki, bu simmetriya qanunlarını tam açıb oxuyaq. İnsan onların bir çoxunu ya intuitiv duyur, ya da şüuraltının diqtəsinə uyğun yerinə yetirir. Şairlər də o kəslərdəndirlər ki, harmoniyanı intuitiv duyaraq sözlə çatdırırlar. Onların bilikləri intuitiv ortalığa çıxarmasının açması isə hələ öndədir. Deyilənlər musiqi və başqa sahələrə də aiddir. Nəinki hər şairin, yazıçının, bəstəçinin, həm də başqa sahələrdə düşüncə yiyələrinin yaratdıqları qruplar tapılacaq. Yeniləri yaradılacaq ki, bu da yeni tip problemlər ortalığa çıxaracaq. Məsələn, filankəsin yeni kimi qələmə verdiyi riyazi qrup demə Nəsimi qrupu imiş (yeni tip plagiat, burada araşdırmaçı yalnız Nəsimi qrupunun riyazi tapılmasına yiyə dura bilər). Düşüncə-söz yaratmanın proqramların köməyilə baş verəcəyi qoy heç kimi şaşırtmasın. Bu yöndə kompüterlərin sözlə işləməsi ideyasını ortalığa atanlardan biri də Lütfi Zadə idi. Vaxtilə kompüterlərdə analitik hesablamaların aparıla bilməsi perspektivi də bir çoxlarının fantaziyasından kənarda idi. Simvollar cəbrinin tapılması və uyğun proqramların yaradılması belə düşünməyə son qoydu (məsələn, bu il birinci kurs magistrlərin imtahan biletlərinə “Eynşteyn tənliyinin analitik həlləri” sorğu kimi salınmışdı. Onlar riyazi proqramin köməyi ilə aldıqları analitik həlləri sorğuya cavab kimi yazdılar, hansı ki, belə nəsnələrdən söhbət düşəndə işbilənlərin tükləri biz-biz durur. Elə buradaca deyək ki, DİM-in imtahanlarda hündürlüyü qaldırmasını alqışlayırıq. Sualların da sayını azaltmaq və imtahanın istəyinin dərin analitik düşünmənin, yerinə yetirmə metodlarının mənimsənilməsinin aşkarlanması olduğunu göstərmək yaxşı olardı. Həm də unutmayaq ki, öyüd, bilik orta və ali öyrətmə yuvalarında verilir, DİM-də yox. Bəs imtahan formatilə bağlı heç bir problem yoxdur? Var və bu daha çox öyrənmənin fərqli fəlsəfi yönü və bunula bağlı psixoloji-düşüncə sürüşməsi problemidir ki, bu da öyrənənlərin öz imkanlarını başqa yola yönəltməsinə gətirir. Bir misal çəkim. İnstitutda keçirilən seminarlarda ortaya çıxan yanlış baxışları öyrənənlərlə birgə araşdırırdıq ki, onlar bu yanlışlıqları gələcəkdə təkrarlamasınlar. Bir dəfə də, bir seminarda Günəşin kəsilməz spektrində Balmer sıçrayışından danışıldı (əlbəttə yanlış idi, nəmənəliyi bir qədər sonra aydın olacaq). İkinci semester gedirdi. Öyrənənlər spektral xətdə köçürməni öyrənirdilər. Birinci semestrdə isə kəsilməz spektrdə köçürmənin əsaslarını öyrənmişdilər. Dərs başlar-başlamaz soruşdum, kim deyər, Günəş və Günəş tipli ulduzların kəsilməz spektrində Balmer sıçrayışı ola bilərmi? Düzü, sual ritorik idi, özümüz cavab vermək istəyirdik. Bu vaxt bir əl qalxdı. Nə deyəcəyini bilmək yaxşı olar deyib, buyur dedik: Yox, ola bilməz, dedi. Cavab doğru idi və açığı bizi şaşırdı. Niyəsini soruşduq: Ona görə ki, Günəş və Günəş tipli ulduzların kəsilməz spektri hidrogen atomları ilə deyil, mənfi hidrogen