Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.
Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək.
Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.