Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov parlamentin iclasında deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin adı dəyişilməlidir:
“Dünyanın bir çox ölkələrindən bu söz “diaspora” kimi işlədilir. İngilis, rus dilində də bu söz belə işlənir. “Diaspor” sözü hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır. Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq “diaspor” deyil, “diaspora” yazılmalıdır”.
Professor Qulu Məhərrəmli düşünür ki, istənilən halda mövcud qaydalara əməl etmək lazımdır.
O, Sherg.az-a deyib ki, dildə baş verən “sərbəst gəzişmələr” bəzi hallarda ciddi çaşqınlıqlara səbəb olur:
“Metafora”, “antena” kimi sözlər də bu qəbildəndir. Bu sözlər əvvəllər lüğətdə səkkiz hərflə yazılırdı. Sonradan “metafor”, “anten” kimi yazıldı. Dəyişiklik digər sözlərə, o cümlədən “diaspora” sözünə də şamil edildi. Düşünürəm ki, mahiyyət etibarı ilə Rafael Hüseynovun fikrində həqiqət var. Reallıq ondan ibarətdir ki, mövcud qaydalara əməl etmək lazımdır. Necə işıqforu "qırmızı"da keçəndə xaos yarana bilərsə, dildəki qaydaları pozmaq da çaşqınlığa səbəb ola bilər".
Kənan Novruzov