ionlarının köməyi ilə yaranır, bu nədəndən Balmer sıçrayışı baş verə bilməz, dedi. Tamam şaşırdıq. Biz onlara bunu öyrətməmişdik, yalnız kəsilməz spektrin yaranmasının əsasında duran bilikləri vermişdik. Bir də, analitik düşünməni aşılamışdıq ki, bu da çoxlu tapşırıq yerinə yetirməklə əldə olunur. Analitik düşüncə ilə baza biliklərinin yönləndirilməsi öyrənənə imkan verdi ki, o, problemi düzgün yerinə yetirsin. Bütün ömrünü elmi institutda keçirənin yanlış bildiyini, öyrənən cəmi qırx-qırxbeş akademik saatda biliyə yiyələnməklə düzgün yerinə yetirdi. Hə, budur analitik düşüncənin gücü. Bunlar haqda ayrıca “Öyrətmə nə?” yazısında. Öncəki borclarımızı da unutmamışıq). Çağdaş dövrdə sözün fiziki-riyazi öyrənilməsi, dil analızı günü-gündən artır. Olsun ki, yuxarıda söylənilən simmetriya qruplarının tapılması çox da uzaqda deyil. Bəlkə də bu, mikro və makroaləmə qayıdıb öyrənilənlərin yenidən analizinə gətirəcək, söz qazının məntiqlə yönləndirilməsindəki metodlar dərindən öyrənilmiş sahə nəzəriyyəsində də işləməyə başlayacaq. Biliyin ön cəbhəsi - nəzəri araşdırmalar elmdə bölmə tanımır, bəs bu fizika, o astrofizika və ya dildir. Nəzəri fizikada belə dünyagörüşü daha çox oturuşub. Kimsə deməz ki, bəs bu fizik, o isə riyaziyyatçıdır. Bilik sahəsinin predmetinin duyulması, problemin düzgün qoyulması və metodların işə salınması əksər hallarda uğura aparır. Elə bu yaxınlarda, bir seminarda, makroaləmin oyrənilməsində işlətdiyimiz metodlarla kvant mexanikasında (mikroaləmdə, kvant sahə nəzəriyyəsində) açıq qalmış bir problemin həllini verdik. Baş verənlər gənclərə o qədər yer etdiki anındaca yeni riyazi metodları öyrənmək istədiklərini bildirdilər.
Gənclərə ağır problemlərin aşılan olmasını konkret işlə göstərmək, onlarda biliyə inam yaratmaqla yanaşı, həm də onların bilik yürüşünə qoşulmasına gətirə bilər. Belə yürüşün baş verməsi uyğun bilik və öyüd strukturlarında oturub biliyə də, öyüdə də badalaq gələn kresloqucaqlamışların insafından da asılıdır. İşə bax a.
Cəsarət Əliyev
Kompüter proqramlarıyla şer yazmaq? - Ola bilənmi?
13:18 02.07.2019
Təhsil
874
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda tikilinin damında kişi meyiti tapıldı
17:08 26.12.2024
Hadisə
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
16:47 26.12.2024
Siyasət
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
16:31 26.12.2024
Gündəm
Meyxanaçı Balaəli məhkəməyə VERİLDİ
16:13 26.12.2024
Şou
Qurban Yetirmişli: Baş verən təkanların sayı 13 də keçib
15:52 26.12.2024
Hadisə
Milli birliyin və bərabərliyin simvolu
15:51 26.12.2024
Siyasət
BƏƏ rəhbərliyi Azərbaycan liderinə başsağlığı məktubu ünvanlayıb
15:30 26.12.2024
Siyasət
TDT Baş katibi Prezidentə başsağlığı məktubu ünvanlayıb
15:20 26.12.2024
Siyasət
Tiktoker Vaqa həbs edildi
15:17 26.12.2024
Cəmiyyət
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
15:01 26.12.2024
Siyasət