Ev tapşırıqlarını ləğv etmək yox, şagirdləri tapşırıqlarla yükləmək lazımdır

Millət vəkili Elmira Axundova 1-ci və 2-ci siniflər üçün ev tapşırılqarının ləğvini təklif edib. Deputat bu barədə parlamentin bugünkü iclası zamanı bildirib. “I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Onlar bu qədər oturaq həyat tərzi keçirməklə səhhətlərində ciddi problemlər yarana bilər”. 

Xanım parlamentarinin təklifini “Şərq”ə dəyərləndirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu ev tapşırıqlarının ləğv edilməsinin düzgün olmadığını deyib. 


Ekspert: "Amma onun zehni yükünün səviyyəsi yaş, bilik və psixoloji vəziyyətə uyğun olmalıdır"


Ekspert qeyd edib ki, birdən-birə ev tapşırıqlarının ləğvi yaxşı nəticə verməyə bilər:

“Dünya təcrübəsində ev tapşırıqlarının verilməməsi var. Məsələn, Finlandiya bu cəhətdən qabaqcıl ölkələrdən biridir və təhsil üzrə siyahıda yüksək yer tutur. Amma məsələ ondadır ki, Finlandiyada valideyn nəzarəti güclüdür. Azərbaycan isə belə deyil. Ölkəmizdə vətəndaş cəmiyyəti ümumiyyətlə mövcud deyil. Əgər Finlandiyanın təhsil sistemindəki qaydaları Azərbaycanda tətbiq etmək istəyirlərsə, Finlandiyanın ictimai sistemini də bərpa etsinlər. Bu isə alınan deyil. Hesab edirəm ki, şagird ev tapşırığı ilə yüklənməlidir, amma onun zehni yükünün səviyyəsi yaş və bilik səviyyəsinə, psixoloji keyfiyyətlərinə uyğun olmalıdır. Təəssüf ki, məktəblərimizdə bunlar nəzərə alınmır. Xarici ölkələrdə məktəblər qruplara bölünür. Məsələn, ən zəif şagirdlər üçün ayrıca, orta və yaxşı çalışan şagirdlər üçün də başqa məktəblər var. Bu məktəblər şagirdlərin fərdi-psixoloji keyfiyyətlərini nəzərə alır. Bizdə isə ev tapşırıqlarını 2 alan şagirdlə yaxşı oxuyana eyni səviyyədə verirlər. Bəla buradadır. Düşünürəm ki, ev tapşırıqlarının ləğv edilməsi Azərbaycan təhsilində heç də gözlənilən nəticələri verməyəcək”.

Ekspertin sözlərinə görə, şagird ev tapşırığını yerinə yetirməklə robot kimi yetişdirilmir: 

“Hesab edirəm ki, kurrikulum təhsil sisteminin normal tətbiqi genişləndirilsə, müəllimlərin yaradıcılıq qabiliyyətindən daha geniş istifadə olunsa, müsbət nəticələr əldə oluna bilər. Yoxsa birdəfəlik ev tapşırıqlarını ləğv etsələr, uşaq nə ilə məşğul olsun, gedib küçədə söyüş söysün? Ona görə də ev tapşırıqlarının ləğvinin qəti şəkildə əleyhinəyəm”.